RU

“Rus sektoruna qəbul dayandırılmalıdır” – Deputatdan SENSASİON AÇIQLAMA

“Nəyə görə daxilimizdəki orta məktəblərdə başqa bir ölkənin dili tədris olunmalıdır? Bu, qətiyyən başa düşülən bir məsələ deyil. 300-dən çox rusdilli məktəb var. Bunlar Azərbaycan dövlətinin, vergi ödəyicilərinin ödədikləri vergi hesabına fəaliyyət göstərir. Faktiki olaraq biz başqa bir ölkə üçün kadr hazırlayırıq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elşad Musayev deyib.

O, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamdan sonra iki ölkə arasında baş verən gərginliyə diqqət çəkib:

“Rusiya bizə qonşu olan böyük dövlətdir. Qaba gücdür. Ölkənin dövlətçilik siyasəti imperiya ambissiyalarının üzərində qurulub. Əraziləri genişləndirmək, ətraf bölgələri öz işğalı altına almaq yaxud da özünün təsir dairəsində saxlamaq amilləri üzərində dayanır. Siyasi xəttini buna uyğun şəkildə aparır”.

Deputat son günlər davamlı olaraq müzakirə edilən rusdilli orta məktəblərin fəaliyyətini dayandırması mövzusuna da toxunub. O, qeyd edib ki, sözügedən məktəblər fəaliyyətini ödənişli əsaslarla həyata keçirməlidir.

“Kiminsə övladı rus dilli məktəbdə oxutmaq istəyirsə, versin pulunu oxutsun. Biz illər əvvəldən xəbərdarlıq edirdik, həyəcan siqnalı verirdik. Rusiya bu bölgədə olan  - Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələri özünün vassalı kimi görmək istəyir. Ölkədə rusdilli məktəbin olması, insanların rus dilində danışması belə onun üçün yetərli deyil.

Rusiyanın burada kifayət qədər təhsil agentləri də mövcuddur. Bunlar isə daha çox rus dilində təhsil alanlardır. Onlar Rusiyanın dilini, mədəniyyətini, incəsənətini, dövlətçiliyini təbliğ edirlər. Uşaqlar ana dili kimi rus dilini bilir. Hesab edirəm ki, bu fəaliyyət ziyanlıdır”.

Onun sözlərinə görə, türk dünyasının parçası olan dövlətin təhsil sistemi Rusiya üçün kadr hazırlaya bilməz.

“Birdən-birə bu fəaliyyəti dayandırmaq bir qədər çətindir. Lakin bu ildən etibarən artıq məktəblərə qəbul dayandırılmalıdır. İnsanlar gedib öz dillərində oxumalıdırlar. Başqa bir dildə təhsil almaq kifayət qədər biabırçı bir hadisədir. Rusiya ilə Azərbaycan arasında düşmənçiliyin tərəfdarı deyilik. Rusiya öz yerini bilməlidir. Lakin bütün hallarda o öz ambisiyalarından və iddialarından çəkinməyəcək. Biz müstəqil siyasətimizi aparmalıyıq”.

Ayşən Rəhim, Bizim.Media

Избранный
25
36
bizim.media

10Источники