RU

“Baku Piano Festival 2025” çərçivəsində istedadlı uşaqların iştirakı ilə konsert keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 iyun, Anara Axundova, AZƏRTAC

“IV Baku Piano Festival”ı çərçivəsində “Rotunda” konsert zalında gənc musiqiçilərin və dirijor Valid Ağayevin rəhbərliyi ilə Bakı Kamera Orkestrinin iştirakı ilə “We are the Future” musiqili axşam keçirilib. Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə gənc rəssamların sərgisi də olub.

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova AZƏRTAC-ın müxbirinə müsahibəsində istedadlı gənc rəssamların festivalda iştirakından bəhs edib.

“Bildiyiniz kimi, iyunun 14-də Bakıda “IV Baku Piano Festival”ı başlayıb. Çox maraqlı proqramlar təqdim olunub. Bu layihə çərçivəsində caz musiqisinə həsr olunmuş sərgi keçirilir və bu sərgidə İncəsənət Gimnaziyasının şagirdlərinin işləri nümayiş olunur. Sərgiyə nəzər saldıqda, burada 6-17 yaş kateqoriyalarında olan tələbələrin rəsmlərinin nümayiş etdirildiyini görəcəksiniz. Bütövlükdə, bu festival çərçivəsində belə sərginin keçirilməsi çox təqdirəlayiqdir. Çünki caz musiqisinin təbliği Bakı üçün çox önəmlidir və sərgiyə baxanda görürük ki, şagirdlər rəngləri çox gözəl çalarlarda verirlər. Mən “IV Baku Piano Festival”ının təşkilatçılarını belə bir hadisə münasibətilə təbrik edirəm və bu festivalın uzunömürlü olmasını diləyirəm!”, - deyə A.Əhmədova əlavə edib.

“We are the Future” adlı konsertlər “Baku Piano Festival”ının ənənəvi tərkib hissəsidir. Bu musiqi layihəsi gənc istedadları dəstəkləmək və səhnəyə çıxarmaq, onlara peşəkar klassik və caz musiqiçiləri ilə birlikdə çıxış etmək imkanı vermək məqsədilə yaradılıb. Festival çərçivəsində istedadlı uşaqların iştirakı ilə iki konsert keçirilir: klassik və caz.

“Baku Piano Festival”ının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Natəvan Növrəsli AZƏRTAC-ın müxbirinə bu layihənin festival üçün əhəmiyyətindən bəhs edib.

“We are the Future” layihəsi bütün istedadlı uşaqlar üçün stimullaşdırıcı və ruhlandırıcı tədbir kimi düşünülmüşdür. Bu, konsert və sərgidir. İlkin olaraq o, bir gün keçirilirdi və orada həm klassik, həm də caz ifa edən uşaqlar iştirak edirdilər. Lakin layihə genişləndi: klassik və caz ifa edən istedadlı uşaqların sayı çox olduğuna görə, keçən ildən bu layihə iki gün davam etdi: ilk gün – klassik musiqi, ikinci gün – caz musiqi. Bu, “Baku Piano Festival”ının işıq, səmimiyyət və gələcəyə sonsuz inamla dolu əsl incisidir.

Səhnəyə gənc musiqiçilər çıxanda zal xüsusi ab-hava ilə - möcüzənin gözləntisi ilə dolur. Bu, sadəcə konsert deyil, xəyalların yarandığı, ilk addımların uzun bir yola çevrildiyi andır. Klassik konsert həmişə orkestrin müşayiəti ilə keçir, bu, unudulmaz təəssüratdır və uşaqların yüksək peşəkar klassik sənət ustadları ilə eyni səhnədə özlərini sınamaq, dirijorla işləmək imkanı - balaca iştirakçılar üçün unudulmaz təcrübə, tamaşaçılar üçün - sevinc və qürur mənbəyi, peşəkar musiqiçilər üçün isə onların yolunun haradan başladığı barədə xatırlatmadır.

