BAKI, 1 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə təcavüzü cinayətinə görə xüsusi tribunalın yaradılması haqqında sazişin ratifikasiyası üçün sənədləri imzalayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.
Dövlət başçısı bildirib ki, bu yaxınlarda Ukrayna ilə Avropa Şurası arasında müvafiq saziş imzalanıb və tribunalın faktiki yaradılması prosesinə başlamaq üçün dərhal ratifikasiya edilməlidir:
“Mən həmçinin tribunalın yaradılması haqqında sazişin tam icrası üçün hər şeyin yüz faiz bizim tərəfimizdən təmin olunması üçün mümkün qədər tez lazımi qanunvericilik dəyişikliklərini hazırlayıb Ukrayna Ali Radasına təqdim etməyi tapşırdım. Deputatlarımızdan xahiş edirəm ki, bu məsələyə təcili baxsınlar”.
Zelenski törətdiyi cinayətlərə görə Rusiyanın cəzalandırılmasının qaçılmaz olduğunu vurğulayıb:
“Bu il Rusiya hiss etməlidir ki, onların təcavüz cinayətinə görə məsuliyyəti qaçılmazdır və həqiqətən də Rusiyanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq hüquqi proses başlayıb. Təcavüz cinayətdir və Rusiyanın bu cinayətə görə qaçılmaz cəzası dünyada öz xalqı üçün dinc həyat istəyən hər kəsin qlobal maraqlarına cavab verir”.
Xatırladaq ki, iyunun 25-də Zelenski və Avropa Şurasının baş katibi Alan Berse Rusiyaya qarşı xüsusi tribunalın yaradılması haqqında saziş imzalayıb.
Xüsusi tribunalın yaradılması üzrə işə 39 dövlət, Avropa İttifaqı və Avropa Şurası qoşulub. Ümumilikdə, hazırlıq iki ildən çox çəkib.