RU

Azərbaycandakı sərmayə mühiti ECO-nun 10 illik strategiyasında mühüm rol oynaya bilər...


Vüqar Bayramov: “Ölkəmiz Orta Dəhliz daxil olmaqla qlobal nəqliyyat layihələrinin həyata keçirilməsinə dəstək verir”

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi var:

“Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Görünən odur ki, Azərbaycanda mövcud olan əlverişli sərmayə mühiti ECO ölkələri üçün cəlbedici ola bilər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan investisiya mühitini daha da yaxşılaşdırmaqla, təbii ki, daha çox sərmayənin cəlb edilməsinə nail olacaq: “Digər tərəfdən Azərbaycan praktik olaraq beynəlxalq və regional layihələrin bölgədə əsas ölkələrindən birinə çevrilir. Təbii ki, Azərbaycan iqtisadiyyatına cəlb edilən sərmayələr, eyni zamanda ölkəmizin regionun enerji təhlükəsizliyində rolunun artması da bu konteksdən qiymətləndirilməlidir. Digər tərəfdən isə, Azərbaycan Orta Dəhliz daxil olmaqla qlobal nəqliyyat layihələrinin həyata keçirilməsinə dəstək verir. Bu, özünü region üzrə daşınan yüklərin həcminin artmasında da göstərir. Bir tərəfdən infrastrukturun inkişaf etməsi, digər tərəfdən elektron xidmətlərdən daha sıx istifadə, Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirir. Bütün bunlarla yanaşı, cənab Prezident tərəfindən də Azərbaycanda əsas hədəflərdən biri kimi qeyri-neft sektoruna daha çox investisiyanın cəlb edilməsi qeyd edilib. Ona görə də gedən proseslər ondan xəbər verir ki, investisiya mühitinin daha da yaxşılaşdırılması növbəti illərdə Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin qoyulmasına imkan yaradacaq. Artıq neçə illərdir ECO-da təmsil olunan bir sıra ölkələr Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələri artırır. Bir sıra “yaşıl enerji” sahələri buna əyani misaldır”.

Vidadi ORDAHALLI

Избранный
39
49
baki-xeber.com

10Источники