RU

Mənim ilk və son sevgilim odur - Telli Pənahqızı ilə MÜSAHİBƏ

Heç vaxt Allahın mənə verdiyi və hər kəsin illər boyu tanıdığı sifətimi dəyişdirə bilmərəm...

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, şairə, publisist Telli Pənahqızı “İki sahil”ə müsahibə verib. Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində baş tutan müsahibədə Telli xanım müxtəlifyönlü suallarımıza maraqlı cavablar verib. Müsahibəni təqdim edirik.



 -Telli xanım, əhvalınız necədir?

-Əhvalım necə olacaq? Dünyada baş verən hadisələrin dalğası hardasa bizə də çatır. Yer kürəsi narahatlıq içindədir. Müharibə hər yanı öz cənginə alıb. İsrail-İran savaşı burnumuzun dibindədir. Mən də Vətənim, xalqım üçün narahatlıq keçirən insanam. 

 Allah hamını qorusun. Əminəm ki, bu dava sülhlə başa çatacaq. İnsanlıq naminə heç kim, hər hansı tərəfdən olmasından asılı olmayaraq, adamların ölməsini istəməz.   

- Qərbi Azərbaycanda dünyaya göz açmısınız. Doğulduğunuz Böyük Vedini necə xatırlayırsınız?

-Böyük Vedi mənim hafizəmdə  necə qalıb?... Orada doğulub-böyümüşəm, orta məktəbi bitirmişəm. Uşaqlıq illərimin gözəl günləri o kənddə keçib, xatirələrim ora ilə bağlıdır. Toylarda, bayramlarda, şad günlərdə insanların necə sevindiyini, fərəhləndiyini görmüşəm. Hansı adət-ənənələrin olduğu bu dəqiqə də yaddaşımdadır. O yerlərdə nənə-babalarımız  köç salıb, binə qurublar.  Biz qayıdandan sonra balalarımıza o yerlərin məhz bizim olduğunu sübuta yetirmək üçün çox şeylər danışacağıq. Təəssüf ki, böyüklərimiz o zaman bizə 1918-48-ci illərdə köçürülən insanlar haqqında danışmırdılar. Bəlkə də sovet dövrü olduğu üçün belə olub. Hər halda, biz çox şeyləri bilmirdik. Bir çox mətləblər Qarabağ müharibəsindən sonra aydınlaşdı.

-Artıq qayıtmaq üçün yönümüzü doğma yurda çevirmişik. Qayıdış hərəkatı ilə bağlı aparılan fəaliyyətlər haqqında nələri deyə bilərsiniz?

-Bəli, qayıtmaq üçün yola çıxmışıq. Qərbi Azərbaycan bizim Ana Vətənimizdir. Doğma yurdumuza getmək boynumuzun borcudur. Dəfələrlə bu cür köçürülmələr olub. Müharibələr bitdikdən,  münasibətlər bərpa olunduqdan sonra insanlar öz yurd yerlərinə geri qayıdıblar. Təəssüf ki, gedən min nəfərdən iki, ya üç yüz adam ancaq qayıdıb. Bizim sonuncu ayrılığımız, o torpaqlardan deportasiya olunmağımız bir az uzun çəkdi. Necə ki, Qarabağa yeni nəsillər bir az yad adam kimi gedir, bizim uşaqlarımızda da bu hal yaşanacaq.  Amma bütün bunlara baxmayaraq, ora bizm üçün Vətəndir, yurddur və əminəm ki, qayıdış olacaq.

Yurda qayıdış məsələsi bütövlükdə ölkənin, dövlətin işidir. Bununla bağlı artıq birbaşa Prezident İlham Əliyevin nəzarəti altında işlər həyata keçirilir. Bu məsələdə hər kəs əlindən gələni etməlidir. Əminəm ki, günlərin bir günündə biz mütləq qayıdacağıq.  

-Telli xanım, milli mətbuatımızın 150 illiyi ərəfəsindəyik. Bu gün mətbuatımız haqqında nələri dilə gətirmək istərdiniz? Mətbuatın üzərinə düşən əsas vəzifə nədir?

