RU

Rusların soyqırımına məruz qalan çərkəzlər kimliyini unudur - MÜSAHİBƏ

Rusiya İmperiyasının tarix boyu qeyri-rus xalqlara qarşı tətbiq etdiyi sərt, assimilyasiya yönümlü və ekspansionist siyasət Qafqazdan Mərkəzi Asiyaya, Baltikyanı ölkələrdən Sibirin dərinliklərinə qədər onlarla xalqın taleyində ağır izlər buraxıb. Tatarlar, Krım tatarları, Çeçenlər, İnquşlar, Volqa almanları, Azərbaycan türkləri və digərləri kimi, çərkəzlər də bu tarixdən payına düşən ağrını, itkiləri və məhrumiyyətləri yaşayıb.

XIX əsrin ortalarında baş verən və bəşəriyyət tarixində ən böyük zorakı köç hadisələrindən biri sayılan Çərkəz sürgünü, həm də sistemli qırğınlar və soyqırımı ilə müşayiət olunub. 

Modern.az mövzu ilə bağlı Ankara Çərkəz Dərnəyinin sədr müavini Ender Kankoç ilə həmsöhbət olub. 

- Çərkəz xalqına qarşı Rusiya tərəfindən XIX əsrdə həyata keçirilən hərbi əməliyyatlar, sürgünlər və kütləvi ölümlərlə bağlı tarixi faktlar nədir? Çərkəz xalqı niyə belə bir məcburi köçə məruz qaldı?

- Əvvəlcə bunu demək istəyirəm ki, çərkəzlər təəssüf ki, çox bəxtsiz, çox şanssız xalqdır. Çünki əsrlər boyu müxtəlif xalqlarla mübarizə aparmaq məcburiyyətində qalıblar. Amma Rusiya ilə olan müharibələrinin digər müharibələrdən fərqi var idi.

Çərkəzlər niyə belə bir məcburi köçə məruz qaldılar? Niyə belə qırğınlar yaşandı? Çünki Rusiya çarlığının Qafqaz xalqları olmadan Qafqazı ələ keçirmək niyyəti olub. Bunun iki əsas səbəbi var: Birincisi, rusların Qara dənizə çıxış əldə etmələri lazım idi və bunun yolu da Qafqazı tamamilə zəbt etməkdən keçirdi. İkincisi isə həmin torpaqlar son dərəcə münbit, yaşamaq üçün əlverişli, bərəkətli, yeraltı və yerüstü sərvətlərlə çox zəngin ərazilər idi.
Bu məqsədlərinə çatmaq üçün isə təəssüf ki, son dərəcə qeyri-insani hücumlarla və metodlarla yüz minlərlə qafqazlını qətlə yetirdilər və sürgünə məruz qoydular.

- 1864-cü ildə başlayan çərkəz sürgünü zamanı təxminən neçə nəfər həyatını itirdi, neçə nəfər sürgün edildi və yolda aclıq, xəstəlik və ya hücumlar səbəbindən həlak oldu? Bu barədə əlinizdə dəqiq statistik məlumatlar varmı?

- Sürgün prosesi zamanı itirdiklərimizlə bağlı təəssüf ki, əlimizdə dəqiq sübutlar və faktlar yoxdur. Lakin dəqiq olmayan məlumatlara görə, təxminən 1 milyon yarım insanın oradan yola çıxdığı, onların isə ən azı yarısının yolda həyatını itirdiyi qeyd olunur. Bildiyimiz və çata bildiyimiz rəqəmlər bunlardır.

- Rusiyanın çərkəzlərə qarşı həyata keçirdiyi siyasəti bu gün necə adlandırırsınız? Sizcə, o hadisələr etnik təmizləmə, soyqırımı, yoxsa başqa bir terminlə izah edilməlidir?

- Rus çarlığının həmin dövrdə çərkəzlərə qarşı həyata keçirdiyi siyasətin adını bu gün biz soyqırımı və etnik təmizləmə adlandırırıq. Bunun başqa adı yoxdur. O dövrdə yaşananların, Çərkəz xalqına qarşı edilənlərin başqa bir adı ola bilməz. Bu bir müharibə deyildi, bu bir qarşıdurma deyildi. O dövrdə baş verənlərin bu gün dəqiq adı soyqırımı və etnik təmizləmədir.

Sürgün nəticəsində çərkəz xalqı vətənini, torpaqlarını və əhalisinin böyük bir hissəsini itirdi. O itkilərin bugünkü çərkəz cəmiyyətinə təsiri nə oldu? Demoqrafik, mədəni və siyasi baxımdan necə bir yox olma prosesi yaşandı?
Siz də təsdiq edərsiniz ki, bir insanın öz vətənindən uzaq düşməsi qədər acı bir şey yoxdur. Vətənini itirmiş xalq, kökü kəsilmiş ağac kimidir. Bunun ən böyük ağrısını isə bu gün biz, diaspor çərkəzləri olaraq yaşayırıq.
Diasporda olan bütün çərkəzlər artıq bir dəfə dilimizi itirmək üzrə olduğumuzu deyə bilərik. Təəssüf ki, bizim dilimiz hazırda dünyada yox olmaq üzrə olan dillər arasında yer alır. Hazırda yaşadığımız ölkələrdə dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi və ən önəmlisi isə kimliyimizi unutmaqdayıq.

