“Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən döyülərək öldürülən azərbaycanlı qardaşlar Hüseyn və Ziyəddin Səfərovlara birmənalı şəkildə şəhid statusu verilməlidir”
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların başına gətirilən faciəvi olay, nəinki bizim ölkədə, hətta Avropada belə hiddət doğurub. Hüquq-mühafizə orqanlarının vəzifə səlahiyyətlərini aşaraq törətdikləri qətllər heç bir hüquqi çərçivəyə sığmır.
İnsanlar evində yatdığı yerdə qapını sındıraraq quldur kimi evə soxulub uşaq, qadın bilmədən, vəhşicəsinə döyməklə, ölümlə nəticələnən cinayətə səbəb olanlar hələ də heç bir cəza almayıblar. Bu gedişlə heç almayacaqlar da. Sual olunur: bundan əvvəl də azərbaycanlıların başına belə hadisələr ara-sıra gəlirdi və hətta ölüm halları da olurdu, bəs niyə indi bu hadisə belə geniş rezonans doğurdu?
Əvvəllər baş verən hadisələr doğrudan da hansısa iki nəfərin və ya üç-beş nəfərin, ya da “OMON”-çularla aralarında baş verən “razborkaların” nəticəsi kimi qəbul edilirdi. Amma bu gün Yekaterinburqda baş verənlər hansısa üç-beş nəfərin “razborkası” deyil. Elə mən də istəyirəm məhz bu barədə öz fikirlərimi bölüşüm. Bu hadisə ilə bağlı Azərbaycanın bütün media resurslarında dərc olunan yazılarda, internet televiziyalarında qonaq olan politoloqların, sosioloqların, ekspertlərin, təhlilçilərin çıxışlarının hamısında birmənalı olaraq qeyd edilir ki, bunlar Azərbaycanın Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasətə qarşıdır. Mən də bunu belə qəbul edirəm. Amma əlavələrim də olacaq. Deməli, birmənalı olaraq qəbul edirik ki, Prezident cənab İlham Əliyev son illər olduqca müstəqil siyasət yürüdür ki, bu da 200 il Azərbaycanı öz işğalı və təsiri altında saxlayan Rusiya imperiyasının indiki başçısı Vladimir Putinin xoşuna gəlmir. Niyə? İndi bu suala aydınılıq gətirməyə çalışaq.
Əvvəlcə ötən il dekabrın 25-də İlham Əliyevi, apardığı müstəqil siyasətdən çəkindirmək üçün AZAL-ın sərnişin təyyarəsini Çeçenistan üzərində vurdular. Pilotların peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı sayəsində təyyarə Qazaxıstanın Aktau limanına güc-bəla ilə özünü çatdırdı. Eniş zamanı baş verən partlayış nəticəsində isə 38 nəfər həyatını itirdi. Bu adi təyyarə qəzası olmadığı üçün, dünyasını dəyişənlərin hər birinə Azərbaycan dövləti tərəfindən müəyyən məbləğlərdə kompensasiya verildi. Qəzalı vəziyyətdə olan təyyarə havada olarkən, sərnişinlər arasında panika yaranmasının qarşısını alan bələdçi Hökümə Əliyevaya və qəhrəmanlıq göstərən pilotlara Milli Qəhrəman adının verilməsi də düzgün qərar idi. Əlbəttə, bu, hamının ürəyincə oldu. Amma bu hadisə xalqımızı müəyən qədər sarsıtsa da, dövlətimizin başçısı Prezident cənab İlham Əliyevi tutduğu siyasi yoldan döndərə bilmədi. Əksinə, Prezident cənab İlham Əliyev açıq mətnlə, necə deyərlər, bütün dipıomatik qaydaları bir kənara qoyaraq, Rusiyanın üzərinə yeridi. Ölənlərə, həmçinin vurulan təyyarəyə görə kompensasiya tələbini və Rusiya dövlətinin üzr istəməsini birbaşa söylədi. Rusiya Prezidenti V.Putin isə, ölənlərə görə yox, hadisə Rusiya səmasında baş verdiyinə görə Prezident İlham Əliyevdən üzr istədi. Əlbəttə, bu yetərli deyildi. Hamı bilirdi ki, təyyarənin vurulması əmri Azərbaycanı qorxutmaq üçün, birbaşa V.Putinin özündən gəlmişdi. Elə bu günlərdə Rusiya Müdafiə Nazirliyinin bir kapitanı açıq şəkildə etiraf etdi ki, təyyarə Rusiya müdafiə naziri Andrey Belousovun əmri ilə vurulub. A.Belousov isə bu əmri özbaşına verə bilərdimi? Təbii ki, yox! Bəli, əmr birbaşa V.Putindən gəlib. Ona görə də bu boyda faciəyəyə görə bir nəfərə də “gözün üstə qaşın var” demədilər. Bütün bu proseslər Azərbaycan dövlətinin müstəqil siyasətinin qarşısını almağa yönəlmişdi, amma alınmadı.