-Milli mətbuatımızın 150 illik tarixə malik olması çox fərəhli hadisədir. Mətbuatımızın 150 illik yubileyi münasibətilə bütün qələmdaşlarımı ürəkdən təbrik edirəm. Onlara həqiqətləri yazmağı, intriqalara qoşulmamağı arzulayıram. Çünki jurnalist haqqı yazmalı, fakta əsaslanmalıdır. 5-10 manat qazanmaq üçün kiməsə qara yaxmamalı, kiminsə tərəfini tutmamalıdır. Həqiqət, həqiqət və yenə də həqiqət! Nə qədər çətin olsa da, jurnalistin boynunun borcu həqiqəti yazmaqdır. Təəssüf ki, son illərdə mətbuatımızda bu məsələdə əndazəni xeyli aşanlar var.

-Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüsünüz.  Cəmiyyətimizdə televiziya verilişlərindən şikayətlər çoxdur. Xüsusilə, sosial problemləri işıqlandırmaq adı altında təqdim olunan serial tipli şoular qarşısına çıxan bütün dəyərləri əzib keçmirmi? Çıxış yolunu nədə görürsünüz?

- Özüm televiziyaçı olsam da, mən də çox vaxt televiziya verilişlərindən şikayətçiyəm. Amma insanlar sosial layihələrə daha çox meyil edir, maraq göstərirlər. İnsan olaraq,  xislətimizdə başqasının dərdini gülüş obyektinə çevirmək, məzələnmək kimi məqamlar var.  Çox zaman bu cür verilişlərin reytinqinin yüksək olduğunu deyirlər. Amma nəyə görə yüksəkdir? Əsas sual budur.  Evdə oturan xanımların  çoxunun işi dedi-qodu ilə məşğul olmaqdır. Onlar efirə çıxarılan müxtəlif  problemli insanları görəndə sonun necə olacağı ilə maraqlanmağa başlayırlar. Dünyanın hər yerində televiziyalar belə layihələr hazırlayır. Amma əsas məsələ ondan kimin necə istifadə etdiyidir. Mənə elə gəlir ki, həmin sosial proqramları aparanlar əvvəlcə öz daxili dünyasına baş vurmalıdır. Düşünməlidir ki, mən hər hansı bir insanı ora çıxarıb yardım etmək istəyirəmsə, bunun daha təmkinli, daha sivil, mədəni  yolunu seçməliyəm. Təəssüf ki, bir az əndazəni aşırıq.

Şuranın bəzi qadağaları, verilişləri müəyyən müddət  bağlamağı hər hansı verilişə başucalığa gətirmir. Amma bəzən belə şeylər olur. Şura hansısa bir telekanalı bir neçə saatlıq  və ya günlük cəzalandırır, amma yenə də o şoular qarşımıza çıxır. Dediyiniz kimi, o cür verilişlər bütün dəyərləri əzib keçir. Çıxış yolu ilk növbədə insanın vicdanından asılıdır. Efirə çıxırıqsa,  özümüzü  bizə baxan milyonlarla insanın yerinə qoymalıyıq və fikirləşməliyik ki, insanlar bu verilişlərdən nə götürürlər? Televiziya verilişləri ilk növbədə mənəvi dəyərləri yüksəltmək, insanların mənəviyyatına kömək etmək üçün hazırlanmalıdır.

-Belə proqramlardan izlədikləriniz varmı?

-Bəzən qarşıma çıxır və 5-10 dəqiqə baxıram. Sonra görürəm ki, böyük qalmaqallar yaradır, hədyan sözlər danışırlar. Bəzi hallarda aparıcı özü də yaranmış vəziyyəti idarə edə bilmir. Çıxış yolları axtarır. Nə deyə bilərəm? Mən belə veriliş hazırlamamışam,  hazırlamaq niyyətim də yoxdur.

-Bəs vaxtilə bu tipli verilişlər olurdumu?

-Bir az öz dövrümü xatırlasam, belələrin o zaman efirə qoymurdular. Bu cür verilişlər hazırlamırdılar. Biz sosial məsələlərə diqqət yetirməyə, problemləri insanların qavraya biləcəyi, onları rahatlada biləcək şəkildə izah etməyə çalışırdıq.  Adamları məsxərəyə, dedi-qodu obyektinə çevirmirdik. Çalışırdıq ki, kömək edək.    

-Telli xanım, müasir dövrün diktəsi olan texnoloji yeniliklərin jurnalistikaya təsirindən danışaq.  Proqnozlara görə, süni zəka jurnalistikanı, bu peşə sahiblərini sıradan çıxaracaq.  Bu fikirlə razılaşırsız?

