RU

Yekaterenburq terroru: Rəhbəri məhkum edilən ölkənin istintaqı

BAKI, 29 iyun. TELEQRAF

Xalqlar həbsxanasının Bastiliya aqibəti

Rus inqilabının lideri Vladimir İliç Lenin hələ 1902-ci ildə çap etdirdiyi bir məqalədə Çar Rusiyasını "xalqlar həbsxanası" adlandıraraq yazırdı: "Çar Rusiyası qeyri-rusların boğulması, onların hüquqsuzluğu və milli təhqiri üzərində qurulmuş imperiyadır". Leninin ardıcılları hər nə qədər Çar Rusiyasının milli siyasətini davam etdirsələr belə Leninin diaqnozu son dərəcə əsaslı və düzgündür. Belə ki, bu diaqnoz tarixin özünə və Çar Rusiyasının etnik siyasətinə əsaslanır.

Sovet Rusiyasının bir çox hallarda qapalı, bəzən isə açıq formada apardığı etnik siyasət müstəqillik illərindən sonra açıq və dağıdıcı bir mərhələyə qədəm qoymuşdur. Ancaq bu siyasətin Rusiyaya şərəf gətirmədiyi də ortadadır. Çünki Rusiya əhalisinin ən yumşaq variantda beşdə birini qeyri-ruslar təşkil edir və hər cür etnik diskriminasiya, milli ayıseçkilik rus dövlətinin əsaslarını sarsıdır. Məhz bu münasibətlər fonunda Rusiyada yaşayan bir çox xalq azadlığa, milli müstəqilliyə can atır.

Azərbaycan isə XX əsrdə iki dəfə öz müstəqilliyini qazanıb. Hər iki halda da Azərbaycan bu müstəqilliyini Rusiyanın əlindən alıb, başqa cür desək Rusiyanın "xalqlar həbsxanası"ndan azadlığıa çıxmağı bacarıb. 1920-ci ildə Rusiya Azərbaycanı yenidən həbsxanaya qaytarmağı bacarsa da indi 1920-ci il deyil. Azərbaycan qüdrətli bir dövlət kimi daim öz varlığını təsdiqləyir, nüfuzunu atırır, məhz rus strateqlərinin ilham verdiyi Qarabağ münaqişəsini öz hərbi gücü hesabına həll edib.

Bu gün Azərbaycan regionunun lider dövlətidir, öz sərhədlərini özü qoruyur, öz dövlət suverenliyini özü təmin edib. Halbuki, Azərbaycan SSRİ-dən çıxanda Dağlıq Qarabağ Muxtar Vilayəti ancaq de-yure Azərbaycan ərazisi idi, de-fakto deyildi. Qarabağ müharibəsində misilsiz qələbə qazanmaqla Azərbaycan SSRİ hakimiyyətinin onun əlindən aldığı suverenliyi də bərpa etdi, əraziləri də azad etdi.

Azərbaycanın, Azərnaycan ordusunun bu görkəmli qələbəsi cəbhədən min kilometrlərlə uzaqda yerləşən Murmanskı və İrkutskı qoruya bilməyən Rusiya üçün əlbəttə ki, uzaq bir hədəfdir. Kursku qoruya bilməyən bir ölkədən başqa nə gözləmək olar? Öz ərazisini qorumaq üçün Şimali Koreyadan legioner ixrac edən Rusiyanın əzəmətli göründüyü dövrlər çoxdan keçib. Üç gündə Kiyevə girmək sözü verən Kreml üç ildən artıqdır ki, Ukrayna çöllərində ən azı 100 min əsgər itirmişdir. Bu bitmək bilməyən və insan dəyirmanına çevrilən müharibə Rusiyanın qlobal miqyasda nüfuzunu itirməyin parlaq sübutudur. Bunu Rusiyanın tarixi də təsdiq edir.

Və Rusiyanın tarixi başqa bir məqamı da göstərir. Belə ki, Rusiya nə zaman zəifləsə, nə zaman güc və nüfuz itirsə milli məsələ kartı ortalığa atılır. 1905-ci ildə də bu belə olmuşdu, 1917-ci ildə də və əlbəttə Sovet imperiyasının son illərində də. Fikir verin, hər üç tarix də xalqımıza divan tutulması ilə bağlıdır. 1905-ci il qırğınları, 1918-ci ilin mart soyqırımı və nəhayət Azərbaycanlarının deportasiyası, 20 Yanvar, Qarabağ hadisələri ilə davam edib Xocalı ilə yekunlaşan illər... Kreml rəhbərliyi hər dəfə çətinə düşəndə səpdiyi etnik toxumları yenidən cücərdir, milli münaqişələr yaradır.

