“İyulun sonunda Dubayda keçirilməsi planlaşdırılan görüş Azərbaycanın regionda sülh gündəmini irəlilətmək cəhdlərinin davamı kimi qiymətləndirilir. Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsindəki mürəkkəb daxili siyasi vəziyyəti bu danışıqların nəticələrinə bilavasitə təsir edə bilər”.
Bu sözləri Politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:
Züriyyə Qarayeva
“Paşinyan bir tərəfdən sülh razılaşması imzalamağa hazır olduğunu bəyan etsə də, digər tərəfdən kilsənin və radikal revanşist dairələrin artan təzyiqləri ilə üz-üzədir. Son dövrlərdə müxalifətin küçə etirazları, eləcə də cəmiyyətin bir hissəsinin hakimiyyətin Azərbaycanla danışıqlarına “xəyanət” kimi yanaşması Paşinyanı daha ehtiyatlı və nəticələri daxili auditoriyaya uyğunlaşdırmağa məcbur edir”.
Politoloq qeyd edib ki, bu vəziyyət Ermənistan rəhbərliyinin sülhə dair konkret və cəsarətli addımlar atmaq imkanlarını məhdudlaşdırır:
“Paşinyan daxili ictimai rəyi və siyasi sabitliyi qorumaq üçün bəzən geri addım atmağa və ya vaxtı uzatmağa üstünlük verir. Bu isə danışıqlar prosesini uzada, konkret sənədlərin imzalanmasını gecikdirə bilər. Görüş baş tutsa belə, onun real nəticələri yalnız Ermənistan daxilindəki güc balansından və Paşinyanın öz siyasi mövqeyini nə dərəcədə möhkəmləndirə bilməsindən asılı olacaq”.
Müşfiq Tofiqoğlu
KONKRET.az