RU

"İranın ali lideri Xameneyi: siyasi mübarizə, qətl hədələri və gələcək ssenarilər" - "The New York Times"

 
"İran daxili sabitliklə beynəlxalq təzyiqlər arasında tarazlıq saxlamağa çalışır, lakin bu tarazlıq getdikcə daha zəif sütunlar üzərində dayanır..."
 
İranın ali lideri Ayətullah Əli Xameneyi son çıxışında ABŞ-ı iflasa uğratdıqlarını bəyan edərək, ölkəsinin ABŞ və İsrail qarşısında "qələbə" qazandığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun hərbi əməliyyatdan gözlədiyi nəticələr alınmayıb və məqsədlərinə çatmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, bu iddialı ritorikanın arxasında ölkə daxilində və xaricdə güclü təzyiqlər, hətta qətl planları dayanır. Məhz bu təhlükələr səbəbindən Xameneyi artıq üç mümkün varisin siyahısını hazırlayıb.
 
Gizlənmə və teleçıxış: sağlamlığı ilə bağlı suallar
 
Nəşr xəbər verir ki, İsrailin hava zərbələri başladığı andan etibarən Xameneyi Tehranın şimal-şərqindəki gücləndirilmiş bunkerdə gizlənir. Elektron rabitədən demək olar ki, istifadə etmir. Dövlət televiziyasındakı çıxış zamanı onun səhhəti ilə bağlı suallar verilsə də, cavablar yayındırıcı olub. Xameneyinin ofisinin rəhbəri Mehdi Fəzaili yalnız bunları deməklə kifayətlənib: "Xalqımız, inşallah, bu qələbəni lideri ilə birlikdə qeyd edəcək".
 
İsrailin qətl planları və Trampın ehtiyatlılığı
 
İsrail müdafiə naziri İsraell Kats 13-cü kanalın efirində etiraf edib ki, "Xalq aslan kimi" əməliyyatı zamanı məqsədləri Xameneyini aradan götürmək olub. "Əgər onu nişan ala bilsəydik, dərhal zərbə endirəcəkdik", - o, bildirib. ABŞ-ın bu əməliyyata dəstəyi olubmu sualına isə Kats belə cavab verib: "Bizə icazə lazım deyil".
 
Amma vəziyyət daha mürəkkəbdir. ABŞ prezidenti Donald Tramp İsrailin bu təklifini dəstəkləməyib. Onun fikrincə, Xameneyinin yerinə kim gələcəyini bilmədikləri üçün belə bir addım çox təhlükəli nəticələrə yol aça bilər. "Bu aətullanı tanıyırsınız,
ondan sonrakını necə, tanıyırsınızmı?" - amerikalı rəsmilərdən biri Trampın mövqeyini şərh edib.
 
İsrailin sərt ritorikası və Qərbin reaksiyası
 
İsrail hökuməti isə Xameneyini "müasir Hitlər" adlandıraraq onun fiziki olaraq aradan götürülməsinin dövlət strategiyasına daxil olduğunu açıqlayıb. Baş nazir Netanyahunun fikrincə, Xameneyinin öldürülməsi müharibəni dayandıracaq.
 
Rusiyanın cavabı isə bu yanaşmadan kəskin şəkildə fərqlənib. Prezident Vladimir Putin bu cür planları "yalnız ritorika səviyyəsində qalmalı" adlandırıb. Kremlin sözçüsü Dmitri Peskov isə əlavə edib: "İran rəhbərliyinə qarşı istənilən fiziki hücumu qəti şəkildə pisləyirik".
 
İranın daxilində vəziyyət və siyasi varislik mexanizmi
 
İranın konstitusiyasına əsasən, ali liderin vəfatı halında onun səlahiyyətləri müvəqqəti olaraq prezident, məhkəmə rəhbəri və tanınmış bir ruhaniyə keçəcək. Bu müddət ərzində Ekspertlər Şurası yeni ali lideri seçməlidir. 2024-cü ilin seçkilərində çoxluğu əldə etmiş mühafizəkarlar bu prosesdə üstün mövqedədir.
 
"The New York Times" bildirir ki, Xameneyi varis olaraq üç nəfəri müəyyənləşdirib, lakin bu siyahıya uzun müddət mümkün namizəd kimi göstərilən oğlu Möctəba Xameneyi daxil edilməyib. Bu, ölkədə "irsi rəhbərlik" ittihamlarının qarşısını almağa hesablanmış jest kimi dəyərləndirilir.
 
Müxalif mövqelər və içdən gələn sükunət
 
Hazırda ölkə daxilində parçalanma əlamətləri açıq şəkildə müşahidə olunmur. Lakin analitiklər xəbərdarlıq edir ki, davam edən hərbi təzyiq və iqtisadi geriləmə daxildə sosial gərginliyi artıracaq. Hətta bəzi müxalif fiqurlar, o cümlədən hüquq müdafiəçisi Nərgiz Məhəmmədi də xarici hərbi müdaxilənin əleyhinə çıxaraq bildirib: "Demokratiya zorakılıqla gəlmir".
 
Xameneidən sonrakı mümkün ssenarilər
 
Siyasi ekspert Səid Qolkar öz elmi məqaləsində bir neçə ehtimalı irəli sürür:
 
- Status-kvonun saxlanması: Xameneyiyə yaxın dairələrin və SEPAH-ın dəstəklədiyi yeni liderin seçilməsi.
 
- Pragmatizmə keçid: texnokrat və islahatçıların təsiri ilə Ruhaninin və ya Sadiq Laricaninin yenidən siyasi səhnəyə çıxması.
 
- Hərbi-bürokratik tandem: SEPAH ilə sivil qurumların ortaq idarəetməyə başlaması.
 
- Müvəqqəti rəhbərlik: Ali lider seçilənə qədər prezident, məhkəmə rəhbəri və bir ruhanidən ibarət keçid hökuməti.
 
Lakin Qolkarın fikrincə, bu ssenari siyasi boşluq yarada və idarəolunmaz xaosa səbəb ola bilər.
 
86 yaşlı Xameneyinin həyatı ətrafında baş verənlər təkcə bir şəxsin taleyindən ibarət deyil. Bu, Yaxın Şərqin gələcək siyasi xəritəsini müəyyənləşdirəcək ciddi geosiyasi qarşıdurmadır. İran daxili sabitliklə beynəlxalq təzyiqlər arasında tarazlıq saxlamağa çalışır. Lakin bu tarazlıq getdikcə daha zəif sütunlar üzərində dayanır.
Избранный
39
50
moderator.az

10Источники