Bu ilin mayın 9-da İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçirilən paradda, dəvət olunsa da, prezident cənab İlham Əliyev iştirak etmədi. Bu da Putini bərk şəkildə qəzəbləndirən amillərdən biri idi. 44 günlük ikinci Qarabağ müharibəsinin başa çatdığını sübut edən üçtərəfli müqavilə imzalanan gecəsi rus qoşunları Qarabağa soxuldu. Orada uzun müddətli qalmaq üçün böyük işlər görməyə başladılar. Lakin Azərbaycanla Türkiyənin birgə apardığı uğurlu beynəlxalq siyasət nəticəsində, rus qoşunları 3 ildən sonra şələ-küləsini yığışdırıb Qarabağdan çıxdı. Amma heç kəs buna inanmaq istəmirdi ki, rus qoşunları belə tezliklə Qarabağdan çıxacaq. Bu da Prezident cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı xarici siyasətin uğuru idi.
Ümumiyyətlə, V.Putin 44 günlük müharibədə, nə qədər desə də ki, “müharibə Azərbaycanın ərazisində gedir, Rusiya bu məsələyə qarışa bilməz”, amma altdan-altdan bütün silah-sursatı, sərvətilə Ermənistana kömək edirdi. Hətta açıq şəkildə son vaxtlara qədər bəyan edir ki, “mən Paşinyana dəfələrlə dedim ki, sən nahaq Qarabağı Azərbaycan ərazisi kimi tanıdın, günah özündədir”. Belə görünür ki, V.Putin hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanıya bilmir. Amma zaman çox dəyişib. V.Putin və ona züy tutanlar dəstəsi bilməlidir ki, hazırda Azərbaycan 1990-cı illərdəki zəif dövlət, Rusiya isə həmin dövrdəki kimi güclü deyil. Güclü Rusiya dövləti mifi Rusiya-Ukrayna mühasribəsində darmadağın oldu. Bu gün Rusiya özünün başladığı Ukrayna ilə müharibədə elə bataqlığa düşüb ki, boğulmaqdan başqa çarəsi qalmır. Amma boğularkən əl-qol atması və ətrafa sıçrayan palçıqlar bizlərə hələ ki, problemlər yaradır. 200 illik başımıza gələn bəlaların hamısının kökündə həmişə Rusiya dayanıb. Azərbaycanın 1828-ci ildə Araz sərhəd olmaqla iki yerə parçalanmasının, 1917-ci il Rusiyada baş verən sosialist inqilabından sonra Azərbaycan torpaqları hesabına qondarma Ermənistan dövlətinin yaranmasının, sovet dövründə Azərbaycan torpaqlarından kəsilib Ermənistana peşkəş edilməsinin, gözümüzün qarşısında, 1990-cı ildə baş verən 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Qarabağın işğal edilib 30 il ermənilərin istifadəsinə verilməsinin səbəbkarı məhz Rusiya olmuşdur. Bu səbəbdən də, Rusiya heç vaxt bizə dost ölkə olmayıb və ola da bilməz. Ona görə də, bu gün nəinki Qarabağın Azərbaycan ərazisi olmasını, hətta Azərbaycanın özünü müstəqil dövlət kimi qəbul etmək istəmir. Bax, başımıza son illərdə və bugünlərdə gələn faciələrin səbəbkarı da, müstəqilliyimizə xor baxan Rusiya siyasətçilərini, səlahiyyət sahiblərini, rusiyalı jurnalistlərini də üstümüzə qısqırdan məhz V.Putindir. Üzdə V.Putin özünü Azərbaycana və prezident cənab İlham Əliyevə, diplomatik qaydalara uyğun olaraq, dost və müttəfiq olduqlarını göstərə bilər. Əslində isə, əlindən zəncir çeynədiyi Azərbaycanı işğal edib öz tabeliyinə keçirmək üçün alışıb-yanır. Amma qeyd etdiyim kimi, Azərbaycan 30 il əvvəlki zəif, arxasız dövlət deyil.