Yekaterenburqda baş verən hadisələr Rusiyanın bir dövlət kimi qəddarlığının, amansızlığının və barbarlığının təkzibedilməz sübutudur. Qardaşlarının itirən ədəbiyyatşünas Seyfəddin Hüseynlinin dediyi kimi bu onların ailəsinə qarşı yox bütövlükdə Azərbaycana qarşı hücumdur, Azərbaycan xalqına qarşı hücumdur. İstintaqı aparmağın qaydaları, qanunları var. İcra edilən akt isə istintaq deyil, dövləti ələ keçirən quldur dəstəsinin basqını, ancaq banan respublikalarına yaraşan bir görsənişdir. 2001-ci ildə törədilən bir cinayətə görə o zaman 4-5 yaşı olan bir şəxslərin məsuliyyətə cəlb edilməsinin başqa bir izahı varmı? Dünyanın hansı ölkəsində polis əməliyyatında beş nəfər öldürülür? Qalanlarına isə olmazın işgəncələr verilir? Bəziləri Yekaterenburq əməliyyatını 1937-ci il hadisələri ilə müzakirə edir. Ancaq bu cür “istintaq” heç 1937-ci ildə də aparılmırdı. O zaman heç olmasa, 20 dəqiqəlik məhkəmələr keçirilir, ittihamlar elan edilir və hökm icra edilirdi. Daha heç kimin evinə soxulub onu güllələmirdilər.

Öz vətəndaşlarını öldürən bir rejimin sağ qalmaq şansı yoxdur. Bu taleyin min dəfələrlə təsdiq edilən məlum bir həqiqətidir. AZAL təyyarəsinə olan hücumda belə Rusiya özünü ləyaqətlə aparmağı bacarmadı, onun öz xalqına xain çıxan canişinlərindən biri ortalığa düşüb Azərbaycan əleyhinə danışmağa özündə cürət belə tapdı. Dövlət səviyyəsində Azərbaycanın qoyduğu tələblər də yerinə yetirilmədi. Ardınca Rusiya təbliğatının muzdlu nökərlərindən birinə cavab verən Milli Məclisin deputatı Rusiyaya buraxılmadı. İndiki vəziyyətdə isə Rusiya Xarici İşlər Nazirliyi Yeketerenburq qətliamını istintaq hadisəsi kimi qələmə verərək misilsiz bir həyasızlıq nümunəsi nümayiş etdirir. Haqqında məhkəmə hökmü olduğuna görə bir çox ölkələrə səyahət edə bilməyən şəxsin rəhbərlik etdiyi bir ölkədə istintaq sözünün özü belə gülünc görünür.

Yeketerenburq soyqırımı Azərbaycan faciəsidir. Ancaq faciənin səbəbkarları Azərbaycan xalqında heç bir təəccüb yaratmadı. Azərbaycan xalqı Rusiyadan belə soyqırımları çox görmüşdür. Baş verənlər fonunda Azərbaycan dövlətinin apardığı siyasət, sözün əsl mənasında müstəqilliyi, suverenliyini təmin etməsi, bir ölkə kimi Rusiyadan asılılığını tamamilə ləğv etməsi mühüm əhəmiyyət daşıyır. Və tarix göstərir ki, Ukraynada sarsıdıcı məğlubiyyət alan, iqtisadi olaraq süqutun eşiyində olan xalqlar həbsxanasısının dağılması çox yaxındır. Keçən əsrdə iki dəfə dağılan bu həbsxana üçüncü süqutuna yaxınlaşır. Bu gün baş verən bütün hadisələr birinci və ikinci süqut zamanı baş verən prosesləri xatırladır. Birinci Dünya Müharibəsi Çar Rusiyasının, Əfqanıstan müharibəsi isə SSRİ-nin sonunu hazırladığı kimi Ukrayna müharibəsi də Rusiya Federasiyasının sonun hazırlayır. XX əsrdə despotizmin gələcəyi yoxdur. Belə bir hakimiyyət Tolstoy, Çexov, Tarkovskilər yetişdirən rus xalqına qarşı ən böyük təhqirdir.

Избранный
21
50
teleqraf.com

10Источники