RU

"KİV-in və sosial medianın üzərinə böyük məsuliyyət düşür" - PSİXOLOQ ŞƏRH ETDİ

"Ailədaxili zorakılıq cəmiyyətin sağlam inkişafına ciddi maneə törədən, fərdlərin psixoloji və fiziki rifahını pozan mühüm bir sosial problemdir. Bu zorakılıq forması yalnız fiziki şiddətlə məhdudlaşmır – psixoloji təzyiq, iqtisadi asılılıq, emosional manipulyasiya və cinsi zorakılıq da ailədaxili zorakılığın müxtəlif təzahür formalarıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bir çox hallarda bu zorakılıq halları cəmiyyət tərəfindən "ailədaxili məsələ" kimi qəbul olunur və görməzdən gəlinir. Bu yanaşma problemin köklənməsinə, nəsildən-nəslə ötürülməsinə və daha ağır nəticələrin ortaya çıxmasına səbəb olur: "Ailədaxili zorakılığın qarşısını almaq üçün həm cəmiyyət, həm də dövlət tərəfindən atılmalı olan addımlar kompleks və davamlı olmalıdır. Cəmiyyət səviyyəsində ilk növbədə maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar zorakılığın mahiyyəti, onun fəsadları və hüquqi nəticələri barədə düzgün və dolğun məlumatlandırılmalıdırlar. Xüsusilə məktəblərdə və ali təhsil müəssisələrində zorakılığa qarşı xüsusi təlimlər, seminarlar və açıq dərslər təşkil olunmalı, gənclərə sağlam ailə münasibətləri, qarşılıqlı hörmət və düzgün ünsiyyət bacarıqları aşılanmalıdır.

Bununla yanaşı, kütləvi informasiya vasitələrinin və sosial medianın da üzərinə böyük məsuliyyət düşür. Televiziya verilişləri, sosial kampaniyalar və maarifləndirici videolar vasitəsilə zorakılığın qəbuledilməz olduğu cəmiyyətə çatdırılmalı, zorakılığı normallaşdıran, romantikləşdirən və ya yüngülləşdirən hər cür yanlış təsəvvürlərə qarşı açıq mübarizə aparılmalıdır. Dövlət isə bu sahədə hüquqi mexanizmləri daha da təkmilləşdirməlidir. Zorakılıqla bağlı edilən şikayətlərə operativ və ciddi şəkildə reaksiya verilməli, zərərçəkmiş şəxslər qorunmalı və onlara lazımi dəstək göstərilməlidir. Mühafizə orderlərinin tətbiqi effektivləşdirilməli, sığınacaqların sayı artırılmalı və bu mərkəzlərdə peşəkar psixoloji, hüquqi və tibbi yardım təmin edilməlidir. Eyni zamanda zorakılıq törədən şəxslərlə də psixoloji iş aparılmalı, onların davranışlarını dəyişmək üçün reabilitasiya proqramlarına cəlb olunması təmin edilməlidir.

Unutmaq olmaz ki, ailə cəmiyyətin əsas sütunudur. Ailələrdə baş verən zorakılıq halları bütövlükdə cəmiyyətin ruhuna təsir edir. Odur ki, bu problemin həlli üçün həm dövlət, həm də hər bir vətəndaş məsuliyyət daşıyır. Zorakılığın normal sayılmadığı, insanların bir-birinə qarşı anlayışlı, empatik və hörmətli olduğu bir cəmiyyət qurmaq üçün birgə səylər vacibdir".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
21
50
sia.az

10Источники