RU

Uşaq - Sabir Etibarlının hekayəsi

Kulis.az Sabir Etibarlının "Uşaq" hekayəsini təqdim edir.

İcazə verin, sizi Qabriel ilə tanış edim. Qabriel İnstagramda kitab influserliyi edən 23 yaşlı gənc oğlandır. Düzünü desəm, izləyicilərinin çoxu Qabrieli kitablar üçün deyil, onun görünüşü üçün izləyirlər. İnsan təbiətən gözəlliyə vurğun məxluqdur. Gözəlliyə, yar-yaraşığa sahib ola bilməsə belə ən azında onu görə bilmək, onu duya bilmək çox insan üçün vacibdir. Bax elə Qabrielin izləyici kütləsi də gözəlliyə tamarzı olan insanlardan yığılmışdı. Rəylərdə bir qisim izləyicilər onun uzun boyunu, bəzisi qəşəng burnunu, bəziləri isə diksiyasını tərifləyirdi. Qabriel isə bunlara sadəcə təşəkkür etmək ilə kifayətlənirdi. Deyəsən, yadımdan çıxıb deyim ki, Qabriel qatı dindar bir ailənin övladıdır və özü qatı dindar olmasa belə, günahkarlıq hissi onu tez-tez izləyirdi. Bizim Qabriel belə Qabriel idi.

Məncə, insanlarda Qabriel haqqında aydın təsəvvür yaratmaq üçün onun dəqiq görünüşünü təsvir etmək lazımdır. Qabriel uzunca boyu, azca qarabuğdayi dəri rəngi ilə gözə xoş gələn biri idi. Qıvrım saçları, çənəsində qısa saqqalı, irəli çıxmış hülqumu, sərtləşmiş üz xətləri və gözlərindən yayılan uşaqca işıq ilə fərqlənirdi. Arıq idi, amma qətiyyən çəlimsiz, cılız deyildi. Atasının bir neçə apteki və özünün aylıq qazancı nəzərə alındıqda Qabrielin heç vaxt yoxsul olmadığını demək səhv olmaz. Amma görünüşü və maddi imkanı qarşısında çılğın eşq həyatı yox idi. İnsanlar ilə münasibət qurmaqda, onlara bağlanmaqda çətinlik çəkirdi. İndi isə valideynlərindən ayrı yaşayırdı, heç onların yoxluğunu da hiss etmirdi. Məhz insanlara bağlanmaqda yaşadığı problemə görə o, kitablar ilə dostlaşmışdı.

Qabriel nə qədər utancaq, ya da içinəqapanıq biri olsa da, əsl gözəllik aşiqi idi. Bu aşiqlik yanğısını söndürmək üçün rəsm kursuna 1 il idi ki, davam edirdi. Perspektiv, kölgə-işıq oyunları, rəng uyumunda artıq yetişmişdi. Lüt modelin portretini çəkmək, həm də gözəlliyi qiymətləndirən, onu duyan insanlar arasında olmaq ona zövq verirdi. Qabriel zaman-zaman düşünürdü ki, bəlkə də bu, günahdır. O, ara-sıra modellərə şəhvani gözlə baxıb bunun doğru olmadığı qənaətinə gəlsə də, daha sonra düşünürdü ki, bu kursa elə gözəlliyi duymaq üçün gəlir. Qabrielin fikrincə, tanrı bilinmək, təqdir olunmaq istəyir. Ona görə də bu gözəllikləri vərəqə köçürmək ən azından böyük günah sayılmazdı.

Son iki dərs idi ki, yeni model dəvət olunmuşdu. Adı Aleksandra idi. Qadına görə hündür boya, uzun ayaqlara, ləkəsiz üzə və qüsursuz bədənə sahib idi. Ağ bədəni, anadangəlmə tünd qırmızı, daim nəmli dodaqları, işıldayan gözləri onu insan cildinə girmiş ilahə kimi göstərirdi. Təbiət ona qadına xas bütün gözəllikləri bəxş etmişdi. İri döşləri, incə beli və sıx baldırları ilə əsl qadın gözəlliyini təcəssüm etdirirdi. İndi isə o, otağın tam mərkəzində lüt dayanıb. Uzun boz şal bir döşünü örtür, belindən aşağı düşüb məhrəm yerini də qapayıb. Beləcə o, həm yoldançıxaran, həm də əlçatmaz görünürdü. Qabriel çəkə-çəkə bu misilsiz gözəlliyin qüdrəti qarşısında acizlik hiss edir, burada olduğu, onu görə bildiyi üçün taleyinə təşəkkür edir, həm də yaratma qüdrətinə görə Tanrıya qarşı minnətdarlıq və heyrət duyurdu.

