RU

"Trampın Ukraynaya yanaşması ədalətli sülhə maneədir" - Ceyk Sallivan

 
"Vaşinqtonun tək yolu var - daha çox yardım, daha çox siyasi iradə və daha az tərəddüd..."
 
Ukraynaya hərbi yardımın dayandırılması təkcə taktiki yox, həm də strateji səhv kimi dəyərləndiriilməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın "The New York Times" üçün yazdığı analitik məqaləsində deyilir.
 
Sallivan Vaşinqtonun qərarlarının həm müharibənin gedişatına, həm də Rusiya prezidenti Vladimir Putinin gözləntilərinə necə təsir etdiyini təhlil edir.
 
"Tramp Ukraynanı yarı yolda qoyur"
 
Sallivanın məqaləsindəki əsas tezis budur: ABŞ-ın yeni rəhbərliyi, yəni prezident Trampın komandası Ukraynaya qarşı təzyiqləri azaltmaqla əslində Rusiya ilə sülhü yox, təslimçiliyi təşviq edir. O bildirir ki, Ukrayna hələ də ədalətli sülhə nail ola bilər, lakin bu yalnız ABŞ-ın davamlı və prinsipial dəstəyi ilə mümkündür. Tramp isə, onun fikrincə, bu istiqamətdə səmimi deyil: ictimaiyyət qarşısında Rusiya əleyhinə danışsa da, arxa planda Ukraynaya öncədən vəd olunmuş silahların tədarükünü belə ləngidir.
 
Yardımın mexanizmi və siyasi manipulyasiya
 
Ukrayna əsasən iki mənbədən silah alırdı: prezidentin səlahiyyətləri çərçivəsində ABŞ ordusunun ehtiyatlarından ayrılan paketlər və Müdafiə Nazirliyi ilə müdafiə sənayesi arasında bağlanan kontraktlar. Sallivan qeyd edir ki, bu yardımlar təkcə Ukraynanı gücləndirmir, həm də ABŞ ordusunun modernləşdirilməsinə təkan verirdi. Amma indi bu silahların axını dayanıb.
 
Sallivana görə, Ağ Evin qərarını ehtiyat çatışmazlığı ilə izah etməsi sadəcə bəhanədir. Çünki bu yardımların bir çoxu ehtiyatlardan deyil, birbaşa müdafiə sənayesindən gəlirdi və onların verilməsi ABŞ hərbi ehtiyatlarına heç bir zərbə vurmurdu. Belə olan halda, bu qərarın arxasında daha çox siyasi manevr dayanır: Tramp yardım görüntüsü yaradır, amma əslində yardım etməyə meyilli deyil.
 
Putin zaman və zəifliyə stavka edir
 
Kreml başa düşür ki, Ukrayna ABŞ silahlarına, xüsusilə hava hücumundan müdafiə sistemlərinə çox güvənir. Bu səbəbdən son həftələr Rusiya şəhərlərə raket və dron hücumlarını intensivləşdirib. Sallivana görə, bu, təkcə Ukraynanın dözümünü sınağa çəkmək deyil, həm də Amerikanın siyasi iradəsini yoxlamaq cəhdidir. Putin hesab edir ki, zaman onun xeyrinə işləyir - Vaşinqton dəstəyini azaltdıqca, Moskva döyüş meydanında üstünlük qazanacaq.
 
Alternativ: daha çox yardım, daha sərt sanksiyalar
 
Sallivan ABŞ-a konkret yol xəritəsi təqdim edir:
 
- Dayandırılmış silah tədarükünün dərhal bərpası. Həm Konqresin təsdiqlədiyi, həm də əvvəlcədən planlaşdırılmış paketlər yenidən aktivləşdirilməlidir.
 
- Yeni yardım paketlərinin təsdiqi. Həm ABŞ, həm də Avropadakı müttəfiqlərə Ukrayna üçün kritik silahların alınması üçün imkan yaradılmalıdır.
 
- Rusiya aktivlərinin müsadirəsi və sərt sanksiyalar. Avropadakı 300 milyard dollarlıq Rusiya aktivləri Ukrayna üçün istifadə olunmalı, Tramp isə daha əvvəl verdiyi sanksiya təhdidlərini reallaşdırmalıdır.
 
Bu addımlar həm Ukraynanı masada gücləndirər, həm də Putinin hərbi ritorikasını zəiflədər. Sallivana görə, bu, həm də Amerika vergi ödəyiciləri üçün sərfəli yoldur, çünki bu yardım paketi həm ABŞ sənayesini dəstəkləyir, həm də birbaşa NATO-ya yük yaratmır.
 
Gerçək sülh, yaxud maskalanmış məğlubiyyət?
 
Trampın "ya sülh, ya müharibə" kimi təqdim etdiyi ikili seçimi Sallivan "aldadıcı alternativ" adlandırır. Əslində seçim "ya Ukraynanı gücləndirərək onu sülhə yaxınlaşdırmaq, ya da Putinə güzəştə gedərək onu ruhlandırmaq" arasındadır. Ukrayna hələ də müqavimət göstərməyə qadirdir - onun əsgərləri cəbhədə ciddi itkilər verir, müdafiə sənayesi isə ayda yüz minlərlə dron istehsal edir. Yəni Ukrayna təkcə müqavimət rəmzi deyil, həm də texnologiya və döyüş bacarığı baxımından dinamik bir qüvvədir.
 
Ceyk Sallivanın çağırışı aydındır: ABŞ-ın passivliyi müharibəni uzadır, Ukraynanı zəiflədir və Putini cəsarətləndirir. Ədalətli sülh üçün isə Vaşinqtonun tək yolu var - daha çox yardım, daha çox siyasi iradə və daha az tərəddüd. Tramp bu seçim qarşısındadır. Seçəcəyi yol isə təkcə Ukraynanın deyil, Amerikanın qlobal liderlik statusunun da gələcəyini müəyyən edəcək.
Избранный
13
17
moderator.az

10Источники