Dünya şöhrətli səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonunun Mehdili kəndinə gəliblər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, səyyahlar kənd ərazisində mina təmizləmə əməliyyatı ilə tanış olurlar.
ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev qrup üzvlərinə məlumat verib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində yerləşən Mehdili/006/05 mina sahəsində 171 iş günüdür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 111 kvadratmetrdir. "Bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb. Ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilər səfər edib.