RU

"FSB" 2 soydaşımızı öldürdü: 50-dən çox saxlanılan var...-Şıxlinski olay haqda nə dedi?..

Rusiya Federasiyasının Yekaterinburq şəhərində 27 iyun 2025-ci il tarixində "FSB" və "OMON" tərəfindən keçirilən genişmiqyaslı əməliyyat zamanı iki azərbaycanlı qardaş həlak olub, 50-dən çox azərbaycanlı isə saxlanılıb.
 
Moderator.az bu haqda Yekaterinburqdakı xəbər saytlarına istinadla xəbər verir.
 
Hadisənin əsas mərkəzi Ziyəddin və Hüseyn Səfərov adlı qardaşlar olub. Onların qardaşı Seyfəddin Hüseynlinin Azərbaycan mediasına verdiyi açıqlamaya görə,  əməliyyat zamanı hər iki qardaş döyülərək öldürülüb. Əlavə olaraq, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb ki, onlardan 4-nün vəziyyəti ağırdır.
 
Əməliyyatın əsas səbəbi 2001-ci ildə Safarovların yaşadığı ərazidə baş vermiş qətl hadisəsi ilə əlaqələndirilir. Lakin hadisənin detalları hələ də dəqiqləşdirilir.
 
Əməliyyat zamanı Yekaterinburqun müxtəlif ünvanlarında yaşayan azərbaycanlılara qarşı geniş saxlanmalar da həyata keçirilib. Saxlanılan şəxslərin bir qismi qətl hadisəsi ilə əlaqələndirilir. Əməliyyat çərçivəsində xüsusi diqqət Lenin küçəsi, 17 ünvanına yönəldilib.
 
Rusiya hüquq-mühafizə orqanlarından mövzu ilə bağlı hələ rəsmi açıqlama verilməyib. Azərbaycan tərəfi isə müvafiq qurumlarla əlaqə saxlayaraq vətəndaşlarının hüquqlarının qorunması istiqamətində addımlar atmağı planlaşdırır.

Azərbaycan-Ural" təşkilatının rəhbəri Şıxlinski isə E1.RU saytına açıqlamasında belə deyib:

“Bu barədə mənim heç bir məlumatım yoxdur. Mən saxlanılmamışam. Heç kim məni dindirmir"...

Hadisə azərbaycanlı icması və hüquq müdafiə təşkilatları arasında narahatlıqla qarşılanıb. Yerli və beynəlxalq hüquq qurumlarının da mövzuya diqqət yetirməsi gözlənilir.

Qeyd edək ki, Rusiyada qətlə yetirilən şəxslər tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin doğma qardaşlarıdır. 

Səfərov qardaşlarının cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib...

Избранный
31
moderator.az

1Источники