İtaliyanın Kaorle şəhərində 15 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında 3 medal qazanan qızlardan ibarət Azərbaycan milli komandası vətənə qayıdıb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız 1 gümüş, 2 bürünc medal əldə edərək 82 xalla komanda hesabında 5-ci yeri tutub.

Milli komandamız həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də yekun sıralamadakı mövqeyinə görə ən yaxşı nəticəyə imza atıb.

Güləşçilərin qarşılanma mərasimində böyük məşqçi və medalçılar öz ürək sözlərini bildiriblər.

Həsrət Məmmədyarov, böyük məşqçi:

“Bu nəticəni qənaətbəxş qiymətləndirirəm. İnşallah, təlim-məşq toplantılarımız davam etdikcə bundan da artıq nəticələr verə bilərik. Bu yarışa hazırlıq prosesində bizə yaradılan şəraitə görə federasiyamıza təşəkkürümü bildirirəm. Bundan da çox medal qazana bilərdik. Amma nəzərə alaq ki, heyətin əksər üzvü ilk dəfə böyük yarışda çıxış edirdi. Ölkə çempionatından sonra yeni qızlar komandaya cəlb edilib. Fikrimcə, ildən-ilə nəticəmiz daha da yaxşılaşacaq”.

Simurə Abdullayeva, Avropa ikincisi:

“Bu qələbəmi 26 iyun – Silahlı Qüvvələr gününə özəl olaraq, şəhidlərimizə və hərbçilərimizə həsr edirəm. Üstümdə əziyyəti olan ailəmə, şəxsi məşqçim Orxan müəllimə və mənə dəstək olan yığma məşqçilərinə öz dərin təşəkkürümü bildirirəm. İnşallah, qarşıdan gələn yarışlara daha yaxşı hazırlaşıb, bundan da yaxşı nəticələr göstərərək, bayrağımızı fəxrlə dalğalandıraram”.

Məryəm Əmrəli, Avropa üçüncüsü:

“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. İlk dəfə Avropa çempionatında iştirak edirdim. Ona görə də həyəcan var idi. Amma çalışdım ki, həyəcanımın yarışıma təsiri olmasın. Özümdən çempionluq gözləyirdim. Amma bürünc medal qazandım. Bəzi səhvlərə görə çempion ola bilmədim”.

Leyla Əsgərova, Avropa üçüncüsü:

“Bu yarışa çox hazırlaşmışdım. Əslində finala çıxmağı və çempion olmağı gözləyirdim. Alınmadı. Bu, mənim ilk Avropa çempionatım idi. Üçüncü yerə nail oldum. Çox sevincliyəm. İlk başda atama dərin təşəkkürümü bildirirəm. Çünki atam məni bu yola kimi gətirib. Daha sonra şəxsi məşqçim Eşqin Həsənova, yığma məşqçilərinə, mənə dəstək olan Mariya Stadnikə və fiziki hazırlıq üzrə məşqçim Sənan müəllimə də minnətdaram. Onların hər birinin üzərimdə böyük əziyyəti var. İnşallah, onların əziyyətini yerə vurmayacağam. Qarşıda hələ çox yarışlar var. Bu yarışlara ciddi hazırlaşıb, bayrağımızı dalğalandıracağam”.