RU

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır RƏY

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan və özbək xalqlarını ortaq tarixi köklər, dini dəyərlər, çoxəsrlik dostluq münasibətləri, oxşar mədəniyyət və ənənələr birləşdirir. Xalqlarımız arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühiti dövlətlərarası münasibətlərin də dinamik inkişafına güclü təkan verir. Təxminən bir il əvvəl - 2024-cü ilin avqustunda prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə qardaş ölkələrimizin tərəfdaşlıq əlaqələri yeni mərhələyə yüksəldi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Azərbaycan və Özbəkistan prezidentləri arasındakı dostluq münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafında müstəsna rol oynadığını söyləyən Şahin İsmayılov Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin, aparılan müzakirələrin, imzalanan sənədlərin əməkdaşlığın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi kimi, ölkələrimiz artıq bir ildir ki, rəsmi müttəfiqdirlər və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən konkret plan və layihələrlə nümayiş etdirirlər. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu artıq iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının səmərəli şəkildə reallaşdırılmasına töhfələr verir”, - deyə o vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki də artıq fəaliyyət göstərir. Bu fabrik tarixi torpaqlarımızda məşğulluq səviyyəsinin artırılması və yüngül sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ş.İsmayılov işğaldan azad edilmiş Füzuli şəhərində özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin Azərbaycan-Özbəkistan qardaşlığını, birliyini göstərən daha bir məqam olduğunu bildirərək deyib: “Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək məqsədilə qardaş ölkə tərəfindən inşa olunan bu məktəbdə təhsil alan gənc nəsil xalqlarımız və ölkələrimiz arasındakı tarixi bağların daha da gücləndirilməsinə dəyərli töhfələr verəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
50
azertag.az

10Источники