Aleksandra ilə Qabrielin yaxınlaşması da çox maraqlı hal üzrə alınmışdı. Aleksandra Qabrielin işlərində görürdü ki, Qabriel onun üzünü hüznlü formada çəkir. Halbuki professional model olan Aleksandra ondan tələb olunmadıqca heç vaxt üzünə ifadə verməzdi. Sanki Qabriel onun ruhunu, qəlbinin dərinliklərini, zehnində gəzdirdiyi yaraları görmüşdü. Bu da Aleksandrada Qabrielə qarşı maraq oyatmşdı. Bu, cismani həvəs, şəhvani aclıq deyildi. Sadəcə maraq idi.

Bir-iki dəfə kafedə görüşəndən sonra Qabriel və Aleksandra Qabrielin kirayə götürdüyü evdə görüşməyə başladı. Məhz bu görüşlərdə Qabriel özünü əsl kişi kimi hiss edir, yaradılışının gərəyini yerinə yetirdiyinə inanırdı. Bu birləşmələrdə ilahi bir cazibə, bədənlərin hərəkətlərində harmoniya var idi. Sakit təbiətli Qabriel bu anlarda qəfəsdən çıxmış vəhşi şirə dönür, əlçatmaz görünən Aleksandra isə təslimiyyətin zövqünü yaşayırdı. Bu anlar hər ikisinin həyatda üzləşdikləri bütün problemlərdən, dərdlərdən uzaqlaşdıqları ayrı bir dünyaya çevrilirdi. Zaman keçdikcə Qabriel anlayırdı ki, o, Aleksandradan fərqli olaraq nə öz bədənini, nə də qarşı cinsin bədənini yaxşı tanıyır. İndi isə həm istəkli partnyor, həm də yaxşı müəllim tapmışdı. İş başında olanda düşünürdü ki, qədim Babil məbədlərində də cavan oğlanlara seks öyrədən müqəddəs rahibələr fəaliyyət göstərirdi. Deyəsən, keçmiş dövrlər o qədər də pis olmamışdı.

İki aylıq tez-tez təşkil olunan görüşlər getdikcə azalırdı. Onlar sadəcə bir-birindən doymuşdular. Arada heç bir ortaq nöqtə, maraq, onların birləşdirən bir dəyər yox idi. Qabriel duyurdu ki, indi kafedə onunla oturan bu cazibədar qadın Qabrielin qıvrım saçına əl atıb oynayanda şəhvani bir şey hiss etmir, uşağı əzizləyirmiş kimi davranır. Qabriel vaxt keçdikcə anlayırdı ki, heç vaxt Aleksandraya tam sahib ola bilməyib və ola da bilməz, olmayacaq da. O, azadlıq üçün yaranmışdı, su kimi öz yolu var idi və həyatına özü yön verir. Bu dəmdə zehnində kök salmış inancı baş qaldırdı və düşündü ki, bəlkə də Aleksandra azadlıq üçün yox, atəş üçün yaranıb? Ağlına daha başqa fikirlər də gəldi. Bəlkə elə Qabrielin özü də od-alov üçün yaranmışdı? Elə buna görə də bir kitabda oxuduğu bir səhnəni əzizinə nəql etdi:

- Tanrı öz qüdrətini göstərmək üçün çox yaraşıqlı bir oğlan yaradır. O, gözə elə xoş gələn olur ki, hətta ərləri ilə yataqda olan evli qadınlar da onu düşünüb zövq alarmışlar. Amma o gənc heç cür öz gözəlliyini görə, qiymətləndirə bilməyib. Bütün tərif və təklifləri, ona cəmi bir gecə üçün verilmək istənilən sərvətlərinin hamısını rədd edib. İnsanların axmaqlıqlarına, ifrat şəhvani hisslərindən cana doyub. Öz gözündə heç bir dəyəri olmayan, şişirdilən görünüşünə belə tamarzı insanların çoxluğundan, onların narahat etmələrindən bezib intihar edib.