Hər nə qədər hazırda yaşadığımız ölkələrdəki dərnəklərimizdə bu dəyərlərimizi qorumağa çalışsaq da, təəssüf ki, bu da uzun müddətli dövrdə bizə kömək edəcək həll yolu deyil.

- Tarix boyu Rusiyanın çərkəzlərə qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, dil qadağaları, mədəni təzyiqlər və siyasi basqılar barədə nə deyə bilərsiniz?

- Rusların çərkəzlərə qarşı həyata keçirdiyi siyasəti mən iki dövrə bölərək təhlil etmək istəyirəm. Birincisi Çar Rusiyası dövrü, ikincisi isə Sovet İttifaqı dövrü. Çar Rusiyası dövründə baş verənlər onsuz da bəllidir: qırğın, müharibə, soyqırımı və sürgün…

Sovet İttifaqı dövrünü bir azərbaycanlı olaraq siz daha yaxşı bilirsiniz. Sovet İttifaqı o dövrdə Azərbaycan xalqına necə siyasət tətbiq edibsə, digər xalqlarla da eyni cür davranılıb.
Sovet sosializmi uzaqdan baxıldığında hər nə qədər xalqların mədəniyyətlərini və dillərini yaşatmaq öhdəliyini üzərinə götürmüş kimi görünsə də, məncə digər tərəfdən sərt, avtoritar və amansız siyasətlə bu xalqların uzun müddətli dövrdə dil və mədəniyyətlərini itirməsinə, deqradasiyasına (pozulmasına) səbəb olub. Təbii ki, biz çərkəzlər də bundan öz payımızı aldıq.

- Bu gün, həm Rusiyada yaşayan, həm də diasporda olan çərkəzlər olaraq, tarixi ədalətin bərpası üçün Rusiyadan hansı tələbləriniz var? Rəsmi üzr, təzminat, vətənə qayıtmaq hüququ və ya başqa tələbləriniz mövcuddurmu?

- Bu suala mən, diasporda yaşayan bir çərkəz olaraq cavab vermək istəyirəm. Çar Rusiyasının çərkəz xalqına yaşatdığı o qədər zülmə baxmayaraq, əslində bizim bu gün Rusiyadan istədiklərimiz o qədər də çox deyil. Bizim belə bir ifadəmiz var: "İntiqam deyil, ədalət istəyirik".

Biz bu saatdan sonra heç kimdən intiqam almaq niyyətində deyilik. Amma mütləq şəkildə ədalətin təmin olunmasının tərəfdarıyıq. Bu ədalətin təmin olunmasının yolu isə bir üzr və vətənimizə qeyd-şərtsiz qayıtmaq hüququnun verilməsi olmalıdır.

- Bu günə qədər Rusiya çərkəz soyqırımını tanımayıb. Sizcə, bu inkar siyasəti niyə davam edir? 

- Rusiyanın bu gün çərkəz soyqırımını tanımamasının və inkar etməsinin səbəbi, əlbəttə ki, bəllidir. Yəni bunun çox xüsusi bir səbəbi yoxdur. Bu, böyük imperial güclərin tətbiq etdiyi siyasətdir.

Sadəcə Rusiya deyil, istisnalar xaricində, keçmişdə səbəb olduğu belə bir "qara ləkə"ni üzərinə yapışdırıb gəzmək istəyən heç bir ölkə yoxdur. Bu durum isə ədalətin təmin olunmamasına görə, təbii olaraq bizdə dərin bir kədər, məyusluq və qəzəb yaradır.

- Bu gün Rusiyada yaşayan çərkəzlərin vəziyyəti necədir? Mədəni və dil hüquqları baxımından hansı məhdudiyyətlərlə qarşılaşırsınız?

- Diasporda yaşayanlar qədər olmasa da, Rusiyada yaşayan çərkəzlərin vəziyyətinin də o qədər ürəkaçan olduğunu demək olmaz. Çərkəz respublikaları (Kabarda-Balkar Respublikası, Adıgey Respublikası, Karaçay-Çərkəz Respublikası) və ümumilikdə Rusiyada yaşayan çərkəzlərin ümumi əhalisi təəssüf ki, 1 milyon nəfər belə deyil.

Hər nə qədər çoxluq ana dilində danışa bilsə də, artıq orada belə, ana dilini bilməyən gənclər və uşaqlar var. Məktəblərdə çərkəz dili dərs saatlarının və çərkəzcə yayım saatlarının azaldılması bir tərəfdən, texnologiyanın yaratdığı mənfi təsirlər digər tərəfdən dilimizə və dəyərlərimizə dəhşətli zərər vurur.

- Sonda çərkəz xalqının yaşadığı tarixi faciənin unudulmaması üçün gənc nəsillərə və dünya ictimaiyyətinə hansı mesajı vermək istərdiniz?

- Sizin də sosial media və mətbuatdan izlədiyiniz kimi, 21 may çərkəz sürgünü və soyqırımı dünyanın hər yerindəki diaspor çərkəzləri tərəfindən anılır, mövzu ilə bağlı açıqlamalar verilir. Bundan başqa, uşaqlara və gənclərə vaxtında bizə yaşadılanlar izah edilir.
Bu şəkildə acımızı diri tutmağa və unudulmamasına çalışırıq. Çünki unudulan soyqırımı təkrarlanır!


1446752

Избранный
18
15
modern.az

10Источники