RU

Paşinyana qarşı impiçment: Əslində nə baş verir? – ÖZƏL

Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan Baş nazir Nikol Paşinyanı daxili və xarici siyasətdəki uğursuzluqlarda ittiham edib. O, Qarabağdan ermənilərin köçünü və dövlət institutlarının nüfuzunun zəifləməsini Paşinyanın siyasəti ilə əlaqələndirir. Mamicanyan yaxın zamanda impiçment prosedurunun da başlanacağını bildirib.

"2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın Rusiyaya münasibətində ciddi dəyişiklik baş verdi. Eyni zamanda, ölkədəki Rusiyayönlü qüvvələrə qarşı Paşinyan hökuməti açıq şəkildə fəaliyyətə başladı. Bu qüvvələr əsasən Qarabağ klanına - daha dəqiq desək, Köçəryan-Sarkisyan tandeminə bağlı idi və onlara qarşı aktiv mübarizə aparılmağa başlandı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Onun  sözlərinə görə, Rusiya Ermənistanın Avropaya inteqrasiyasına qarşı çıxaraq Paşinyanı devirmək məqsədilə daxili qüvvələrlə əməkdaşlığa yönəlib:

"2018-ci ildən etibarən Ermənistanın  Avropa İttifaqına inteqrasiyası, Qərb bloku ilə əməkdaşlığı və NATO ilə münasibətlərin inkişafı daha açıq şəkildə müzakirə olunmağa başladı. Hətta sonradan Ermənistanın  Avropa İttifaqına üzvlük məsələsi gündəmə gəldi və bu müraciətə İttifaq rəhbərliyi tərəfindən mənfi deyil, müsbət reaksiya verildi. Məhz bu yanaşma Rusiyada ciddi narahatlıq və qıcıq doğurdu.
Rusiya təbii ki, bir zamanlar öz geosiyasi orbitində saxladığı keçmiş postsovet ölkəsini  Avropaya buraxmaq istəmir və buna görə də Ermənistandakı hazırkı hakimiyyətə qarşı təzyiq siyasəti həyata keçirir. Şübhəsiz ki, Rusiyanın əsas məqsədi Paşinyanı hakimiyyətdən devirməkdir və bu istiqamətdə Ermənistan daxilində müxtəlif siyasi və ideoloji qruplarla əməkdaşlıq edir.
Bu çərçivədə əvvəlcə Qarabağ klanı ilə iş birliyi qurulmağa çalışıldı. Lakin zaman keçdikcə məlum oldu ki, Qarabağ klanının ölkə daxilində əvvəlki nüfuzu qalmayıb. Bundan sonra Rusiya tərəfindən "Taşir" qrupunun rəhbəri Karen Karapetyan Ermənistana göndərildi. Eyni zamanda, Rusiya nəzarətində saxladığı Erməni Apostol Kilsəsi ilə də xüsusi əməkdaşlıq quruldu və bu qurum vasitəsilə Paşinyana qarşı narazılıq artırılmağa çalışıldı".

Zeynal Əmrəliyev bildirib ki, Ermənistan Respublikaçılar Partiyası impiçment çağırışları ilə cəmiyyətdə siyasi fəallıq görüntüsü yaradaraq mövcudluğunu qorumağa və sosial narazılıqlar fonunda elektorat toplamağa çalışır, lakin real impiçment ehtimalı zəifdir.

"Hazırda Paşinyana qarşı müqavimət blokunda yer alan əsas fiqurlardan biri keçmiş prezident Serj Sarkisyan  və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasıdır. Bu partiya uzun müddətdir Paşinyana qarşı impiçment prosesinə başlamaqla bağlı çağırışlar edir.
Bu partiyanın impiçment təşəbbüsü nəyə xidmət edir? Görünən odur ki, partiya sadəcə olaraq siyasi aktivliyini göstərmək və mövcudluğunu qoruyub saxlamaq istəyir. Çünki meydanlarda kütləvi dəstəyə sahib deyil. Buna görə də parlamentdə fəallıq nümayiş etdirərək cəmiyyətə əsas müxalifət qüvvəsi kimi təqdim olunmağa çalışır. Bu isə nəticə etibarilə əhalinin simpatiyasını qazanmaq və sosial narazılıq fonunda öz elektoratını formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Ancaq düşünmürəm ki, hazırkı mərhələdə Ermənistan parlamentində Paşinyana qarşı impiçmenti başlatmaq üçün kifayət qədər deputat sayı mövcuddur. Bu səbəbdən yaxın zamanda bu prosesin reallaşacağını gözləmək sadəlövhlük olardı".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
50
olaylar.az

10Источники