RU

“Dəmir Qübbə sıradan çıxdı, silahlar tükəndi” – İsrail niyə dayandı?

“İranın ali dini lideri Əli Xameneinin xalqa müraciət edərək onları "qələbə" münasibətilə təbrik etməsi daha çox ölkə ictimaiyyətinə hesablanmış siyasi gedişdir. Bu cür bəyanatlarla rejim ictimai qəzəbin qarşısını almağa və eyni zamanda belə gərgin anlarda xalqı hakimiyyətin ətrafında birləşdirməyə çalışır. Məqsəd, daxildə yaranan narahatlıqları neytrallaşdırmaq və “milli həmrəylik” görüntüsü yaratmaqdır. Lakin reallıq tamamilə fərqlidir: nə İran, nə də İsrail bu toqquşmada iddia etdikləri qələbəni əldə edə bildi. Əksinə, İran bu qarşıdurmada ciddi itkilər verdi və baş verən  proseslər İranda sistemin zəifliyini  ortaya qoydu”.
Bunu Moderator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri​​​​​​​ Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, İranla- İsrail arasında bu qarşıdurma artıq 50 ilə yaxındır ki, davam edir:
 “Yəni yarım əsrə yaxındır ki, bu iki dövlət arasında açıq şəkildə düşmənçilik münasibətləri mövcuddur. Onlar bir-birilərini dövlət kimi tanımırlar və bu münasibətlər qarşılıqlı nifrət üzərində qurulub. İran daim sionizmin yer üzündən silinməsini tələb edib, İsrail isə İranın onun dövlətçiliyi və mövcudluğu üçün ciddi təhlükə olduğunu açıq şəkildə bəyan edib. Bu münasibətlər kontekstində müharibə və silahlı qarşıdurma gec-tez baş verməli idi. 12 gün davam edən qarşılıqlı hücumların atəşkəslə – hər nə qədər müvəqqəti olsa da – əvəzlənməsi dünya üçün müəyyən mənada uğur hesab oluna bilər. Lakin tərəflərin özlərini qalib elan etməsi daha çox daxili ictimaiyyətə hesablanmış addımlardır. İsrail tərəfi bəzi hədəflərinə tam nail olmasa da, İranın bir sıra yüksək vəzifəli hərbi rəhbərlərini, generallarını sıradan çıxartdı. Bununla yanaşı, İranın müxtəlif şəhərlərində yerləşən hərbi obyektləri də hədəf alaraq məhv etdi. İsrail təyyarələri İranın hava məkanına daxil olaraq istədikləri əməliyyatları həyata keçirdilər. Eyni zamanda İranın nüvə obyektlərinə də ciddi zərər vuruldu. Bəli, bu proses ABŞ-ın dəstəyi ilə baş tutdu, lakin əməliyyatın təşəbbüskar tərəfi İsrail idi.
Digər tərəfdən, İran da cavab zərbələri ilə İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini yarmağı bacardı. Bu da İranın uzun illərdir istehsal etdiyi raketlərin ilk dəfə real düşmənə qarşı – yəni regionda əsas təhlükə hesab etdiyi İsrailə qarşı – istifadə olunduğunu göstərdi.
İran hakimiyyəti və hazırkı rejim çox yaxşı anlayır ki, bu qarşıdurmada əsas hədəf yalnız İran dövləti deyil, məhz onun siyasi rejimidir. Bu rejim həm İsrail, həm də ABŞ və ümumilikdə Qərb tərəfindən təzyiq altındadır. İran rəhbərliyi baş verənləri yalnız İsraillə deyil, ABŞ-la birlikdə onlara qarşı yönəlmiş bir cəbhə kimi qiymətləndirir.
Ən nəhayət, İran ictimaiyyəti qarşısında bu rejim bir izahat verməlidir: ölkə ərazisi 12 gün ərzində bombalandı, raketlərlə, qırıcı təyyarələrlə vuruldu. Bu qədər genişmiqyaslı hücuma məruz qalan bir ölkənin rəhbərliyi xalq qarşısında cavabdeh olmalıdır”.
Bütün bu baş verənlər fonunda sual yaranır: İran bu prosesdən nə qazandı? 
 
