Azərbaycanı ittiham edən Estrozi korrupsiyada suçlanır
Fransada yerli idarəetmə orqanlarında korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı təhqiqatların coğrafiyası getdikcə genişlənir. Xüsusilə, bəzi şəhər merlərinin fəaliyyəti həm maliyyə, həm də etik baxımdan ciddi suallar doğurur. Bu çərçivədə diqqətçəkən son hadisə Aralıq dənizi sahilində yerləşən, ölkənin böyüklüyünə görə Paris, Marsel, Lion və Tuluzadan sonra beşinci böyük şəhəri olan Nitsada baş verib. Şəhərin meri Kristian Estrozi, onun həyat yoldaşı – jurnalist Lora Tenuci və “France Televisions”un prezidenti Delfin Ernotte Kunci polis nəzarətinə götürülüblər. Marsel prokurorluğunun məlumatına görə, onlar Nitsadakı tədbirlərin təşkili ilə bağlı qanunsuz faiz götürmə və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları üzrə açılan cinayət işi üzrə aparılan istintaq çərçivəsində dindiriliblər.
Ümumilikdə, on nəfər, o cümlədən “La Tribune” qəzetinin sahibi Jan-Kristof Tortora da istintaqa çağırılıb. Cinayət işi K.Estrozinin rəhbəri olduğu meriyanın 2008–2012-ci illərdə və Nitsa Provans–Alp–Mavi Sahil metropoliteninin 2023-cü ildə Nitsa İqlim Sammitinin təşkili üçün “La Tribune” qəzetinə birbaşa və dolayı ictimai yardım göstərdiyi şərtlərə görə açılıb. İstintaq “France Televisions” tərəfindən Nitsada təşkil edilən “Fete de la Musique” və “La Tribune Nouvelle” kimi tədbirlərin 2020–2022-ci, habelə 2018–2019-cu illlər buraxılışlarını da əhatə edir. L.Tenucinin vəkili Mari-Aliks Kanu-Bernard israrla bildirib ki, yeni seçki ərəfəsində müxalifət tərəfindən seçilmiş merlərə qarşı bu ittihamın irəli sürülməsi gözlənilməzdir. K.Estrozi müxalifətdə olan “Horizons” partiyasını təmsil edir və 2026-cı ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb. O və digər təqsirləndirilən şəxslər bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıblar.
Fransız merə cinayət işinin açılmasında bizim üçün önəmli məqam, şühbəsiz ki, onun ermənipərəst olması ilə bağlıdır. Əgər biz “Google”da “Kristian Estrozi+ermənilər” yazıb axtarışa versək, onun hayları dəstəkləyən, Azərbaycanı əsassız yerə ittiham edən, böhtan dolu saysız-hesabsız açıqlamalarını görə bilərik. İndi isə məlum olur ki, erməniləri dəstəkləmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxan bu şəxs həm də korrupsioner imiş. Fransa şəhərinin merinin belə yanaşması bizim üçün təəccüblü deyil. Çünki Paris başda olmaqla ölkənin irili-xırdalı şəhərlərinin, departament, kommuna və kontonlarının əksəriyyətinin rəhbərləri azərbaycanofob, türkofob və islamafobdurlar. Onlar Ermənistan–Azərbayacan münasibətləri ilə bağlı məsələlərə “qara eynək” arxasından baxmağa öyrəşiblər. Bu yanaşmanın yaxın gələcəkdə dəyişəcəyi gözlənilən deyil. Ermənistanı açıq şəkildə dəstəkləyən və erməni lobbisinə yaxınlığı ilə tanınan Estrozinin belə bir qalmaqalda adının hallanması, əslində, onun ikili standartlarla idarə etdiyi siyasi davranışın məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Onu da bildirək ki, 70 yaşlı Estrozi 2005–2007-ci illərdə Dominik de Vilpen hökumətində ərazi inkişafı üzrə nazir vəzifəsini tutub, 2009-cu ildən 2010-cu ilədək sənaye naziri olub, 2015-ci ildə isə Nitsanın meri seçilib. Etrozi istər nazir, istərsə də mer olduğu dövrdə verdiyi bəyanatlar onun erməni lobbisinin siyasi sifarişlərini yerinə yetirən fiqur olduğunu göstərir. Bununla bağlı hələ 2015-ci il iyunun 5-də “Armenpress” agentliyində yerləşdirilmiş “Nitsa meri erməni soyqırımının tanınmasını bütün insanların borcu hesab edir” sərlövhəli məqalə diqqəti cəlb edir. Məqalədə bildirilir ki, Fransada işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan iyunun 5-də Nitsada şəhərin meri K.Estrozi ilə görüşüb. S.Sarkisyan görüş zamanı deyib ki, Nitsa İrəvanla qardaş şəhərdir, dost Fransa isə Ermənistan və erməni xalqı üçün xüsusi ölkədir. Sarkisyan onu da bildirib ki, Ermənistan K.Estrozinin fəaliyyəti və ermənilərə qayğıkeş münasibəti ilə tanışdır. Onun sözlərinə görə, aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Nitsa şəhərində keçirilən tədbirlər bu münasibətin əyani sübutudur.
