RU

KİV: İran ətrafında gərginliyin yenidən artmasından Rusiya qazanacaq, Çin itirəcək

BAKI, 25 iyun. TELEQRAF

Yaxın Şərqdə gərginliyin artması Rusiyanın maraqlarına uyğun ola bilər, lakin atəşkəsin pozulacağı təqdirdə, Çin və Avropa iqtisadiyyatları zərər görəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Məlumata görə, ABŞ-nin ötən gün elan etdiyi atəşkəsdən sonra İran və İsrail arasında münaqişənin həqiqətən bitib-bitmədiyi hələ aydın deyil. Bu gün atəşkəsə əməl olunduğu görünsə də, investorlar bölgəni izləməyə davam edir, neftin qiyməti yüksək səviyyədə qalır.

Regionda gərginliyin yenidən alovlanması qiymətləri daha da yüksəldə bilər ki, bu da enerji təchizatında fasilələrə həssas olan Çin və Avropa üçün ciddi riskdir. Lakin belə bir hal Rusiyaya iqtisadi fayda verə bilər.

Makroiqtisadçı Professor Quido Kozzinin sözlərinə görə, əsas itirənlər enerji idxalından asılı olan və daxili ehtiyatları zəif olan Çin və Avropa olacaq. Bu regionlarda artan xərclər, zəifləyən iqtisadi artım fonunda inflyasiya gözlənilir.

Bununla belə, İran və Fars körfəzi ölkələrində sabitlik qlobal iqtisadiyyat üçün həlledici sayılır. Çünki region dünya neftinin üçdə birini istehsal edir. İran isə Çinin neft idxalının 10%-ni təmin edir və dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazına nəzarət edir.

İranın iqtisadiyyatı və əsas ticarət tərəfdaşları

Dünya Bankının məlumatına görə, 2023-cü ildə İranın ÜDM-i 400 milyard dollardan bir qədər çox olub. Bu da qlobal ÜDM-in 0,38%-nə bərabərdir. Rəqəmlər kiçik görünsə də, ölkə enerji təchizatında mühüm rola malikdir.

ABŞ-nin Energetika İnformasiyası Administrasiyasının məlumatına görə, İran gəlirlərinin əsas hissəsini neftdən əldə edir. 2023-cü ildə OPEC üzrə dördüncü ən böyük xam neft istehsalçısı, 2022-ci ildə isə dünyada üçüncü ən böyük təbii qaz istehsalçısı olub.

Qərbin sanksiyalarına baxmayaraq, İran beynəlxalq ticarətdə mövqeyini qorumağa çalışır. Başlıca ticarət tərəfdaşları Çin, Rusiya, Türkiyə, Hindistan, Pakistan, eləcə də qonşuları İraq və BƏƏ-dir.

"Macro-Advisory" konsaltinq şirkətinin rəhbəri Kris Viferin sözlərinə görə, ölənin ixracının 60%-i neft, 12%-i kimyəvi maddələr və plastiklər, 8%-i dəmir və filizlər, 5%-i isə gübrələrdir:

"İranın neft ixracı əsasən Çinə yönəlib – gündəlik təqribən 1,7 milyon barel. Çin isə gündəlik 11 milyon bareldən çox xam neft idxal edir. EIA-in məlumatına əsasən, Qərb sanksiyaları Çinin İran neftini idxal etməsini qadağan edir, lakin bu neft çox vaxt Malayziya mənşəli kimi sənədləşdirilərək ixrac olunur.

İranın Avrasiya ölkələri ilə ticarəti artır

Kris Vifer bildirib ki, bu ilin əvvəlində İran Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb. Belarus, Rusiya, Ermənistan, Qazaxıstan və Qırğızıstanla ticarət illərdir artmaqdadır. O qeyd edib ki, meyvə, toxum, tərəvəz və bəzi sənaye malları üzrə ticarətin genişləndirilməsi planlaşdırılır:

"Mərkəzi Asiya və Rusiya ilə ticarətin artması regionda dəmir yolu şəbəkələrinin genişlənməsi ilə bağlıdır. Bu da İrana neft və qaz asılılığından çıxaraq ticarət portfelini şaxələndirməyə imkan verir.

Bu proses liman və dəmir yolu infrastrukturuna zərər vurulmadığı təqdirdə davam edəcək".