- Bəs sonra nə olub? – Aleksandr maraqla soruşdu.

- Tanrının insanlara qüdrətini göstərmək üçün yaratdığı bu gəncə qəzəbi tutub. Birinci, o tanrının üstün yaratdığı gözəlliyi bəyənməyib. İkinci olaraq isə əxlaq abidəsi olmalıymışkən intihar edib. Tanrı nankorluğuna görə bu gənci eybəcər hala salıb əllərindən asır. Qarşısına isə böyük bir güzgü qoyub qiyamətə kimi öz eybəcərliyinə baxmağa məcbur edib.

- Bu nəsə mənim incildən tanış olduğun tanrıya bənzəmir, -Aleksandra üz-gözünü turşudub etiraz etdi. Hərçənd dindar, ya da inanclı deyildi. Amma onun da ağlında uşaqlıqdan formalaşan bir tanrı modeli var idi.

- Hə, heç oxşamır. Yeni nəsil yazıçının kitabında oxumuşam, ona görə belədir, - Qabriel cavabladı. Əsas sual isə belədir: O gənc nə etməli idi? O, heç kəslə yatmırdı, amma gözəlliyini də təqdir etmirdi. Bəlkə də sadəcə bunun fərqində deyildi. Bunlar onu günahkar edər?

- Qabriel, yaxşı da, gəl maraqlı bir şeylərdən danışaq, - Aleksandra söhbəti dəyişmək istədi.

Əslində, Aleksandra axmaq, ya da mütaliəsiz biri deyildi. Amma dərin fəlsəfi şeylərdən uzaq durmağa çalışır, anı yaşamağa üstünlük verirdi. Qabriel is daim düşünürdü. Bilirdi ki, Aleksandra ona başqaları ilə xəyanət edir və ya hər an edə bilər. Bu düşüncədən qısqanclıq, qəzəb və iyrənti duyurdu. Ancaq bir halda ki, Aleksandra heç vaxt tam mənası ilə onun olmamışdı, konkret bir şey də vəd etməmişdi, ondan nəsə tələb edə bilərdimi? Bu halda Aleksandranı xəyanətkar adlandırmaq olardımı? Qabriel bunu bilmirdi. Qabriel Aleksandranın yatdığı oğlanları tapıb əzişdirmədiyi, Aleksandra ilə açıq-aşkar danışmaq üçün lazım olan cəsarəti özündə tapmadığı üçün özünü qınayırdı.

Əzab dolu keçən günlərin birində Qabriel Aleksandradan şəhəri tərk edəcəyi, yaxın vaxtsa isə ölkədən çıxacağı haqda bir mesaj aldı. Aleksandra gedirdi və son bir dəfə görüşmək istəyirdi. Qabriel görüşə gedəndə ayaqları əsirdi, nə deyəcəyini, nə edəcəyini bilmirdi.

Görüş ikisinin də gözlədiyi kimi keçmədi. Aleksandra bir az söhbət etdikdən sonra Qabrielin evinə getməyi, bir az xoş vaxt keçirdikdən sonra gözəl xatirələr ilə ayrılmağı düşünürdü. Qabriel isə Aleksandranı sözə tutub qalması üçün onu razı salmaq istəyirdi. Aleksandra vəziyyəti belə görüb durub getmək istədi. Əsəblərinin gərginləşdiyi son anlarda Qabriel qəzəbini boğmaqda çətinlik çəkirdi, yumruqlarını sıxmışdı. Gözləri dolmuş, səsi titrəmişdi. Az qala yalvaracaqdı. Bax beləcə Aleksandra Qabrielin gizlətməyə çalışdığı o uşağı yenidən görmüşdü. O, yenə də yataqda kişiləşən gənc oğlan deyil, çətinlik qarşısında ağlamağa hazır olan balaca uşaq idi. İllər keçdi, amma Qabriel Aleksandranın qabağında düşdüyü vəziyyəti unuda bilmədi. Gələcəyin qadın düşməni olan məşhur yazıçı belə doğuldu.

Избранный
28
1
kulis.az

2Источники