Nitsa meri isə qeyd edib ki, onun fikrincə, “erməni xalqının yaşadığı faciəni” tanımaq bütün insanların “borcu”dur. O, Nitsa ilə İrəvan arasında qurulan əlaqələrdən və əməkdaşlıqdan məmnunluqla danışıb, Ermənistan prezidentinin onlar üçün həmişə əziz qonaq olduğunu vurğulayıb.
2020-ci ilin dekabrında Ermənistanın Fransadakı səfiri Hasmik Tolmajyanla görüşdə Estrozi açıq şəkildə Azərbaycanın hərbi əməliyyatlarını “qəbuledilməz” adlandırmış, ölkəmizi “təcavüzkarlıqda” suçlamışdı. Bununla da regionda baş verən proseslərə birtərəfli və qərəzli yanaşdığını bir daha sübut etmişdi.
O, 2021-ci ildə Nitsada erməni diasporunun təşəbbüsü ilə keçirilən “Artsaxın dostları” adlı separatçı təşəbbüsə dəstək verərək, “Artsax xalqının mübarizəsi bizim ortaq dəyərlərimizə söykənir” kimi avantürist bəyanat səsləndirmişdi. Başabəla mer Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu bəyanatın təkcə beynəlxalq hüquqa deyil, Fransanın daxili qanunvericiliyinə zidd olduğunu nəzərə almamışdı.
Elə həmin il keçmiş separatçı rejimin “dövlət naziri” Artak Beqlaryanla videobağlantı qurması və burada Azərbaycanın sülh cəhdlərini “zor tətbiqi” kimi təqdim etməsi onun siyasi məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.
Estrozinin Nikol Paşinyanı “demokratiya lideri”, Ermənistanı isə “demokratiyanın dayaq nöqtəsi” adlandırması onun ifrat ermənipərəstliyinin göstəricisidir. İndi isə o, həyat yoldaşı və dövlət televiziyasının rəhbəri büdcə vəsaitlərinin mənimsənilməsinə görə istintaqa cəlb olunub. Deməli, illərlə “dəyərlər”, “sülh” və “ədalət” deyə aparılan fəaliyyətin arxasında korrupsiya və siyasi lobbi oyunları dayanıb. Azərbaycan əleyhinə saxta ritorika ilə çıxış edən şəxslərin indi hüquqi müstəvidə cavab verməsi ədalətin, gec də olsa, öz yerini tapması kimi qiymətləndirilməlidir. Estrozinin iflası təkcə bir siyasi fiqurun reputasiyasının darmadağın olması deyil, həm də Fransada ermənipərəst siyasi şəbəkələrin çökməyə başladığının göstəricisidir.
Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, əslində, K.Estrozi qalmaqalı bizim üçün gözlənilməz deyil. Onun sözlərinə görə, Nitsa merinin həyat yoldaşı və tanınmış media rəhbərləri ilə birlikdə korrupsiya istintaqına cəlb olunması sadəcə hüquqi deyil, həm də siyasi-əxlaqi məsələdir: “Bu hadisə təkcə bir məmurun özfəaliyyəti deyil, Qərb siyasi sistemində illərlə “toxunulmaz” hesab edilən fiqurların əsl üzünü açır. Özünü demokratik dəyərlərin müdafiəçisi kimi təqdim edən Estrozinin indi məhz bu dəyərləri pozmaqda ittiham olunması “vicdanlı siyasətçi” mifinin simvolik dağılmasıdır”.
