Almaniya bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan bütün imkanlara malikdir.
Operativ Media xəbər verir ki, bu fikri MAQATE-nin baş direktoru Rafael Qrossi Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.
“Almaniyanın nüvə silahı yaratması üçün çox az vaxt tələb oluna bilər. Bu, aylarla ölçülə bilər. Almanların bunun üçün zəruri nüvə materialı var, necə edəcəyini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar mövcuddur”, – deyə Qrossi jurnalistin müvafiq sualına cavabında bildirib. Eyni zamanda o, bunların yalnız “hipotetik fərziyyələr” olduğunu vurğulayıb.
MAQATE rəhbəri əlavə edib ki, NPT-yə (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) əməl olunması Avropa ölkələrinin maraqlarına uyğundur.
“Beynəlxalq münasibətlərdə heç bir dövlət, xüsusən də güclü dövlət altruist prinsiplərlə hərəkət etmir. O, öz maraqlarını əsas götürür. Avropa ölkələri belə qənaətə gəliblər ki, hər kəsin nüvə silahına sahib ola biləcəyi bir dünya fəlakətə səbəb ola bilər”, – deyə o izah edib.