Politoloq qeyd edib ki, 1979-cu ildə indiki rejim hakimiyyətə gəldikdən sonra Qərblə davam edən qarşıdurmalar nəticəsində İrana qarşı çoxsaylı və ciddi sanksiyalar tətbiq olunub:
 “Bu sanksiyalar bu gün də qüvvədədir, hətta zaman keçdikcə daha da sərtləşdirilir, yumşaldılmaq əvəzinə yeni məhdudiyyətlərlə əvəzlənir. Eyni zamanda, İsrail də real mənada qələbə əldə edə bilmədi. Qeyd etmək lazımdır ki, İsrail bu prosesi təkbaşına aparmırdı – arxasında ABŞ-ın hərbi, siyasi və kəşfiyyat dəstəyi vardı. Amma bu bütünlüklə dəstəyə baxmayaraq, İsrail yalnız qarşı tərəfə məhdud zərbələr endirə bildi. İlk günlərdə İranın hərbi rəhbərlərinə qarşı həyata keçirilən dəqiq hədəfli əməliyyatlar istisna olmaqla, ümumilikdə tərəflər bir-birlərinə əsasən dağıntı və nisbi itkilərdən başqa ciddi strateji zərbə vura bilmədilər. İranın nüvə proqramı ilə bağlı vəziyyət isə hələlik tam aydın deyil. Fərqli mənbələrdən yayılan məlumatlara görə, ABŞ-a məxsus B-2 bombardmançıları vasitəsilə Fordo, Natanz və İsfahan kimi əsas nüvə obyektlərinə zərbələr endirilib. Bildirilir ki, bu hücumlarda 14 tonluq xüsusi bombalardan istifadə olunub və ciddi dağıntılar baş verib. Lakin bu məlumatlar rəsmi şəkildə tam təsdiqlənməyib və fərqli versiyalar dövriyyədədir”.
 
X.Bəşirov onu da əlavə edib ki, doğrudan da İranın nüvə obyektlərinə zərbələr endirilibsə və həmin obyektlərdə bu günə qədər zənginləşdirilən uran məhv edilibsə, bu zaman radiasiya sızıntıları baş verməli idi. Belə bir halda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və digər beynəlxalq nüvə nəzarət qurumları bu barədə rəsmi məlumat yaymalı idi. Əgər belə bir məlumat verilməyibsə, bu, iki ehtimalı gündəmə gətirir:
"Ya obyektlər, deyilən kimi, tam məhv edilməyib;
Ya da İran uranı hələ hücumdan əvvəl oradan çıxarıb – İranın özü də bu versiyanı irəli sürür.
Bu baxımdan hesab edirəm ki, nə İsrail, nə də ABŞ bu prosesdə tam istəklərinə nail ola bilməyiblər.
Atəşkəslə bağlı məsələyə gəldikdə isə, bu razılaşmanı qalıcı barışıq kimi qiymətləndirmək doğru olmaz. Əksinə, bu yalnız müvəqqəti taktiki fasilədir. Düşünürəm ki, xüsusilə İsrail tərəfi bu qarşıdurmada İranın zəif nöqtələrini dəqiqliklə müəyyən etdi və bu, gələcək hücum planlarının əsasını təşkil edə bilər.
Qeyd edilməlidir ki, qarşıdurmanın dayandırılması ilə bağlı səsləndirilən ehtimallar arasında ən real görünən versiya İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin sıradan çıxmaq üzrə olması və silah ehtiyatlarının azalmış vəziyyətdə olması ilə bağlıdır.
Bu isə onu göstərir ki, İsrail qısa müddət ərzində Qərbdən olan müttəfiqləri vasitəsilə yenidən silahlanma prosesinə başlayacaq. Bununla paralel olaraq hava müdafiə sistemini bərpa və gücləndirmə işləri görüləcək. Növbəti mərhələdə İsrailin İrana qarşı yenidən hərbi əməliyyatlara başlaması ehtimalı böyükdür.
Eyni zamanda düşünürəm ki, bu qarşıdurmada əsas hədəf İranın ali dini lideridir. Onun fiziki olaraq sıradan çıxarılması və bütövlükdə rejimin devrilməsi kimi məqsədlər arxa planda olsa da, kifayət qədər ciddi ehtimallardır”.
 
Mehin Mehmanqızı
 
 
Избранный
40
moderator.az

1Источники