RU

12 günlük savaşın qalibi kimdir, məğlubu kim?

12 günlük İsrail-İran müharibəsindən sonra qəribə vəziyyət yaranıb: həm İran, həm İsrail, həm də ABŞ liderləri savaşın qalibi olduqlarını elan edirlər. 21-ci əsrdə bunu da gördük - bir müharibənin 3 qalibi...Bu qələbə nədən ibarətdir, təfərrüatlara ekskurs edək...

İranın Ali Rəhbəri Seyid Əli Xamenei xalqa video müraciətində əminliklə bildirib ki, ABŞ nüvə obyektlərini vurub, lakin çox şey əldə edə bilməyib. (APA) “Gələcəkdə İrana qarşı istənilən təcavüz böyük baha başa gələcək”, - Xamenei hətta Ağ Evi hədələməyi də unutmayıb. Dini lider eyni zamanda, İranın nüvə obyektlərinin hücumlarda zərər görmədiyini qeyd edib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilmədilər”. “İranın düşmənləri raket və ya nüvə proqramı kimi bəhanələrdən istifadə edirlər, lakin əslində bizim təslim olmağımızı istəyirlər. İsrail İrana hücumun baha başa gəldiyini öyrənməli idi”, - İranın Ali Rəhbəri vurğulayıb. Dini lider onu da qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp baş verənləri çox şişirdib: “Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir”. Xamenei Trampın İranın təslim olması barədə bəyanatlarına münasibətində “ABŞ Prezidenti deyib ki, İran təslim olmalıdır, bu onun ağzı üçün çox böyük bir bəyanatdır”, - söyləyib. Hardasa 1979-cu ildən sonrakı dönəmdə İran tərəfdən sərgilənən sərt ritorikanın davam etdiyini söyləmək olar.

Tehran

ABŞ Prezidenti Donald Tramp isə Haaqada NATO Baş katibi ilə mətbuata açıqlamasında Tehrana sərt ismarıc yollayaraq bildirib ki, İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək. İranın nüvə proqramını yenidən bərpa etməsi təqdirdə, ABŞ-ın növbəti dəfə İrana zərbə endirib-endirməyəcəyinə dair suala Tramp “əlbəttə” cavabını verib.

Bundan əlavə, Tramp İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini bəyan edib.

İsrail tərəfi isə öz komandolarının İranın Fordo nüvə obyektində olmasını əks etdirən videokadrlar yayıb. Görüntülərdə qabaqcıl avadanlıqlara malik bir qrup silahlı şəxsin tam sakit şəkildə Qum şəhəri yaxınlığındakı Fordo nüvə sahəsi olduğu deyilən yeraltı kompleksdə olması əksini tapıb. Müstəqil mənbələr hələlik bu yerin həqiqiliyini təsdiqləməsə də, İsrail mediası bunu hücumlar zamanı ABŞ ilə birgə Fordo nüvə obyektinə qarşı həyata keçirilən əməliyyatın bir hissəsi kimi qiymətləndirib.

İsrail

Üstəlik, baş nazir Binyamin Netanyahu bildirib ki, İsrailin İrana qarşı əməliyyatından sonra əksəriyyəti ərəb dövlətləri olan qonşu ölkələrlə “sülh razılaşmalarının dramatik şəkildə genişləndirilməsi”nə yol açıb. “Biz İrana qarşı cəsarətlə döyüşdük və böyük qələbə qazandıq. Bu qələbə sülh sazişlərinin dramatik genişləndirilməsi üçün imkan açır. Biz bu istiqamətdə fəal işləyirik”, - Netanyahu hökumət başçısının ofisi tərəfindən yayımlanmış videomüraciətində bildirib.

Üçüncü, özünü qalib elan edən ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İranın indi etmək istəyəcəyi ən son məsələ uranı zənginləşdirməkdir. O, İranın nüvə proqramına sahib olmasına icazə verməyəcəklərini bir daha bəyanlayıb. Diqqət edin, ABŞ Prezidenti atəşkəsin İran üçün böyük bir qələbə olduğunu, onların neftinin və ağıllı insanlarının olduğunu deyib. Bununla yanaşı, Tramp bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu da özü ilə fəxr etməlidir. Bu, hardasa iki dalaşan şəxsin, yaxud döyüşən idmançıların hər ikisinin əlini yuxarı qaldırıb, qalib olduqlarını deməyə, faktiki olaraq təskinlik verməyə bənzər davranışdır. Bəlkə də indiki mərhələdə Trampın adının qarşısında “qalib” yazılması daha məntiqəuyğundur, çünki ABŞ bombardmançılarının Fordonu bombalamasından sonrakı mərhələdə atəşkəs anlaşmasısını əldə etmək mümkün oldu. Yəni Ağ Ev sahibi seçki təbliğatı dövründə dünyaya sülh gətirəcəyi barədə bəyanatına uyğun şəkildə sülh məramını nümayiş etdirdi, ”kökə və dəyənək” siyasəti ilə daha qanlı hadisələrin baş verməməsinə nail oldu.

