Futbol dünyasında bir sıra tanınmış oyunçuların, o cümlədən Qaret Beyl və Cek Qrilişin agenti kimi tanınan Conatan Barnett ağır ittihamlarla üz-üzə qalıb.
90deqiqe.Az-ın “BBC” nəşrinə istinadən yaydığı xəbərə görə, 75 yaşlı agent ABŞ-ın Los-Anceles şəhərində federal məhkəmə qarşısına çıxacaq. O, 39 təcavüz halında və seksual qul kimi saxlamaqda ittiham olunur.
İttihamlar, “Jane Doe” kod adı ilə çıxış edən bir qadının ABŞ məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əsaslanır. Onun sözlərinə görə, Barnett onu 2017-ci ildə Avstraliyadan Britaniyaya gətirib və burada dəfələrlə zorlayıb, müxtəlif formalarda psixoloji və fiziki işgəncələrə məruz qoyub.
İddiaçının dediyinə görə, agent onu təhdid edib, uşaqlarına zərər verəcəyini bildirib və qadını “mülkiyyəti” kimi təqdim edərək “ağam” şəklində müraciət etməyə məcbur edib. Məhkəmə sənədlərində qeyd olunub ki, tərəflər ilk dəfə 1990-cı ildə Londonda tanış olub, lakin yalnız 2017-ci ildə yenidən görüşüblər.
Jane Doe bildirir ki, həmin dövrdən sonra Barnett qadını və uşaqlarını müxtəlif ölkələrə – o cümlədən ABŞ-a apararaq, onu seksual istismara məruz qoyub və insan ləyaqətini alçaldan davranışlar sərgiləyib.
Conatan Barnett isə bütün ittihamları qətiyyətlə rədd edir və özünü tam şəkildə təmizə çıxarmaq niyyətindədir.
Bu hadisə dünya futbol ictimaiyyətində böyük rezonans doğurub. İstintaqın gedişi və məhkəmə prosesləri yaxın həftələrdə davam etdiriləcək.