RU

Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi....


BƏƏ-nin Əbu-Dabi şəhərində Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında görüş, onun nəticələri dünya miqyasında da xüsusi diqqət mərkəzində yer alır.

Xatırladaq ki, burada Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Məlumatlara əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib. Bunun ardınca Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantı ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər. Nazir müavini yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir. Qeyd edək ki, bundan öncə ABŞ-ın Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi ilə Bakı və İrəvana müraciət etdiyi haqda məlumat yayılmışdı.Proseslərin inkişaf axarı göstərir ki, əslində, Ermənistanın dəhlizin işə düşməsinə marağı artır. İranın müqaviməti isə sıradan çıxıb. İsrail və İran arasında 12 günlük müharibədən sonra rəsmi Tehranın da Zəngəzur dəhlizinə qarşı mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyini Ermənistanda yaxşı başa düşürlər. Bundan əlavə, dünyanın bir sıra siyasi, iqtisadi güc mərkəzləri də Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. Rəsmi İrəvanın bütün bunlara müqavimət göstərməsi mümkünsüzdür. Məhz belə bir vaxtda ABŞ prezidenti Donald Trampın administrasiyası Bakı və İrəvana Zəngəzur dəhlizi ilə bağlı təklif təqdim edib. Karnegi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən məlumatı təsdiqləyib.

Həmin mənbələrə görə, Amerikanın təklifi 2008-ci il müharibəsindən sonra Rusiya və Gürcüstan arasında nəqliyyat xətlərinin işə düşməsi üçün Avropa İttifaqının illər öncə təklif etdiyi versiyaya bənzəyir. Buna əsasən, tərəflər Abxaziya və Cənubi Osetiya bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə təhvil verməli idilər. Öz növbəsində həmin şirkət bütün maraqlı tərəflərə logistik məlumatları ötürməli idi. Avropa İttifaqı sonradan İrəvan və Bakıya bu presedentdən istifadə etməyi təklif edib. Lakin bu xüsusda müzakirələr Ermənistanın təxribatçı mövqeyi üzündən pozulub. İndi məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilir. Qeyd edək ki, əvvəlki ABŞ hökuməti də Zəngəzur dəhlizinə xüsusi maraq göstərib. Çünki məsələnin həm də geosiyasi tərəfləri var. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Ceyms O'Brayn vəzifədə olarkən Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı bir daha regionda kommunikasiyaların açılmasının vacibliyini gündəmə gətirmişdi. Onun dediklərindən məlum olurdu ki, ABŞ Zəngəzur dəhlizinin mümkün qədər tez işə düşməsini istəyir. Bunun üçün rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasının zəruriliyini də qəbul edirdi. Ceyms O'Brayn bunlarla bağlı bildirirdi: “Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”. Sülh sazişinin niyə vacib olmasına gəlincə, O'Brayn bunun səbəblərindən biri kimi Orta Asiya ölkələrinin resurslarının dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanını qeyd edib: “Hazırda həmin ölkələr bu mənada Rusiya və Çindən asılıdırlar. Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasını təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”. İndi Zəngəzur dəhlizinə eyni maraq Donald Trampın administrasiyası tərəfindən də nümayiş etdirilir. ABŞ-da nəzərə alınır ki, Rusiyadan keçən marşrutlara alternativ ola biləcək, Çini Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz xüsusilə Moskvanın Ukraynaya təcavüzündən sonra böyük əhəmiyyət kəsb edir. Bu marşrutun bir hissəsi məhz Zəngəzur dəhlizi ola bilər. Karnegi Fondunun məlumatına əsasən, rəsmi Bakı dəhlizlə bağlı müvafiq müzakirələrin aparılmasına etiraz etmir. Qurum bildirir ki, Bakının yanaşmasına əsasən, proses Azərbaycanı öz anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. Verilən açılamalar göstərir ki, Ermənistan da məsələyə etiraz etmir.

Tahir TAĞIYEV

Избранный
42
50
baki-xeber.com

10Источники