Artıq

Düzdür, ABŞ lideri İranın uzun müddət bomba istehsal etməyəcəyini desə də, bunu sübut edə biləcək ciddi arquçmentlər mövcud deyil. Xüsusilə də hava zərbələrindən öncə İranın ABŞ-ni, ABŞ-nin də İranı “vuracağam, özünü gözlə” tipli ismarıc yollamaları maraqlı situasiya yaradıb. Üstəlik, bombardmana məruz qalan Fordodakı zənginləşdirilmiş uran ehtiyatının başqa ünvana köçürüldüyü barədə məlumatlar diqqət çəkir. İsril kəşfiyyatının az qala İranın hər yerinə sızması, gizli dron istehsalı ilə məşğul olmaları, nöqtəli zərbələr endirmələri fonunda kəşfiyyat necə olub ki, zənginləşdirilmiş ehtiyatın başqa məntəqəyə daşınmasından bixəbər qalıb? Yaxud İranın bir sıra digər ərazilərindəki gizli ünvanların hədəflər sırasında olmaması da maraqlı məqamdır. Əhalisinin yarısını azərbaycanlılar təşkil edən ölkədə daha dəhşətli fəlakətlərin yaşanmaması, ümumilikdə bölgəni təhdid edən radiasiya sızıntısına səbəb olmaması baxımından çox yaxşı ki, müharibə uzun çəkmədi. Amma təhlükə tam şəkildə aradan qalxdımı? Demək çətindir.

ABŞ-ın

Heç şübhəsiz ki, bu toqquşma bütün tərəflər üçün test və nəbz yoxlanışı oldu. 12 günlük savaşda toqquşan hər bir ölkə özünün zəif və güclü tərəflərini gördü. Həmçinin kritik anda İrana hərbi dəstək verə biləcək ölkələrlə bağlı da təsəvvürlər formalaşdı. ABŞ-nin təyyarədaşıyan gəmçiləri, qırıcıların havaya qalxaraq İrana zərbələr endirməsi, Rusiyaya “öz işinlə məşğul ol”, mesajı, Çinə Tehranın bağlamaq istədiyi Hörmüz boğazı ilə bağlı xəbərdarlığı da çəkindirici məqsəd daşıyırdı. Heç bir halda ABŞ İraqda olduğu kimi, açıq savaşa girmək niyyətində deyildi, İran bataqlığı ABŞ üçün Əfqanıstandan da dəhşətli fəlakətlərə gətirib çıxara bilərdi. Ona görə də Tramp üçün unikal vəziyyət tərəflərin toqquşmasından, bir-birini tükəndirməsindən sonra “dayanın, atəşi saxlayın, yoxsa...” çağırışını etməsi, özünü sülhü təmin edən lider kimi göstərməsi olardı. Yeri gəlmişkən, İranın dini liderinin aradan götürülməsinə qarşı çıxmaqla da ABŞ prezidenti maraqlı mövqe sərgilədi. Təbii ki, qonşu ölkədə dəhşətli xaosa gətirib çıxara biləcək bir qətliama gedilməsi sıradan bir məsələ deyildi. Hə halda İran generalları, nüvə alimlərinin öldürülməsi sıradan bir hadisələr olmasa da, dini liderin hədəfə alınması tamam başqa bir situasiya yaradardı. Xüsusilə də “İbrahim sazişi”nin sərhədlərinin genişləndirilməsində maraqlı olan ABŞ və İsrailə ərəb ölkələrində etirazlar doğura biləcək bu addım fayda gətirməzdi, əksinə, kritik vəziyyət yaranardı. Özü də Səudiyyə Ərəbistanı və Suriyanın sazişə qoşulması ərəfəsində...

