RU

RUSİYA SOSİAL İQTİSADİ BÖHRAN MƏNGƏNƏSİNDƏ Putinin ümidləri necə puç olur?

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Kremlin hər il böyük ümidlərlə təşkil etdiyi və Rusiyanın beynəlxalq iqtisadi mövqeyini nümayiş etdirməyə çalışdığı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu dəfə ölkənin iqtisadi reallıqlarının sərt etirafları ilə yadda qaldı.

“AzPolitika” “Radio Svoboda”ya istinadla xəbər verir ki, forum çərçivəsində çıxış edən Rusiya iqtisadiyyat naziri Maksim Reşetnikov açıq şəkildə bildirib ki, ölkə tənəzzülə doğru gedir. "Rəqəmlərə görə, bəli, indi bizdə yavaşlama var. Biz tənəzzülə keçidin astanasındayıq", – deyə nazir bəyan edib.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da oxşar fikirlərlə çıxış edib: "Azad əmək resurslarından istifadə artıq sona çatır. Yeni inkişaf modelinə ehtiyac var".

"Sberbank" rəhbəri Qerman Qref isə mövcud vəziyyəti "ideal fırtına" adlandırıb.

Müharibənin iqtisadi xərcləri: artım yoxsa böhran?

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi artıq 40 aydır davam edir. Bu müddətdə ölkə iqtisadiyyatı hərbi sənayeyə yönəldilmiş milyardlarla rubl hesabına süni artım yaşayıb. Müdafiə sektoruna böyük investisiyalar, hərbçilər və işçilər üçün yüksək maaşlar bir tərəfdən sosial sabitlik görüntüsü yaradıb, digər tərəfdən isə inflyasiyanı alovlandırıb.

Nəticədə Mərkəzi Bank uçot dərəcəsini 21 faizə qədər qaldırmalı olub. Rəsmilər inflyasiyanı cilovlamaq üçün sərt monetar siyasətə üstünlük verirlər. Lakin bu, iqtisadi yavaşlamanı daha da dərinləşdirir.

Rəqəmlər nə deyir?

Rəsmi məlumatlara görə, 2024-cü ilin ilk üç ayında ÜDM cəmi 1.4 faiz artıb. Halbuki, ötən ilin son altı ayında artım 4.4 faiz idi. Rusiya hökuməti 2025-ci ildə ÜDM-in 2 faiz artacağını gözləyir. Lakin Beynəlxalq Valyuta Fondu bu rəqəmi 1.5 faiz kimi qiymətləndirir. İşsizlik tarixi minimum - 2.3 faiz səviyyəsində olsa da, bu göstərici real vəziyyəti əks etdirmir. Çünki bir çox kişi əhali mülki sektordan orduda xidmətə cəlb edilib. Eyni zamanda, istehsalatdan kənarda qalan sahələrdə yavaşlama daha açıq görünür.

Əməkhaqqı böhranı və sosial narazılıq

İqtisadçılar xəbərdarlıq edirlər ki, yavaşlayan iqtisadiyyat gəlirlərin azalmasına səbəb olacaq. Artıq bir çox müəssisə maaşların ödənilməsində gecikmələrə başlayıb. Regionlarda könüllü döyüşçülərə verilən bonusların azaldılması da yerli iqtisadi çətinliklərin dərinləşdiyinə işarədir.

Rusiya mediası yazır ki, ev təsərrüfatları artan qiymətlər və gəlir itkisi fonunda çətin günlər yaşayır. İndiyədək artan maaşlar vasitəsilə müharibəyə loyal münasibət formalaşdırılmışdı. Bu sistemin sarsılması narazılıqları da artıra bilər.

Putin israr edir, amma neft ümidləri azalır

Bütün bu mənzərəyə baxmayaraq, Prezident Vladimir Putin müharibədən geri çəkilmək niyyətində deyil. O, müdafiə və təhlükəsizlik sahəsinə 2025-ci ildə rekord – 13.1 trilyon rubl (144 milyard dollar) ayırıb. Bu, ÜDM-in 6.3 faizinə bərabərdir və sovet dövründən bu yana görünməmiş rəqəmdir.

Amma bir ciddi risk var: neft qiymətləri düşür. Rusiya üçün əsas gəlir mənbəyi olan enerji ixracı zəiflədikcə, büdcə balansı pozula bilər. Maliyyə Nazirliyi artıq neft gəlirləri ilə bağlı proqnozları aşağı salıb.

Yumşaq eniş, yoxsa kəskin böhran?

Ekspertlər bildirirlər ki, hazırda Rusiya iqtisadiyyatı "yumşaq eniş" mərhələsindədir. Lakin bu proses nəzarətdən çıxarsa, daha kəskin tənəzzüllə nəticələnə bilər. Forumda səsləndirilən pessimist ton, hökumət dairələrinin narahatlığı və beynəlxalq maliyyə institutlarının proqnozları göstərir ki, Rusiya iqtisadiyyatı artıq müharibənin ağır yükü altında əyilməyə başlayıb.

Əgər neft qiymətləri daha da enərsə və sanksiyalar sərtləşərsə, bu eniş Putinin planlaşdırdığı "balanslı artım"dan çox, sosial-iqtisadi böhrana çevrilə bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
50
azpolitika.info

10Источники