Ekspertin fikrincə, qlobal neft axınında pozuntu yaranacağı təqdirdə Rusiya əlverişli vəziyyətə düşə bilər:

“Dünya bazarı Rusiyanın hər bir barel neftinə və hər ton LNG-sinə ehtiyac duyacaq”.

İran neftinin tədarükündə ciddi pozuntu Çini çətin vəziyyətdə qoya bilər

“BCA Research”in baş strateqi Met Gertken bildirib ki, Çin Yaxın Şərqdəki qeyri-sabitlik və ABŞ müdaxiləsi səbəbindən Rusiyadan və Mərkəzi Asiyadan enerji asılılığını artıracaq.

Onun sözlərinə görə, Hindistan da Rusiyaya və Qərb ölkələrinə yönələcək, gələcəkdə isə Yaxın Şərqdən, o cümlədən İrandan neft idxalını bərpa edəcək.

“Moody’s Analytics”in Avropa üzrə baş iqtisadçısı Qaurav Qanquli bildirib ki, İran neftinin tədarükündə istənilən ciddi pozuntu Çin üçün alternativ mənbələrin axtarışı ilə nəticələnəcək. Onun sözlərinə görə, İran həm də Çinin plastik sənayesi üçün vacib olan maye neft qazının (LPG) əsas təchizatçılarındandır.

“Bu isə Çini bir neçə istiqamətdə həssas vəziyyətə salır. Çin iqtisadiyyatındakı yavaşlama bütün dünyaya təsir edə bilər. Ölkənin daxili istehlak bazarı Qərb şirkətləri üçün əsas bazalardan biridir, həmçinin Çinin istehsal sektoru qlobal iqtisadiyyat üçün əvəzsizdir. Digər tərəfdən, İranın əsas ticarət tərəfdaşları enerji mənbələrini diversifikasiya etməyə çalışırlar ki, Yaxın Şərqdəki böhranlar zamanı daha az asılı vəziyyətdə qalsınlar”, – deyə o vurğulayıb.

Avropa üçün mümkün nəticələr

Ekspertlər həmçinin ehtimal edir ki, Avropa İttifaqı Rusiyadan qaz idxalını əvvəlki səviyyəyə çatdırmasa da, sanksiyaların tətbiqində müəyyən yumşalmaya gedə bilərlər.

İranda böhran yenidən alovlansa və neft-qaz qiymətləri yüksəlməyə başlasa, Avropa daha az siyasi risk daşıyan alternativ olaraq Amerika qitəsindən enerji idxalını daha da artıra bilər.

Qaurav Qanqulinin sözlərinə görə, Avropada bu prosesin ən sürətli təsiri inflyasiyanın artması olacaq:

“Enerji qiymətlərində davamlı artım onsuz da zəifləmiş iqtisadi inamı sarsıda bilər və mərkəzi banklar faiz dərəcələrini yüksəltməyə məcbur qala bilərlər.”

Qlobal və regional iqtisadi təsirlər

Qlobal enerji qiymətlərinin artması ilk növbədə logistika və nəqliyyat sektoruna təsir edəcək. Bu isə digər sahələrdə də xərcləri artıraraq istehlakçılara daha baha enerji və məhsul qiymətləri şəklində geri qayıdacaq. Xərclərin artması işə qəbulun azalmasına və işsizliyin artmasına da səbəb ola bilər.

Təzyiq yalnız neft-qaz bazarları ilə məhdudlaşmır. Dünyanın ən işlək limanlarından olan, Asiya, Avropa və Afrikanı birləşdirən BƏƏ-dəki Cəbəl Əli limanı da proseslərdən təsirlənə bilər.

Qanquli qeyd edib ki, gəmiçilik marşrutları dəyişməyə məcbur olarsa, təchizat zəncirləri pozula, daşınma xərcləri arta bilər:

“Bölgədə aviasiya sektoru da gediş-gəlişin azalması, uçuş marşrutlarının uzanması, sərnişin axınının məhdudlaşması ilə üzləşə bilər. Körfəz ölkələri üçün turizm ÜDM-in 11%-dən çoxunu təşkil edir və bu sektor da təsir altında qala bilər.

Əgər Körfəz bölgəsində böhran uzanarsa, bu, daşınmaz əmlak sektorunu da sarsıda bilər. Xarici investisiyaların azalması bölgə iqtisadiyyatını valyuta axınlarından məhrum edəcək.. Qısası, itiriləcək çox şey var,” – deyə ekspert xəbərdarlıq edib.

Избранный
18
teleqraf.com

1Источники