Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən icrasına başlanılmış "Sənət və duyğu harmoniyasının təbliği" adlı layihə çərçivəsində Gəncə şəhərində, Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsində valideyn himayəsindən məhrum olmuş uşaqlarla ilk art-terapiya məqsədli rəsm kursu baş tutdu.
Moderator.az xəbər verir ki, “Duyğulara sənətlə toxunuş” şüarı ilə həyata keçirilən layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olan 7–17 yaşlı uşaqlara psixoloji dəstək göstərmək, onların emosional dünyasını sənət vasitəsilə zənginləşdirməkdir. Layihənin rəhbəri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə, psixoloqu “Serotonin” Neyropsixoloji Mərkəzin əməkdaşı Alsu Süleymanova, rəsm müəllimi isə Gəncə Dövlət Universitetinin müəllimi Nəzrin Ağayevadır.
Layihənin ikinci dərsi “Rənglərin uşaq psixikasına təsiri” mövzusuna həsr olundu. Rəng terapiyasının əsas məqsədi uşaqlarla rənglər arasında harmoniyanı formalaşdırmaq, onların emosional vəziyyətini tarazlaşdırmaqdır. Mütəxəssislərin fikrincə, insanın ruh halı və enerjisi onun rəng aurası ilə sıx bağlıdır. Xromaterapiya , yəni rənglə müalicə vasitəsilə stress, yuxusuzluq, gərginlik kimi problemləri azaltmaq mümkündür.
Təlim zamanı uşaqların sevimli rəngləri ilə bağlı psixoloq və rəsm müəllimi tərəfindən müzakirələr aparıldı, onların duyğularını ifadə edə biləcəkləri rəsmlər çəkildi. Bu fəaliyyət həm estetik zövqü inkişaf etdirmək, həm də mənəvi rahatlıq bəxş etmək məqsədi daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində daha 7 görüş keçiriləcək, iştirakçı uşaqlara yaradıcı fəaliyyət imkanı yaradılacaq və onlara həm sənətin, həm də psixoloji dəstəyin müsbət təsiri aşılanacaqdır.