RU

Ərdoğan sabah Türkiyəni dəyişdirəcək prosesin detallarını açıqlayacaq

AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik mühüm bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən prezident Rəcəb Tayyib Ərdoğanın sabah (bu gün) səhər edəcəyi çıxışın əhəmiyyətinə diqqət çəkib.

Ömər Çelik bildirib:

“Cənab Prezidentimizin sabah səhərki çıxışında terrorsuz Türkiyə ilə bağlı bütün detallar izah ediləcək. Sabah səhər sizlərlə və bütün vətəndaşlarımızla birlikdə olmaq, cənab Prezidentimizin çıxışını dinləmək üçün hamınıza təşəkkür edirəm.”

AK Partiya sözçüsünün sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan sabahki çıxışında təkcə terrorla mübarizə deyil, bütövlükdə Türkiyənin gələcək təhlükəsizlik və sabitlik strategiyasını açıqlayacaq. Bu isə ölkədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Partiya mənbələrinin verdiyi məlumata görə, Ərdoğan terrordan tamamilə təmizlənmiş bir Türkiyə üçün atılacaq addımlar barədə detallı yol xəritəsini təqdim edəcək. Gözlənilir ki, çıxışda həm daxili, həm də regional təhlükəsizlik məsələləri, sərhəd zonalarında möhkəmləndirilmiş tədbirlər, eləcə də yeni sosial və iqtisadi layihələrə dair mühüm mesajlar veriləcək.

Siyasi müşahidəçilər Ərdoğanın bu çıxışını Türkiyəni dəyişdirəcək və artıq dərinləşmiş prosesin əsas mərhələsinin anonsu hesab edirlər. Xüsusilə PKK və digər separatçı terror şəbəkələrinin kökündən təmizlənməsi, bununla paralel demokratik institutların daha da möhkəmləndirilməsi istiqamətində konkret planların ictimaiyyətə təqdim olunacağı vurğulanır.

Ərdoğanın sabahkı nitqi yalnız Türkiyə daxilində deyil, regionda da böyük maraqla izlənəcək. Çünki terrorla mübarizə məsələsində atılacaq addımların qonşu ölkələrin təhlükəsizlik konfiqurasiyasına da təsir göstərməsi gözlənilir.

Musavat.com məsələni diqqətdə saxlayacaq və sabah səhər Prezident Ərdoğanın mühüm çıxışının əsas məqamlarını oxuculara çatdıracaq.

 

Musavat.com

Избранный
18
50
musavat.com

10Источники