İran-ABŞ

İndiki halda İran-ABŞ danışıqlarının bərpasına ümidlər var. İran və İsrailin itkiləri milyardlarladır. Xüsusilə də Qəzzada davam edən hərbi əməliyyatlar fonunda, girovların hələ də geri qaytarılmaması halında Netanyahu hakimiyyətinə qarşı etirazların alovlanacağı gözlənilən idi. İsrail rəhbərliyi müharibə qərarı ilə bu etirazları bir az arxaya atmağı bacardı. Üstəlik, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail sərhədlərini rahat şəkildə keçib qətliamlar törətməsinə görə Netanyahuya sərt ittihamlar var, onu bu əməliyyatdan əvvəlcədən xəbərdar olmaqda günahlandırırlar. Üstəlik, 12 günlük müharibədə azı 3 milyardlıq itki, dağılan evlər, infrastruktur İsrail üçün əlavə başağrısı vəd edir. Vətəndaşlar müharibələrdən yorulublar. Təsəvvür edin, Baş nazir Netanyahu deyib ki, İranla müharibənin nəticələri İsrail üçün yeni sülh imkanları yaradıb və fürsətlər boşa çıxmamalıdır. Belə ehtimal irəli sürmək olar ki, İsrailin İrana zərbələrinin əsasında proksi qüvvələrə dəstəyin kəsilməsi və Qəzza ilə bağlı planlarını qələbə ilə sona çatdırmaq planı dayanıb. Elə Netanyahu da bildirib ki, girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti ilə yanaşı, əlimizdə qaçırılmaması gərəkən bir fürsət pəncərəsi var. Netanyahu və Tramp da Qəzza lə bağlı razılaşmanı müzakirə ediblər. İndi o “pəncərə”yə yenə daş atılacaq, yoxsa...Demək çətindir.

ABŞ

Sanksiyalardan əziyyət çəkən İranda davəziyyət rahat olmayacaq, sözsüz ki. Əhalinin sosial-iqtisadi çətinliklər içərisində yaşaması halında savaşın vurduğu zərər də sözünü deyəcək. Amma bu, ABŞ və İsrailin gözlədiyi kimi, İran xalqının hakimiyyətə qarşı qalxması, növbəti “Ərəb baharı”nın, yaxud “İran yayı”nın baş verməsinə gətirib çıxartmayacaq. Düzdür, 2024-cü ilin 28 mayında İran seçiciləri prezident seçkilərində aktivlik göstərmədilər, yalnız ikinci turda, yenə də çoxluğun passiv münasibəti fonunda nəticə əldə etmək mümkün oldu. Amma bu, o demək deyil ki, İran xalqı Tramp, ya Netanyahunun çağırışını nəzər alıb, meydana axışacaq, hakimiyyəti dəyişəcək. On illərdir xüsusən müsəlman ölkələrinə vəd olunan “demokratiya”nın hansı dəhşətlər gətirdiyini İranda da çox yaxşı bilirlər. Kəsəsi, İrana qarşı savaş ola bilsin xalq etirazlarının başlanmasına hesablanmışdı, nöqtəli zərbələr, xalqa müraciət də bunu deməyə əsas verir. Xaricdən idxal olunan inqilablar hər zaman facilələr gətirib, milyonlarla soydaşımızın yaşadığı İranda bu fəlakətlərin yaşanmasını istəmirik.

Azərbaycan savaşın ilk saatlarından narahatlığını ifadə etmişdi və sülhə, barışa çağırmışdı. Tərəflər 12 gündən sonra Azərbaycanın sözünün üstünə gəldilər, hər ikisi – yaxud hər üçü – itkilər verməklə, həm də özlərini “alib” elan etməklə. Amma kaş ki, daha tez anlaşaydılar. Bundan sonra da yaranmış sülh fürsətləri dəyərləndirilməlidir, vəziyyət çox kövrəkdir...

İlham

Yeri gəlmişkən, Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon söhbətində İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə etməsi ölkəmizin, dövlət başçımızın ədalətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Dövlət başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib. Rəsmi məlumata görə, telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.

Sülhə, barışa, normal əməkdaşlığa əsaslanan, ədalət prinsipi üzərində qurulan siyasət məhz belə olur. Azərbaycanın nümunəvi davranışı bir örnəkdir. Fürsətcil ölkələrdən olmadıq heç zaman, bunu münaqişə tərəflərinin hər birinin qiymətləndirməsi və ayrı-ayrı hallarda ölkəmizə qarşı kin-kidurət yayanların susdurulması istiqamətində addımlar atması lazımdır. Bəzən savaşmadan da, döyüşən tərəflərin yanında yer almadan da, sülhə çağırış etməklə də QALİB olmaq mümkündür - Azərbaycan kimi...

Elşad Paşasoy,
Musavat.com

Избранный
33
1
musavat.com

10Источники