RU

İsrail və İran arasında yeni savaş: 12 günlük müharibə problemləri həll etmədi

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, İsraillə İran arasındakı 12 günlük müharibənin Yaxın Şərqə, xüsusilə də Azərbaycana hansı təsiri olacaq?

- İsrail-İran müharibəsinin gedişində Azərbaycanın rəsmi mövqeyi bir daha bəyan edildi. Bu doğru yanaşmadır. Çünki bölgədə ciddi müharibələrin olması arzuolunan deyil. İlk gündən Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı dəfələrlə bəyanatlarla çıxış etdi. Amma təəssüf ki, indi dünyada yanaşmalar başqadır. Yəni, indi xoş niyyətlərlə, çağırışlarla məsələləri həll etmək mümkün olmur. Lakin bütün bunların fonunda İsrail-İran müharibəsinin tam olaraq başa çatdığını söyləmək olmaz.

Tərəflər arasında atəşkəs olsa da, 12 günlük savaşın əslində biri-birinin potensialını öyrənmək üçün vacib olduğu ortaya çıxdı. Bundan sonra hansı addımlar atıla bilər və s. mövzular ətrafında ciddi müzakirələr gedir. Misal olaraq, indi İsraildə bu mövzuya aid ciddi diskusiyalar başlayıb. Bu hava hücumundan müdafiə sistemində ortaya çıxan boşluqlarla bağlıdır. İran tərəfindən atılan ballistik raketlərin vurulmasında İsrail problemlər yaşadı. Eyni nöqtəyə bir neçə raket atıldıqda İsrailin hava hücumundan müdafiə sistemi olan “dəmir qübbə” onları zərərsizləşdirə bilmirdi. Ona görə də İsraildə bu mövzulara aid ciddi diskusiyalar gedir. Hətta sistemin yenilənməsi ilə bağlı da fikirlər səslənir.

Bu mənada 12 günlük savaş kəşfiyyat xarakterli bir müharibə kimi də dəyərləndirilə bilər. Tərəflər bir-birinin zəif və üstün cəhətlərini öyrəndilər. Bu mənada fundamental problemlər aradan qaldırılmasa, bu tip münaqişələr bir müddətdən sonra yenidən başlaya bilər. Sözsüz ki, Azərbaycanın da mövcud olduğu bölgədə gərginliyin olması ümumiyyətlə region üçün yaxşı heç nə vəd etmir.

- Qısa münaqişənin İsraillə İran arasındakı geniş müharibənin tərkib hissəsi kimi də dəyərləndirirlər. Əldə edilən atəşkəsin etibarlılığı ilə bağlı yanaşmalar necədir? Müharibənin davam edəcəyi ilə bağlı ehtimallar nədən ibarətdir?

- Burada əsas məsələ İsraillə-İran arasında heç vaxt yerüstü hərbi əməliyyatların olmaması ilə bağlıdır. Coğrafi olaraq bu mümkün deyil. İranın İsrailə ən yaxın nöqtəsi az qala 1500 km-ə qədərdir. Burada artıq klassik müharibə anlayışından danışmaq olmaz. Proksi qüvvələrin, dronların, kəşfiyyat qruplarının, müasir texnologiyaların tətbiqi ilə müharibə davam edə bilər. 12 günlük qarşıdurma bir daha göstərdi ki, artıq müharibənin siması, forması, aparılma yolları da dəyişib. İsrail uzun illər buna hazırlaşırmış. Bu məqsədlə İran ərazisində dron istehsalı, casus şəbəkəsinin yaradılması üzərində işlər gedib. Müharibənin ilk saatlarından İsrailin İran ərazisinə vurduğu zərbələr daha təsirli oldu. İranın yüksək rütbəli zabitlərinin aradan götürülməsində bu zərbələrin təsiri böyük idi. Ona görə də tərəflər arasında münaqişə ehtimalının bir müddət, hətta bir neçə il səngiməsi də mümkündür. Amma tərəflər bundan sonra da bir-birinə problemlər yaradacaq.

- Tərəflər arasında qarşıdurma riski və vaxt aradan qalxa bilər?

- İranda və İsraildə mövcud hakimiyyət dəyişikliyi gözlənilir. İsraildə seçkilər keçiriləcək və yeni hökumət öz doktrinasını dəyişəcəksə, onun nədən ibarət olması fonunda bu risklər aradan qalxa bilər. Misal olaraq, 2006-cı ildə İsraildə hakimiyyətdə olan komanda Qəzzada, Livanda müharibələri dayandırmışdı. Eyni yanaşma İrana da aiddir. Bu ölkədə də sistem daxili islahatlar baş versə, ən azından bir neçə illik bu münaqişənin səngimək ehtimalı yüksəkdir. Amma hədəflər qaldıqca metodlarda dəyişiklik olsa da, gərginlik davam edəcək.

