BAKI, 7 iyul. TELEQRAF
Litva, Latviya və Estoniya regional miqyasda ümumi müdafiə strategiyasının yaradılması istiqamətində mühüm addımlar atmağa qərar veriblər.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi üç ölkənin hərbi idarələrinin nümayəndələrinin Riqada keçirdiyi görüşün yekunlarına dair məlumat yayıb.
Məlumatda qeyd olunub ki, regional müdafiə konsepsiyasının hazırlanması üzrə məsləhətləşmələr aparılması qərara alınıb. Konsepsiyanın məqsədi səfərbərlik fəaliyyətlərinin planlaşdırılmasını əlaqələndirmək, NATO-nun müttəfiq bölmələrinin gəlməsi üçün uyğun şəraitin yaradılması və birgə səfərbərlik təlimlərinin keçirilməsi üçün konkret tədbirləri müəyyən etməkdir.
Bundan əlavə, Baltikyanı ölkələr daha geniş regional kontekstdə əməkdaşlığı nəzərdən keçirirlər.
Bu ilin may ayında Polşa ilə əhalinin təxliyəsi ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar. Saziş təxliyə edilən sakinlərin yerləşdirilməsi üçün sığınacaqların təşkilini, sərhəd-keçid məntəqələrini və evakuasiya marşrutlarını müəyyən edir.
Bu addımlar Baltikyanı ölkələrin regional təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlıq etməyə və NATO ilə əlaqələrini möhkəmləndirməyə hazır olduqlarını göstərir.