“Bilmirəm ömrümə nə qədər qalıb. Əlbəttə ki, yaşayacam, həyat gəlib-keçəcək. Amma yeni nəsili xoşbəxt görmək istəyirəm. Nə yaxşı ki, sənətim, sevənlərim, ailəm var. Bu mənə yaradıcılığımda böyük dəstək və stimul verir. Onlar mənə ruh verirlər. Buna görə də özümü çox xoşbəxt hiss edirəm. Həmin insanlar mənə kədərimi unutdurur, hiss etdirmir. Düzdür, bu kədər mənim içimdədir, amma sevənlərim mənə imkan vermir ki, bu kədəri yaşayım”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nazpəri Dostəliyeva deyib.
O daha sonra bildirib ki, hər sahədə olduğu kimi sənət sahəsində də məsuliyyət mütləqdir:

“Səhnənin məsuliyyətini dərk edən müğənnilər yetişməlidir. Biz öz dövrümüzün qayda-qanunları ilə yaşamışıq, bir çox şeylərə məsuliyyətli yanaşmışıq. Amma bu gün kompyuter dövrüdür, cavanlarımız həddindən artıq sərbəstdirlər, istədikləri kimi hərəkət edirlər. Bəzən valideynlərinin sözü onların yanında keçmir. Ona görə də səhnə onlar üçün o qədər də ciddi deyil. Gəlirlər, gedirlər. Əlbəttə ki, təsadüfi gələnlər bir müddət olacaq və süzülüb gedəcək. Çünki yaşayan sənət və sənətkardır. Xalqa əsl sənət lazımdır”, - deyə xalq artisti bildirib.