RU

RUSİYA YENƏ ÖZ “TÖHFƏSİNİ” TƏKLİF EDİR Lakin bu, nə Bakıya, nə də İrəvana lazımdır

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Moskva İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır”.

Xəbər verdiyimiz kimi, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib.

Qaluzinin dediyinə görə, “sülhə doğru hərəkətin əsas istiqamətləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci və 2022-ci illər üzrə üçtərəfli sazişlərində öz əksini tapıb”: "Hesab edirik ki, bu istiqamətlərdə hərəkət etməliyik: sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin demarkasiyası ilə sərhədlərin delimitasiyası, Ermənistan və Azərbaycan parlamentləri ilə vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması. Və təbii ki, Rusiya tərəfi üçtərəfli sazişlərin iştirakçılarından biri kimi, bunların reallaşmasına öz töhfəsini verməyə hazırdır”.

Qaluzin bununla da Kremlin “üçtərəfli sazişləri diriltəmək” arzusunu ifadə etmiş olub. Lakin Əbu-Dabidə Azərbaycan və Ermənistan başçıları arasında keçirilən son görüş, eləcə də həmin görüşə qədər xeyli müddətdir davam edən proses, ikitərəfli əlaqələr və s. Bakı ilə İrəvanın Rusiyanın “üçtərəfli saziş qarmağı”ndan çoxdan azad olduğunu göstərdi. Göstərdi ki, “Rusiyanın qatarı gedib”. Nə Bakıya, nə də İrəvana Rusiyanın “töhfəsi” lazım deyil. Çünki bu “töhfə”nin nədən ibarət olduğu həm son 30 ildə, həm də ümumilikdə iki əsrdən çoxdur ki, Azərbaycana çox yaxşı bəllidir. Ermənistan isə bunu Qarabağdakı acı məğlubiyyətindən – “başı daşa dəyəndən” sonra deyəsən, anlamağa başlayıb.

Yeri gəlmişkən, cəmi bir neçə gün əvvəl elə həmin Rusiya XİN-in yüksək rütbəli digər rəsmisi bəyan etmişdi ki, Qərb Bakı ilə İrəvanı “çiy sülhə” məcbur edir. Yəni, Kreml açıq şəkildə ikitərəfli razılaşmanın, sülhün əleyhinə olduğunu nümayiş etdirmişdi. Bu gün isə Qaluzin “üçtərəfli sazişləri” xatırlatmaqla, əslində, eyni fikri bir qədər fərqli formada çatdırmış olub.

Bir neçə gün əvvəl Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutan, eləcə də qatı ermənipərəstliyinə baxmayaraq, ermənilərin belə çoxunun rədd etdiyi Rusiya Dumasının komitə sədrinin müavini Konstantin Zatulin Rusiyanın Bakı ilə İrəvan arasında münasuibətlərə necə “töhfə verdiyini” açıq şəkildə ifadə edib.

Zatulin etiraf edib ki, Moskva son illərə qədər tərəfləri məhz müharibə, qanlı münaqişə və “Qarabağ problemi” üzərindən nəzarətdə saxlaya bilib. Bu məsələ aradan qaldırılan kimi, Moskvanın regiondakı varlığı da yoxa çıxıb.

Zatulin deyib ki, məhz Qarabağ ermənilərdən təmizləndikdən sonra artıq Azərbaycan Rusiyanın reaksiyasını nəzərə almır: “Biz Qarabağ münaqişəsi həll olunana qədər lazım olduğumuz kimi, artıq Bakıya lazım deyilik… Bəziləri elə bilirdi ki, Qarabağ heç kimə lazım olmayan bir şeydir. Çox adam burada(Rusiyada) deyirdi ki, bu bizim məsələ deyil. Bu, ermənilərin məsələsidir. Ancaq bu kiçik kərpic Zaqafqaziyanın bütün binasından çıxarıldı və hər şey dağıldı. Biz Paşinyan dövründə Ermənistanı itiririk, amma əvəzində Azərbaycanı da qazanmırıq. Hamısı ona görədir ki, onlar piramidanın altından kiçik bir kərpic çıxarıblar…”

Zatulinin də etiraf etdiyi kimi, Kreml Qarabağ məsələsinin həlli ilə Cənubi Qafqazdakı əsas təsir rıçaqını itirib. İndi onun tərəfləri bir-birinə qarşı qaldırmaq, qan tökülməsinə nail olmaq, yenidən münaqişəni qızışdırmaq üçün imkanları olduqca zəifləyib. Ermənistanda müxtəlif yollarla çevrilişə nail olmaq cəhdləri, eləcə də Rusiyada azərbaycanlılara qarşı məlum repressiyalar isə imperiyanın regiondakı son çırpıntıları kimi görünür.

Hər iki tərəf – Bakı və İrəvan son görüşdən sonra məhz ikitərəfli danışıqlar və razılaşmalar formatına etimadını əks etdirən bəyanatlar səsləndirdi. Bununla da Rusiyanın “2020-ci il 10 noyabr üçtərəfli sazişi” başda olmaqla, Moskvanın tərəfləri öz nəzarətində saxlamağa yönələn bütün sazişlər tarixin zibilliyinə atılmış oldu.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azpolitika.info

1Источники