RU

Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...


Faiq Ələkbərli: “Fars molla rejimi türklərin dilinə, mədəniyyətinə qarşı nifrət nümayiş etdirməkdə davam edir”

İranda türk dilinə qarşı hörmətsizlik davam edir. Bu günlərdə İranın daha bir hökumət mollası Əhməd Müctəhid Tehrani qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Belə ki, Tehrani çıxışı zamanı türkcə barədə aşağılayıcı fikirlər səsləndirərək bildirib: “Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir. Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada ‘beş dənə yumurta ver’ deyirəm. Amma bir hədis var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə, dili türkcə olur”.

Sosial şəbəkələrdə və türkdilli icmalar arasında böyük rezonans doğuran bu açıqlama İran hakimiyyətindəki bəzi dairələrin türklərə mənfi yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilir.

Onu da bildirək ki, bu cür çıxışlar regionda yaşayan milyonlarla azərbaycanlı və digər türk icmaları tərəfindən təhqir kimi qəbul olunur və etirazla qarşılanır.

“Türk dilinin mahiyyəti əslində insanlıq, ədalət, humanizm, mənəviyyat, ucalıq deməkdir, bu səbəbdən də türk dili zalımlar üçün cəhənnəm dili kimi qəbul edilir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İran adlanan ölkənin fars molla rejiminin türklərin dilinə, mədəniyyətinə qarşı nifrət nümayiş etdirməsi birinci dəfə deyil, bu, mütəmadi olaraq müşahidə olunur: “Pəhləvilər dövründə çox ciddi şəkildə türk mədəniyyəti, türk dili aşağılanıb, təhqiq olunurdu. Ümid edilirdi ki, İslam dönəmində bu hallar tam şəkildə aradan qalxacaq. Ancaq farslar, iranlılar türk mədəniyyətini, əxlaqını, türk dilini qəbul etmək istəmir. Bunun da səbəbi neçə əsr bizim oranı idarə etməyimiz olub. İdarəetmə də olduqca ədalətli olub. Lakin bu ədalətli idarəetmə sistemində səfəvilər, qacarlar, əfşarlar, bayandurlar və digərlərində normadan artıq farslara önəm verildi, özümüzü az qiymətləndirdik. Ona görə də İranın hökumət mollası Əhməd Müctəhid Tehrani türk mədəniyyətinə, dilinə nifrət sərgiləməyə davam edir. Tehrani deyir ki, cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir. Türk dilicəhənnəmi ona görə onlara xatırladır ki, biz ədalətli olmuşuq, məzlumun yanında dayanmışıq, zülm edənlər cəzalanıb. Bu səbəbdən də onlar türk dilinə nifrət edir. Türk dünyası ədalətin, haqqın yanında olduğu üçün hər zaman qınanılıb, başına min-bir hadisə gəlib. Türk dilinin mahiyyəti əslində insanlıq, ədalət, humanizm, mənəviyyat, ucalıq deməkdir. Ona görə də türk dili zalımlar üçün cəhənnəm dili kimi qəbul edilir”.

Günel CƏLİLOVA

Избранный
16
baki-xeber.com

1Источники