Həmişə belə bir iddia səslənir ki, MİQ imtahanı Sertifikasiya imtahanı ilə müqayisədə suallar baxımından daha çətin və vaxt aparandır. Bunu imtahan müddətlərindən də müşahidə etmək mümkündür. Belə ki, Sertifikasiya imtahanında iştirakçılara 60 dəqiqə vaxt ayrıldığı halda, MİQ imtahanı üçün bu müddət 150 dəqiqədir.
Ümumiyyətlə, müəllimlərin MİQ və Sertifikasiya imtahanını müqayisə etməsi düzgündürmü?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri danışıb.
Ekspert qeyd edib ki, MİQ və Sertifikasiya imtahanı arasında biz çox kəskin fərqləri qeyd etməliyik. Bu iki imtahanı bir-birinə qarışdırmaq olmaz.
"MİQ və Sertifikasiya imtahanı arasında biz çox kəskin fərqləri qeyd etməliyik. Bu iki imtahanı bir-birinə qarışdırmaq olmaz. Müəllimlərin işə qəbul müsabiqəsi hər hansı bir müəssisəyə boş qalan vakant yerlərə təhsil işçilərinin işə qəbul prosesidir. Bu, tək test imtahan mərhələsindən ibarət deyil. Bu proses 4 mərhələdən ibarətdir. Onlardan yalnız biri test imtahan mərhələsidir. Sertifikasiya isə, adından da bəlli olduğu kimi, təhsil müəssisələrində pedaqoji kadr kimi çalışanların növbəti beş il üçün hansı səviyyədə olduğunu ölçür. MİQ isə sertifikasiyadan tamamilə fərqlənən, vakant yerlər üçün mübarizə metodudur. Onların arasında bu cür məzmun fərqi olduğuna görə, sualların tərtibində və müsabiqənin təşkilində də ciddi fərqlərin olması normaldır".
E.Nuri qeyd edib ki, sosial şəbəkələrdə və canlı ünsiyyətdə bu il keçirilmiş sertifikasiya imtahanında iştirak etmiş müəllimlərdən eşidirəm ki, hər il necə sadə keçirilirdisə, bu il də eyni qaydada oldu:
"Sertifikasiyaya cəmi 60 dəqiqə vaxt ayrılır. Çünki elə 60 sualdan ibarətdir. Hər suala bir dəqiqə vaxt verilir. Ancaq burada suallar MİQ-dəki kimi qəliz deyil. Bunu imtahan vermiş, sertifikasiyadan keçib uğur qazanmış müəllimlərin böyük əksəriyyəti vurğulayır. Sosial şəbəkələrdə və canlı ünsiyyətdə bu il keçirilmiş Sertifikasiya imtahanında iştirak etmiş müəllimlərdən eşidirəm ki, hər il necə sadə keçirilirdisə, bu il də eyni qaydada oldu. Buna görə də biz azlığın iradları ilə o qədər də razı olmamalıyıq. Çünki cəmiyyət tamam başqa fikirlər irəli sürür. Biz də azlığı çoxluğa tabe etməliyik. MİQ və Sertifikasiya arasındakı fərqlər anlaşılmalıdır".
Müsahibimiz bildirib ki, sertifikasiya çox humanist əsaslarla təşkil olunur:
"Burada hər hansı bir dəyişikliyə ehtiyac yoxdur. Çünki sertifikasiya onsuz da çox humanist əsaslarla təşkil olunur. Ola bilsin ki, MİQ-in sadələşdirilməsinə ehtiyac ola bilər. Ancaq bu hələ ki, mümkün deyil. Çünki MİQ-də də müəllimlərimiz yüksək nəticə əldə edir və vakant yerlər təqdim olunmadığına görə yüksək nəticə göstərmiş müəllimlərin bir çoxu yenə də işsiz qalır. Buna görə də hər hansı bir dəyişikliyin olmasını gözləmirəm".