RU

Türkiyədə “Rumba” qrupunun lideri İsmayıl Abdonun saxlandığı ehtimal edilir

Stokholm, 4 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə ağır cinayətlər təşkil etməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb.

AZƏRTAC İstanbul prokurorluğunun məlumatlarına istinadla xəbər verir ki, söhbət “Çiyələk” ləqəbi ilə tanınan “Rumba” cinayət şəbəkəsinin lideri İsmayıl Abdodan gedir.

İsveç polisi ağır narkotik cinayətlərində və zorakılığa təhrikdə şübhəli bilinən İsveç vətəndaşının saxlanılması faktını təsdiqləsə də, onun adını rəsmi şəkildə açıqlamır.

Eyni zamanda, İsveç və Norveç polisindəki mənbələr onun məhz Abdo olduğunu təsdiqləyir.

Abdo əvvəllər “Fokstrot” qrupunun rəhbərliyinə daxil idi, lakin onun lideri Rava Məcidlə münaqişədən sonra “Rumba” adlı rəqib şəbəkə yaratdı. O vaxtdan bəri İsveçdə qətllər, partlayışlar və atışmalarla müşayiət olunan iki qrup arasında şiddətli qarşıdurma başlayıb.

Tutulma Türkiyə, İsveç və Norveç hüquq-mühafizə orqanlarının birgə əməliyyatının nəticəsidir. Əməliyyat zamanı 3 cinayət şəbəkəsi ilə əlaqəsi olan 19 nəfər həbs edilib.

Abdo artıq ötən il Türkiyədə saxlanılıb, lakin həmin vaxt zaminə buraxılıb. Həmin şəxsin Türkiyə vətəndaşlığı var.

İsveçdə Abdo qətlə cəhd işi və 2024-cü ildə Norvik limanında müsadirə edilmiş böyük bir kokain partiyası (1,3 ton) daxil olmaqla, bir neçə istintaq çərçivəsində qiyabi həbs edilib.

Избранный
9
50
azertag.az

10Источники