RU

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycanla Ermənistan arasında vasitəçisiz görüş baş tutdu. Birləşmiş Ərəb Əmirliklərinin rolu isə sadəcə, görüş üçün əlverişli mühitin yaradılmasından ibarət oldu.

Elə ilk vaxtlardan üçüncü tərəf olmadan danışıqlara üstünlük verən Azərbaycanın mövqeyində haqlı olduğu bir daha göründü. Danışıqlar nəticəsində iki ölkə arasında müəyyən məsələlərdə razılığa gəlindi ki, bunu da sülh istiqamətində müsbət addım kimi dəyərləndirmək olar. 

Onu da qeyd edək ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın ədalətli şərtləri var. Ermənistan öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı, keçmiş Minsk qrupunun ləğvi tələbi ilə ATƏT-ə müraciət etməlidir. Yalnız bu iki şərt yerinə yetirildikdən sonra sülh sazişinin imzalanmasından danışmaq olar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli qəzetimizə açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan arasında keçirilən görüş sülh prosesində vacib və əhəmiyyətli idi. Görüşdə bir sıra mühüm məsələlər müzakirə olundu, eyni zamanda delimitasiya prosesinin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar verildi. İki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı vacib müzakirələr aparıldı.  

Ekspertin fikrincə, iki ölkə sülhə xeyli dərəcədə yaxınlaşır: "Son illərdə sülh prosesində müsbət dinamika müşahidə olunur. Artıq sülh layihəsi tərəflər arasında razılaşdırılıb. Digər vacib məsələlər üzrə də ümumi mövqe yaxınlığı var. Düşünürəm ki, bu görüş iki ölkə arasında davamlı sülhün əldə olunmasına təkan verdi. Daha vacib məqam odur ki, bu görüş üçüncü tərəf olmadan keçirildi. Azərbaycanın son illərdə nümayiş etdirdiyi mövqe vasitəçisiz danışıqların baş tutmasına imkan yaratdı. Əbu-Dabidə keçirilən görüş də ikitərəfli idi, sadəcə məkan olaraq Birləşmiş Ərəb Əmirlikləri seçilmişdi". 

Ekspert vasitəçisiz görüşlərin daha faydalı olduğunu düşünür. O bildirib ki, son illərin razılaşmaları da üçüncü tərəfin iştirak etmədiyi görüşlər nəticəsində əldə olunub. Bu, Azərbaycanın öz mövqeyində nə qədər haqlı olduğunu göstərir. Bölgənin davamlı sülhə ehtiyacı var. Əsas odur ki, Ermənistan hakimiyyəti artıq sülhdən başqa yolun region üçün ciddi təhdidlər yaratdığını anlasın. Bölgədə sülhə mane olan güc mərkəzləri var, ilk növbədə onların planlarını pozmaq üçün hər iki ölkə davamlı iş aparmalı və sülhə nail olmalıdır. 

Əsmər QABİLQIZI,

"Azərbaycan"

Избранный
24
31
azerbaijan-news.az

10Источники