RU

"Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi təsdiqləndi" - "Reuters"

"Niderland və Almaniya kəşfiyyatı "kimyəvi terror"un miqyasını ortaya çıxarır..."

Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə Birinci Dünya savaşından bəri qadağan edilmiş kimyəvi silahlardan - xlorpikrin kimi boğucu maddələrdən istifadə edir.

Moderator.az xəbər verir ki, bunu Niderland və Almaniyanın xüsusi xidmət orqanları tərəfindən aparılmış araşdırmalar sübut edib. Məlumatı "Reuters" agentliyi yayıb.

Məlumatda deyilir ki, bu fakt artıq təkcə Kiyevin deyil, həm də Avropanın ciddi narahatlığına səbəb olub. Araşdırmalar Rusiyanın bu ölümcül texnologiyanı müntəzəm şəkildə tətbiq etdiyini göstərir.

Kimyəvi hücumlar: planlı və ardıcıl

Niderlandın müdafiə naziri Ruben Brekelmans agentliyə verdiyi açıqlamada bildirib ki, bu hücumlar heç də təsadüfi və ya cəbhədə fərdi halların nəticəsi deyil. Əksinə, bu, Rusiyanın genişmiqyaslı və planlı hərbi proqramının bir hissəsidir.

Niderland Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Peter Resink də bu fikri təsdiqləyərək qeyd edib: "Bu, artıq demək olar ki, Rusiya ordusunda standart əməliyyat proseduruna çevrilib. Biz xlorpikrinlə doldurulmuş lampaların və şüşə butulkaların dronlar vasitəsilə atıldığını müşahidə edirik".

Xlorpikrin dəri, göz və tənəffüs yollarında güclü qıcıqlanma yaradır, orqanizmə daxil olduqda isə ağız və mədədə yanıq törədir. Bu maddənin istifadəsi nəticəsində artıq azı 3 ukraynalı əsgər həyatını itirib, 2500-dən çoxu isə ciddi simptomlarla həkimə müraciət edib. Ukrayna mənbələri zərərçəkənlərin ümumi sayının 9 min nəfərə çatdığını bildirir.

Avropanın cavabı: sanksiyalar və diplomatik təcrid

Niderland və Almaniya kəşfiyyatları əldə etdikləri sübutları birgə təqdim edərək, Rusiyanın kimyəvi silahdan istifadəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu sübutlar yalnız döyüş meydanında olan faktlarla kifayətlənmir, həm də Rusiya daxilində bu texnologiyaların hazırlanması və tətbiqi üçün aparılan elmi-tədqiqat işlərini, hərbçilərə verilən xüsusi təlimləri əhatə edir.

Niderlandın müdafiə naziri Brekelmans bu məsələdə qətiyyətli mövqe ortaya qoyaraq vurğulayıb: "Əgər biz bu fəaliyyətləri aşkar edib ictimailəşdirməsək, bu cinayətkar praktika davam edəcək. Bu səbəbdən Rusiya üzərinə təzyiqləri artırmaq, o cümlədən onu Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilatın İcraiyyə Şurası kimi beynəlxalq orqanlardan çıxarmaq zəruridir".

Kimə inanmalı?

Təəssüf ki, bu ittihamlar fonunda Rusiya da eyni zamanda Ukraynanı və ABŞ-ı "gizli biolaboratoriyalar"da kimyəvi silah hazırlamaqda ittiham edir. Lakin Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilat bu qarşılıqlı ittihamları "yetərincə əsaslandırılmamış" adlandırır. Təşkilat hələlik rəsmi mövqe bildirməsə də, Avropa artıq real sübutlara əsaslanan hüquqi və siyasi addımlara hazırlaşır.

Beynəlxalq hüququn növbəti sınağı

Rusiyanın bu addımı təkcə Cenevrə konvensiyalarına deyil, ümumilikdə beynəlxalq humanitar hüquqa qarşı açıq hücumdur. Ukraynada kimyəvi silahın istifadəsi yalnız bir ölkəyə deyil, bütün dünya nizamına qarşı təhdid kimi qiymətləndirilir.

Bu səbəbdən beynəlxalq ictimaiyyətin konkret və sərt cavab verməsi gözlənilir. Aydındır ki, kimyəvi silahın hərbi əməliyyatlara daxil edilməsi artıq qırmızı xəttin keçildiyini göstərir. Bu xəttin susqunluqla qarşılanması isə sabah başqa müharibələrdə eyni vəhşiliyin legitimləşdirilməsi demək olar.

Избранный
25
50
moderator.az

10Источники