RU

“Biz tariximizi və başımıza gətirilən müsibətləri qətiyyən unutmamalıyıq”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh anlaşmasının mətni artıq hər iki tərəflə razılaşdırılıb. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da xüsusi komissiya işləyir və ümid var ki, sərhədlərin tanınmasına dair növbəti mərhələnin də işinə yaxın zamanda başlanılacaq”.Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputatın sözlərinə görə, bütün bu prosesləri müsbət yekunlaşdıra bilmək üçün Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməlidir, onlar isə bunu etmir: “Azərbaycan tərəfinin əsas şərti olan Azərbaycana qarşı ərazi iddiasından əl çəkilməsi və ATƏT Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan tərəfinə rəsmi müraciət edilməsi məsələləri hələ də açıq qalmaqdadır. Eyni zamanda, Ermənistanda Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini 2027-ci ilin fevralı ayına qədər uzadıb. Bu da əlavə bir problemdir. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfinin öhdəliyinin yerinə yetirilməsi ilə bağlı da hər hansı bir irəliləyişi biz görə bilmirik. Çünki Ermənistan tərəfi özlərinə xeyir edən fərqli bir layihə ortaya atıblar, onu müdafiə edirlər və onun həyata keçirilməsi üçün açıqlamalar verirlər, danışıqlar aparırlar”.

N.Həmzəyev vurğulayıb ki, bu şərtlər gec-tez yerinə yetiriləcəyi təqdirdə Azərbaycan və Ermənistan arasında sülhün baş tutması reallaşa biləcək: “Biz fikirləşirik ki, 2026-cı ildə Ermənistanda mütləq referendum keçiriləcək, Ermənistan öz Konstitusiyasına və digər qanunlarına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək. Həmçinin Türkiyəyə qarşı ərazi iddialarından əl çəkiləcək. Bu proseslər baş tutacağı təqdirdə biz inanırıq ki, Ermənistan və Azərbaycan arasında sülh anlaşması olacaq, daha sonra isə bu prosesi daha da irəli apara bilmək, sülhü davamlı edə bilmək üçün bir çox tədbirlər həyata keçiriləcək. Bu da qarşılıqlı fəaliyyət proqramı hazırlanması ilə mümkün ola bilər. Həm vətəndaş cəmiyyətinin, gənclərin yaxınlaşması, həmçinin media mənsublarının, parlament diplomtiyası və parlamentarilərin yaxınlaşması, hər iki hökumət tərəfindən münasibətləri irəli apara bilmək üçün bəzi qərarların verilməsi, bir sözlə, bunlar sülh anlaşması imzalandıqdan sonra həyata keçiriləcək işlərdir. Ancaq sülh baş tutsa da biz tariximizi və keçmişdə başımıza gətirilən müsibətləri qətiyyən unutmamalıyıq. Belə olacağı təqdirdə biz regiondakı öz mövqeyimizi və yaratdığımız yeni reallıqları qoruyub saxlaya biləcəyik və günü-gündən daha da güclənəcəyik”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
24
icma.az

10Источники