Azərbaycan Suriyaya təbii qaz tədarükü məsələlərində dəstək verməyə hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
"İyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə o, təbii qaz məsələsində Suriyaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. İlham Əliyevin belə yanaşması böyük əhəmiyyət kəsb edir. Axı bu gün Suriyanın ən ciddi problemi qazın olmamasıdır və ölkəni enerji ilə təmin etmək lazımdır". Ahaber telekanalının məlumatına görə, Ərdoğan vurğulayıb ki, Türkiyə də öz növbəsində bu məsələdə öz imkanları daxilində Suriyaya kömək etməyə çalışır: "Lakin bu xoş xəbəri bu gün (4 iyul - red. ) İlham Əliyevdən eşidəndə, həqiqətən də, mən böyük rahatlıq hiss etdim. Qayıdandan sonra mən bu məlumatı dərhal Türkiyənin energetika nazirinə çatdıracağam və o, hörmətli əl-Şaaraya (Suriya prezidenti –red. ) çatdıracaq. Biz addımlarımızı Azərbaycanın dəstəyi ilə birləşdirib, birlikdə irəliləmək istəyirik”.
O qeyd edib ki, Suriyaya qarşı sanksiyaların ləğvi istiqamətində artıq addımlar atılıb və “biz bu prosesi gücləndirərək davam etdirmək niyyətindəyik”.
Musavat.com