Bəli, 44 günlük müharibədə Türkiyənin, Pakistanın, İsrailin siyasi və mənəvi dəstəyi və Azərbaycan oğullarının ağılagəlməz qəhrəmanlıqları sayəsində Qarabağı erməni faşistlərindən azad edərək qələbə qazandıq. 23 saatlıq antiterror əməliyyatı nəticəsində isə, erməni quldurları tamamilə məhv edildi. Bunu görən Xankəndi erməniləri könüllü ev-eşiklərini tərk etdilər və Azərbaycan özünün suverenliyini bütün ölkə boyu tam təmin etdi. Indi sual olunur: müharibə bitdimi? Əlbəttə, yox! 2020-ci ilin noyabrın 10-da bağlanan üçtərəfli müqavilədən sonra erməni ilə yox, Rusiya ilə müharibə bu gün də davam edir. Yuxarıda sadaladığım təyyarənin vurulması faktoru, Prezidentimizin 9 may paradına getməməsi, deputat Azər Badamovun Rusiya aeroportundan deportasiya edilməsi, sonuncu Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi, 50 nəfərə yaxın soydaşımızın müxtəlif işgəncələrə məruz qoyularaq, günahsız yerə həbs edilməsi, Yekaterinburqdakı diasporamızın rəhbəri Şahin Şıxlınskinin gündüzün günorta vaxtı maşının şüşələrinin sındırılıb, içəridən xüsusi cinayətkar kimi çıxarılaraq vəhşicəsinə döyülməsi, Voronej şəhərində restoranda işləyən azərbaycanlı Telli adlı xanımı polisin gözü qarşısında yerə yıxaraq sürümələri və s. bu kimi hallar sübut edir ki, Rusiya ilə müharibə hələ davam edir. Bu müharibə hazırda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xor baxan Rusiya Prezidenti V.Putin və onun qulbeçələri olan Solovyovlar, zatıqırıq Zatulinlər, Sorokinalar, Pyotr Tolstoylar, hüquq-mühafizə orqanları və s. ilə gedir.
Ölkənin ərazisi və suverenliyi uğrunda dünyasını dəyişənlərə şəhidlik statusu verilir. Bu gün Hüseyn və Ziyəddin Səfərov qardaşları da, məhz Azərbaycanın Rusiyanın hücumları qarşısında mərdi-mərdanə dayanmasının və Rusiyanın qanunsuz göstərişlərinə tabe olmayaraq, onun təsir dairəsindən çıxmağa yönələn siyasətinin qurbanlarıdır. Ona görə də təklif edirəm ki, bu iki qardaşa mütləq şəhidlik statusu verilsin. Əgər bu iki qardaşa şəhidlik statusu verilsə, inanın ki, bu, Rusiyanın azərbaycanlılara qarşı nəzərdə tutduğu neqativ planlarının alt-üst olunması deməkdir. Çünki azərbaycanlılara qarşı hücum əmri verənlər düşünəcək ki, biz onların burada gözlərini qorxutmaq üçün döyərək öldürürük, Azərbaycanda isə onları qəhrəman kimi qarşılayıb şəhid kimi yaşadırlar. Ona görə də bu əməllərindən əl çəkib başqa bir plana, məsələn, azərbaycanlıların Rusiyadan qovulmasına əl ata bilərlər. Bu da Rusiyanın tam zərərinə işləyən amildir ki. buna da getməyəcəklər. Çünki Rusiyadakı azərbaycanlılar bizdən daha çox rusların özünə lazımdır. Iqtisadçı, Real Partiyasının rəhbəri Natiq Cəfərli bu günlərdə gözəl bir statistika ilə çıxış edib. O qeyd edib ki, Rusiyadan Azərbaycana 400 milyon dollara yaxın pul daxil olur. Azərbaycandan Rusiyaya isə 1,7 milyardlıq mal gedir. N.Cəfərlinin bu məlumatlarından sonra aydın olur ki, əgər azərbaycanlılar Rusiyadan çıxarılarsa, Rusiya külli miqdarda pul və işçi qüvvəsi itirəcək.
Bir sözlə, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Rusiya ilə davam edən bu “müharibə”nin yekununda, müəyyən itkilərə, dağıntılara baxmayaraq, qalib Azərbaycan və onun müzəffər Ali Baş Komandanı, prezident cənab İlham Əliyev olacaq. Bu heç də pafoslu görünməsin. Axı zaman Azərbaycanın və Türkiyənin xeyrinə işləyir. Azərbaycanın Türkiyə və nüvə ölkəsi olan Pakistanla hərbi sazişi var. Əgər Rusiya Azərbaycanla açıq müharibəyə keçərsə, onda qarşısında Türkiyə və Pakistanı görəcək. Bunu çox gözəl anlayan və Ukrayna bataqlığında boğulan, Amerikanın və Qərbin sanksiyaları sayəsində zəiflədib, diz çökdürülən Rusiya buna hazır deyil və heç vaxt da buna gedə bilməz. Ona görə də Azərbaycanı “sındırmağı”, Prezident cənab İlham Əliyevi apardığı uğurlu xarici siyasətdən çəkindirməyi bacarmayacaqlar. Çünki 44 günlük tarixi qələbədən sonra, Azərbaycan Avropa və dünyada sayılıb-seçilən bir dövlətə çevrilib, onun prezidenti cənab İlham Əliyev isə Avropanın da, dünyanın da aparıcı ölkələrinin başcıları sırasında, V.Putindən fərqli olaraq, qalib prezident kimi böyük hörmət və nüfuza malikdir.
Elçin MƏMMƏDLİ