RU

Mixail Zabelin: Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətini qiymətləndirmək çətindir - MÜSAHİBƏ

BAKI, 1 iyul. TELEQRAF

Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin son zamanlar Rusiya-Azərbaycan arasında yaranan gərginlik və Yekaterinburqda azərbaycanlılara qarşı olan zorakılıqla bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı olan zorakı münasibətə reaksiyanız necə oldu? Sizcə, bu hadisələrin kökündə hansı amillər dayanır?

- Yekaterinburqda baş verənlərlə bağlı Azərbaycandakı rus icması adından bəyanat yayımlandı. Biz Yekaterinburqda baş verənləri qəti şəkildə pisləyirik. Təbii ki, həbs edilən zamanı həlak olanların yaxınlarının çəkdikləri acını sözlə ifadə etmək mümkün deyil. Onların yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Reaksiyamıza gəlincə, biz bəyanat verdik və bəyanatımızda məmurların, xüsusən də bu şəxslərin döyülərək öldürülməsində əli olanların qanunsuz və qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləmişik.

- Son zamanlar Rusiyada artan şovinist çağırışlar və ayrı-seçkilik halları nə ilə bağlıdır?

- Sözsüz ki, onlar da insandır. Amma həbs və digər zəruri tədbirlər zamanı belə qəddar rəftar qəbuledilməzdir. Kim olur olsun, Rusiya Federasiyasının qanunlarını pozan insanlarla belə bu cür rəftar yolverilməzdir. Onların Rusiya vətəndaşı olmalarına baxmayaraq, belə davranış qəti şəkildə qəbul olunmur. İnsan tələfatına və onların xəsarət almasına səbəb olacaq güc tətbiqi bütün hallarda qeyri-insani davranışdır.

- Bu məsələ iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafına necə təsir edəcək?

- Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərə bu hadisələr fonunda çox ciddi zərbə dəyib. Bu hallar iki ölkə arasında imzalanmış sənədlərin də mahiyyətinə təsir edir. Ona görə də Rusiya ilə Azərbaycan arasında münasibətlərin indiki vəziyyətini qiymətləndirmək çox çətindir.

- Baş verənlərlə bağlı Rusiyadan olan dostlarınızla hansısa söhbətlər aparmısınızmı?

- Bu mövzulara aid heç kəslə danışmamışam. Nə Rusiya, nə də oradakı Azərbaycan diasporu, rusiyalı deputatlarla hər hansı fikir mübadiləsi aparmamışam. Hazırda Azərbaycan tərəfi bu məsələni ən yüksək səviyyədə diqqətdə saxlayır. Biz yaxın qonşuyuq, yüz illərdir bir-birimizin yanında yaşamışıq və bu əsrlər ərzində bizi çox şeylər birləşdirib. Təbii ki, həm Rusiyadakı Azərbaycan diasporu, həm də Azərbaycandakı rus diasporu bu münasibətlərdən səmimi şəkildə narahatdır. Azərbaycan və Rusiya vətəndaşları sülh və dostluq şəraitində yaşamaq istəyirlər. Amma Rusiya ilə Azərbaycan arasında nələrin olacağını indidən söyləmək çətindir. Ümidvaram ki, ölkələrimiz, xalqlarımız arasındakı mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərini bərpa edə biləcəyik.

Избранный
35
50
teleqraf.com

10Источники