O.Mirzəyev qeyd etdi ki, Estrozi Azərbaycana tanış simadır: “O, uzun illərdir erməni separatizminin açıq müdafiəçilərindən biridir. 2011-ci ildə Nitsa şəhərini tarixin zibilliyinə atılmış qondarma “Artsax” rejimi ilə “qardaşlaşdırması”, 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistanı dəstəkləyən bəyanatları və Qarabağın separatist “nümayəndələri” ilə Nitsada qurduğu təmaslar bu qərəzin bariz nümunələridir. Bu davranışlar Azərbaycanın ərazi bütövlüyünə qarşı siyasi sabotaj olmaqla yanaşı, beynəlxalq hüquqa açıq hörmətsizlik idi”.
Siyasi şərhçinin fikrincə, bugünkü istintaq bu mövqenin arxasında hansı motivlərin dayandığını göstərir: “Marsel prokurorluğunun məlumatına görə, Estrozi rəhbərlik etdiyi meriya və metropoliten strukturlarından ictimai vəsaitləri “La Tribune” qəzetinə və digər media tədbirlərinə yönəldib. Bu dəstək şəffaf mexanizmlərə yox, şəxsi və siyasi şəbəkələrin qorunmasına xidmət edib. Söhbət artıq media fəaliyyətindən deyil, ictimai resursların siyasi alətə çevrilməsindən gedir. Bu kontekstdə haqlı olaraq sual meydana çıxır: Azərbaycanın beynəlxalq imicinə qarşı illərlə açıq kampaniya aparmış bu şəxsin hansı əxlaqi və siyasi legitimliyi qalıb? Onu hələ də “demokratik dəyərlərin təmsilçisi” kimi təqdim edən dairələr bu sual qarşısında susmamalıdırlar. Fransanın bəzi siyasi çevrələri zaman-zaman Azərbaycana qarşı insan haqları ilə bağlı tənqidlər irəli sürürlər. Biz tənqidlərə açığıq. Çünki obyektiv yanaşma olduqda hər bir tənqid inkişaf üçün fürsətdir. Lakin ikili standartlar və selektiv münasibət sərgiləndikdə bu tənqidlər öz dəyərini itirir. Özlərini demokratiyanın keşikçisi kimi göstərənlər indi öz oyun qaydalarına cavab vermək məcburiyyətindədirlər”.
Müsahibimiz dedi ki, Estrozi qalmaqalı bir şəxsdən daha çox, bir sistemin üzərindəki sualları artırır: “O sistem ki, şüarlarda ədalət və şəffaflıqdan danışır, lakin praktikada lobbiçiliyə, mediaya nəzarətə və şəxsi maraqlara əsaslanır. Elə buna görə də Azərbaycana qarşı səsləndirilən bəzi “mənəvi” bəyanatlar, əslində, prinsiplərdən yox, maraqlardan irəli gəlir. Bu hadisə eyni zamanda bizim üçün də xəbərdarlıqdır. Çünki beynəlxalq müstəvidə üzləşdiyimiz qərəzli yanaşmaların arxasında çox vaxt siyasi sifarişlər və şəxsi ambisiyalar dayanır. Estrozi nümunəsi bu həqiqəti bir daha təsdiqləyir. Bizim üçün isə dəyərlər bəyanatda yox, davranışdadır. Qərbdə isə, görünür, bəzi dairələr bu fərqi çoxdan unudublar. Demokratiyanı şüara, medianı isə təsir vasitəsinə çevirənlərin maskası indi tək-tək deyil, bütöv, sistemli şəkildə çıxarılır. Bu mənada Kristian Estrozi qalmaqalı bizim üçün sürpriz deyil. Bu, sadəcə, gerçəyin gec də olsa təsdiqidir. Sonda həqiqət hər zaman öz sözünü deyir”.
Səxavət HƏMİD
XQ