-Süni zəkanın jurnalistikanı sıradan çıxaracağı fikrini qəbul etmirəm. Çünki sözü sən yazanda ora  ürəyinin bütün döyüntüsünü köçürürsən. Yəni, mənim yazılarımda belədir. Yazılarımı insanları görə-görə yazıram. Amma süni zəka sünidirsə,  deməli elə o cür də yazır. İnşallah, yaşayıb necə olacağını görərik...

-Bədii yaradıcılığınızın jurnalistikaya qurban getdiyini düşünmürsünüz ki? Məsələn, daha irihəcimli əsərlər, romanlar yazmaq kimi planlarınız varmı?  

-Mən heç vaxt jurnalistikaya yaradıcılığımı qurban verdiyimi düşünməmişəm. Elə jurnalistika da  bədii yaradıcılıqdır. Çünki mənim yazılarımı, oçerklərimi, müxtəlif qəzet və jurnallarda dərc olunmuş məqalələrimi və hazırladığım verilşilərimin hamısını yaradıcı jurnalistikanın məhsulu saymaq olar. Sözü havaya üfürən adam deyiləm. Yazdığım yazıların hamısını ürəyimin qanı ilə yazıram. Çalışmışam ki, kiçik süjetdə də insanların ürəyini tərpədə biləcək bir nöqtə qoyum, onlar bu yazını mənim yazdığımı bilsinlər. Düşünmürəm ki, indiyəcən yaradıcılığım hansısa televiziya fəaliyyətimə qurban gedib. Allaha şükür ki, 10 kitab müəllifiyəm. Şeirlərdən ibarət növbəti ikicildliyimi hazırlayıram. Nə yaxşı ki, Allah mənə şeir yazmaq bacarığını da verib.  Bəzən televiziyanın qəlibinə sığmaq olmur. Dünyaya bir az da bədii təfəkkürün gözü ilə baxa bilmək gözəldir. Allah vergisi olan bir yaradıcılıq verilib mənə. Şeirlərimi oxuyanlar da razı qalırlar. Çünki elə-belə şeir yazmıram. Ürəyimin qanı ilə yazıram.

-Səhv etmirəmsə, Ümummilli Lider Heydər Əliyevdən iki dəfə müsahibə almısınız. Onu necə bir müsahib kimi xatırlayırsınız?  Həmsöhbətini çətinə salırdı?

-Ümummili Liderimiz Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. İki dəfə isə müsahibə almışam. Sonrakı dövrlərdə  yenə də görüşlərimiz olub. O, çox gözəl müsahib idi. İnsanı başa düşən, suallara səbirlə qulaq asan, cavablarını çox izah edən müsahib idi. Məsələn, Onun cavabını heç bir əlavə etmədən olduğu kimi yazmaq olurdu. Heydər Əliyev mənim xatirimdə çox nəhəng bir insan kimi qalıb. Allah ona rəhmət eləsin. Mən onu çox sevirdim. Heç vaxt müsahibini çətinə salmazdı. Əksinə, çox kömək edirdi. O zaman biz çox cavan idik. Bəzən sualı verməyə çəkinirdik. Deyirdi ki, siz sualınızı verin, mən cavablandıracam. Çox səmimi, mehriban, insanı başa düşən idi. Mən indi elə yaşdayam ki, Onun haqqında saatlarla danışa bilərəm. O zaman mənə çox əlçatmaz, dahi bir insan kimi görünürdü. Onun qarşısında dayanıb sual verməyin özü də çox böyük bacarıq və cəsarət tələb edirdi. Nə yaxşı ki, mən onunla görüşmüşəm, müsahibə almışam. Bu, mənim həyatımın ən qızıl dövrlərindən biri sayıla bilər.   

-10 il “Qocalar evi”ndən verilişlər hazırlamısınız. Nələrə şahid oldunuz, həyatın gerçəkləri ilə bağlı nələri öyrəndiniz o illər ərzində?

-“Qocalar evi” mənim həyatımın 10 ilini aldı. Siz bunu nə gözəl tapmısınız. Nələrə şahid olmadım, nələr görmədim?  Həyat gerçəklərinin içindən çıxan talelərin hər biri bir hekayənin, bir povestin mövzusu ola bilər. Məhz “Qocalar evi”nə həsr olunan bir hekayəm var.  Həyatda heç kəs başına nə gələcəyini bilmir. Bu baxımdan “Qocalar evi”nin olması bəlkə də yaxşıdır. Amma mən istəyərdim ki, heç bir yerdə bu evlər olmasın. Çünki insan övladı dünyaya gətirir, əziyyətini çəkir, böyüdür. Sonra övlad ona sahib çıxmayanda, üz döndərəndə faciə başlayır. Bu dünyanın ən faciəli, dəhşətli məqamlarından biri atılmış ata-ana ilə üz-üzə oturub söhbət etməkdir.  