- İranın nüvə obyektlərinin və nüvə proqramının bundan sonrakı taleyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Sözsüz ki, İsrailin və ABŞ-nin zərbələri İranın nüvə proqramına ciddi təsir edib. İran tərəfi özü də bunu etiraf etdi. Amma bu nüvə proqramını yenidən bərpa etməyin mümkünsüzlüyü anlamına gəlmir. Proqram bərpa oluna bilər. Sadəcə olaraq, bu proqramın daha qlobal oyunçularla həlli də ehtimal edilir. Misal üçün, Rusiya 12 günlük İsrail-İran qarşıdurmasından karlı çıxdı. Faktiki olaraq, Rusiya-Ukrayna müharibəsindən diqqət xeyli yayınmış oldu. İran məsələsinin həllində Kreml Ağ Evə kömək etməklə ciddi güzəştlərin qopardılmasına çalışdı. İddialar səslənir ki, ABŞ İranın nüvə proqramının Rusiyanın nəzarətinə keçməsinə razılıq verə bilər. Bunun əvəzində də Moskva cavabdehliyi üzərinə götürmüş olar. İrandakı Buşehr atom elektrik stansiyasının tikintisi buna misaldır.

- İranın nüvə proqramı ilə bağlı əsas hədəfi nədən ibarət idi? Sülh məqsədindən yəni, atom enerjisindən danışılırsa, nüvə proqramı nəyə lazımdır?

- Həqiqətdə də bu belədir. Dünyada onlarla ölkə var ki, onların atom elektrik stansiyası olsa da, nüvə proqramı yoxdur. Bu mənada Rusiya proqrama daxil olmaqla öz xeyrinə müəyyən moderatorluq təklif edə bilər. Çünki indi İran da anladı ki, Rusiya ona hərbi cəhətdən heç bir kömək etməyəcək. Onlar arasında qarşılıqlı razılaşmalar və bəyanatlar olsa da, reallıqda bu münaqişədə Rusiya İrana köməklik etmədi. Əksinə, İranın atəşkəsə daha tez razılıq verməsinin səbəblərindən biri də xarici işlər naziri Abbas Əraqçinin Moskva səfərinin təsiri çox oldu. Yəni, onlara da məlum oldu ki, Rusiya havadan müdafiə ilə bağlı heç bir dəstək verməyəcək. Sadəcə olaraq, Kreml öz maraqları naminə İran məsələsini Amerika ilə bazarlığa çıxartdı. Bundan da Moskva müəyyən üstünlüklər qazandı. Hələlik bu üstünlüklər hiss olunmasa da, bir neçə müddətdən sonra bu üzə çıxacaq. Ukrayna məsələsində bu daha çox müşahidə oluna bilər.

- İsrail və ABŞ-nin İrana hərbi müdaxiləsi daxildəki proseslərə necə təsir etdi? Hakimiyyətə qarşı daxildə narazılıqların artacağı deyilirdi. İndiki halda rəsmi Tehran hakimiyyəti üçün hansısa təhdidlərin qaldığını söyləmək olarmı?

- Əslində ABŞ və İsrail İranda hakimiyyət dəyişikliyi ilə bağlı əvvəlcədən səhv proqnozlarla çıxış etdilər. Amma sonra bu yanlışlıqdan geri çəkildilər. Müharibə başlayan günü hər iki tərəf İranın daxili üçün də mesajlar verməyə başlamışdılar. Görünən odur ki, onlar Şərq toplumunu anlamırlar. Çünki Şərq toplumunda hakimiyyətdən narazı qüvvələr belə ölkəsinə qarşı təhdidləri yaxşı qarşılamır. Yəni, İran kimi 90 milyonluq bir ölkədə kənardan müdaxilə etməklə siyasi prosesləri dəyişmək mümkün deyil. Tərəflər görünür bu yanlış iddiaları daha tez anladılar. Atəşkəslə bağlı Amerikanın israrlı davranışları da buna misaldır. ABŞ Prezidenti Donald Trampın atəşkəsdən öncə keçirmiş olduğu toplantıda da bu məsələ müzakirə olunmuşdu. Amma buna qədər Tramp İranda hakimiyyət dəyişikliyindən danışırdı. Ondan sonra isə İranda hakimiyyət dəyişikliyinin xaotik vəziyyət yaradacağını bəyan etdi. Sözsüz ki, İran daxilində problemlər çox olsa da, buna kənardan müdaxilələr olduqda narazı qüvvələr sistemin ətrafında daha sıx birləşə bilirlər. Amma buna baxmayaraq, müharibənin dayanmasından sonra İranın daxilində ciddi proseslər baş verəcək. İranda islahatçılar qanadı, hərbçilər daxilində olan qruplar indiki sistemdən narazıdır. Həmin narazı qüvvələr İranın hava hücumundan müdafiə sistemləri və daxildə xarici ölkələrin agentlərinin rahatlıqla hərəkət etməsi ilə bağlı suallar ünvanlayacaq. İddia edəcəklər ki, İranda müxalifət qüvvələri və digər şəxslər bir şüara, sözə görə izlənilir həbs edilir, amma 4-5 il İsrail ölkə daxilində əməliyyatlar hazırlayır, bundan İranın xüsusi xidmət orqanlarının xəbəri olmur. Bununla bağlı açıq suallara İran daxilində cavablar axtarılacaq.

Избранный
28
50
bakuinfo.net

10Источники