Festival sadəcə olaraq gənc istedadların üzünə səhnəni açmır - məqsəd onlara sevgi, diqqət və inam ötürməkdir. Bununla da, həm ustalıq, həm istilik, həm də dərin insani mənanın yer aldığı gələcək musiqi ənənəsinin əsası qoyulur.

Uşaq konsertinə hazırlıq böyük və ruhlandırıcı prosesdir və o, festivalın özündən xeyli əvvəl - artıq fevral ayında başlayır. Biz göndərilən yazıları diqqətlə dinləyir, gənc musiqiçilərlə tanış olur, onların potensialını ən yaxşı şəkildə ortaya qoyacaq əsərləri seçirik. Heç bir məhdudiyyət yoxdur: bizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və aztəminatlı ailələrdən olan uşaqlar çıxış edirlər - ən vacib seçim meyarları istedad və ifadır.

Sonra çox zəhmət tələb edən, seçilmiş kompozisiyaların orkestrlə ifa üçün uyğunlaşdırılması işi başlayır.

Eyni zamanda, proqramın ümumi konsepsiyası yaranır: biz repertuar seçirik, səhnə qaydasını formalaşdırırıq, gənc rəssamları dəvət edirik və onlara musiqi ilə bağlı sərgi üçün mövzu təklif edirik, hədiyyələr hazırlayırıq. Ötən ildən bu layihə beynəlxalq miqyas alıb – bizə müxtəlif ölkələrdən uşaqlar gəlirlər. Bu, tədbirə daha böyük dərinlik verir: onlar təcrübə mübadiləsi aparır, yeni musiqi ənənələrini öyrənirlər, digər ifaçılıq məktəbləri ilə tanış olurlar və ən qiymətlisi dostlar tapırlar. Müxtəlif dil və mədəniyyətlərə baxmayaraq, uşaqlar dərhal ortaq bir dil tapırlar. Bu, festivalın əsl sehridir.

Uşaqların əksəriyyəti üçün “Baku Piano Festival”ında iştirak həyatı boyu xatırlayacaq bir hadisədir. Onlar özlərini böyük, real və əhəmiyyətli bir nəyinsə bir hissəsi kimi hiss edirlər. Onlar üçün bu, sadəcə konsert deyil, xəyala doğru bir addımdır, özlərini tanıtmaq, ruhlanmaq, əməyinin, istedadının, musiqiyə olan sevgisinin nəzərə çarpdığını və qiymətləndirildiyini hiss etmək imkanıdır.

Çoxları deyir ki, musiqinin necə birləşdirə və ruhlandıra biləcəyini, səhnənin necə güc məkanına çevrilə biləcəyini ilk dəfə məhz burada dərk etdilər. Onlar çıxışdan sonra gözləri parıldayan - ruhlanmış, inamlı və ən əsası - etdiklərinə daha böyük sevgi ilə qayıdırlar. Bu emosiyalar xətrinə isə hər şeyə dəyər”, - deyə N.Növrəsli vurğulayıb.

Dirijor Valid Ağayev də AZƏRTAC-ın müxbiri ilə gənc musiqiçilərlə bağlı təəssüratlarını bölüşüb.

“Uşaqların iştirakı ilə keçən konsert ən məsuliyyətlidir. Çünki bu uşaqların gələcəyi bizim - mənim və orkestrin əlimizdədir. Onların bundan sonrakı motivasiyası bizdən asılı olacaq. Əgər onlara yaxşı müşayiət etsək, bu uşaqlarla möhkəm əlaqə yaratsaq, uşaqlar o qədər həzz alırlar ki, daha çox ifa etmək, çalışmaq istəyirlər. Konsertə hazırlıq çox yaxşı kedirdi, bir neçə məşqimiz oldu. Uşaqların hamısı çox istedadlı idi və onların arasında artıq gələcəyin görkəmli pianoçularını görmək olar”, - deyə V.Ağayev qeyd edib.

“IV Baku Piano Festival”ı iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Baku Piano Festival 2025” çərçivəsində bədii tədbirlər, sərgilər və cem sessiyaları da nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
azertag.az

1Источники