RU

Sahibə Qafarovanın parlamentin plenar iclasında çıxışı edib



Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak etmişdir. Deputatlardan 9 nəfəri qadınlar idi.
Qeyd edim ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forum idi. Bu gün toplantının yekunlarını da nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək.

Hörmətli həmkarlar!

İyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparıldı. Hər iki ölkənin parlament sədrləri çıxış etdilər.
Öz çıxışımda mən dost və qardaş ölkələr olan Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğuladım.

2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirdim.
Qanunvericilik orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərimi bölüşdüm. Qeyd etdim ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir.

Onu da deyim ki, hörmətli həmkarlar, forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlər ilə bağlı ətraflı müzakirələr aparıldı. Sessiyalarda 22 deputatımız fəal iştirak etdi. Müzakirələrdə 6 deputatımız moderatorluq etdi, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış etdilər.
Forumun yekununda Xivə Bəyannaməsi qəbul olundu.

Hörmətli həmkarlar!

Forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə mənim görüşüm oldu. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olundu. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparıldı.

Hörmətli deputatlar!

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalandı.

Forumun mühüm nəticələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu.

Daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək.
Hər iki sənədi parlament sədrləri imzaladılar. 

Hörmətli həmkarlar!

Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli mətbuata bəyanatla çıxış etdilər. Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olundu.
Hörmətli həmkarlar!

Hesab edirəm ki, Özbəkistan Respublikasına işgüzar səfər uğurlu oldu. Bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.



Избранный
16
23
aia.az

10Источники