-Bu gün cəmiyyətmizə, insanlara baxanda daha çox hansı hallardan narahat olursunuz?

-Cəmiyyət mənfiyə doğru çox inkişaf edib. İnsanların bir-birinə hörməti, sevgisi azalıb. Böyük-kiçik yeri bilən yoxdur. Hətta, balaca bir uşağa söz deyirsən üzünə qabarır, elə cavab verir ki,  dəymişin durarkən kalın tökülür. Ona görə də mən gənclərlə çox ehtiyatlı dolanıram. Allah hamısına kömək olsun. Yəqin cəmiyyətin üzü bir az da qabarıq dalğalara doğru gedir. Gözləyək, görək nə olacaq...

-Gəncliyiniz bugünkü  dövrə təsadüf etsəydi, yenə jurnalistikanı seçərdinizmi?

-Mənim ilk və son sevgilim jurnalistikadır. Jurnalistikanı dünyada bütün peşələrin şahı sayıram. Şəxsən mənə belə gəlir. Çünki mən sözlə yaşamağı, oynamağı, sözü deməyi xoşlayan adamam. 

-Telli xanım, bu gün müxtəlif növ estetik əməliyyatlar  çox yayılıb. Daim insanların gözü önündə olan bir xanım kimi bunlardan istifadə edirsinizmi və yaxud bu məsələyə baxışınız necədir?

-Yox, estetik əməliyyatlar mənlik deyil. Heç vaxt Allahın mənə verdiyi və hər kəsin illər boyu tanıdığı sifətimi dəyişdirə bilmərəm. Məni kim sevirsə, belə sevsin. Sevməyən də özü bilər (gülür). İllər nə aparıb-aparıb, qalanına da şükür edirəm. Cəsarət tapıb gedib nəsə edənləri də qınamıram. Amma yaraşanın, həddində, gözəl olanını xoşlayıram. Yoxsa, dodaq bir kilo, yanaq qıpqırmızı və s. mənlik deyil.

 -Yay fəsli gəlib. İstirahət etmək üçün hansı məkanları seçirsiniz?

-Mənə elə gəlir ki, günün harada xoş keçirsə, ora ən yaxşı istirahət yeridir. Ölkədən çıxmaq  qismət olsa, harasa gedərəm. Olmasa da, öz evim, öz çadırım və ailəmin içində keçirərəm.

-Jurnalistika sahəsində uzun illər külüng çalan bir insan kimi mətbuatın 150 illik yubileyindən gözləntiniz varmı?

-Yubileydən nə gözləntim ola bilər? Allaha şükür olsun ki, Azərbaycan jurnalistikası 150 ildir fəaliyyət göstərir.  Bu illər ərzində, yaxşı-pis, hamımız bir tarix yazmağa çalışmışıq. Yubileyi keçiriləndə də dəvət etsələr, gedərəm. Yada düşməsəm də, yenə canları sağ olsun. Hər halda mən jurnalistəm. Mənim də bayramımdır. Düşünürəm ki, bayram münasibətilə məni də təbrik edənlər olacaq. Çünki  həm yazılı mətbuatda, həm də televiziyada uzun illərdir çalışıram. İnanıram ki, əməyimə verilən yüksək qiymət, mükafatlar, ordenlər mənə rəhbərliyin, dövlətimin qiymətidir. Bundan böyük xoşbəxtlik ola bilməz.

Mən sizi də təbrik edirəm. Can sağlığı arzulayıram. Əlinizdəki qələm hər zaman həqiqəti yazsın. Qolunuz qüvvətli olsun və heç vaxt heç kimin paxıllığını çəkməyin. Allahdan nə istəyirsinizsə, Yaradan sizə onu verəcək. Çünki düzgün və qətiyyətli olanları, dövlətini, Vətənini,  insanları sevənləri Allah da sevir. Allah razı olsun. Təşəkkür edirəm.

-Hörmətli Telli xanım, biz də öz adımızdan sizi milli mətbuatımızın 150 illiyi münasibətilə təbrik edirik. Sağlam can, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!  Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Aygün İbrahimli

Избранный
25
50
ikisahil.az

10Источники