BAKI, TurkicWorld
Mood’s" reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlilik səviyyəsinin 2025-2026-cı illərdə sabit qalacağını proqnozlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə "Mood’s" reytinq agentliyi məlumat yayıb.
Agentliyə görə, SOCAR üçün makroiqtisadi mühit yaxşılaşıb, digər yandan hökümətin zərurət yarandıqda şirkətə dəstək göstərməsi üçün maliyyə potensialı güclənib ki, bu da şirkətin kredit reytinqi üçün müsbət faktor hesab olunur.
"Brent markalı neftin orta qiymətinin 2022-ci ildəki 101 ABŞ dolları səviyyəsindən 2023–2024-cü illərdə 81–83 dollara qədər enməsi fonunda SOCAR-ın maliyyə göstəriciləri əvvəlki rekord səviyyə ilə müqayisədə zəifləsə də, ümumilikdə dayanıqlı olaraq qalır. Moody's tərəfindən düzəliş edilmiş EBITDA marjası 2023-cü ildə 9,1%, 2024-cü ildə isə 10,1% təşkil edib. Müqayisə üçün, bu göstərici 2022-ci ildə 11,8%, 2021-ci ildə 8,7%, 2020-ci ildə isə 6,2% idi. SOCAR eyni zamanda sabit əməliyyat pul axını, orta səviyyəli kapital xərcləri və məhdud dividendlər sayəsində ardıcıl dördüncü ildir ki, müsbət azad pul axını (FCF) generasiya edir. Şirkətin gəlirliliyinin və pul axınıın 2025–2026-cı illərdə də sabit qalacağını gözləyirik", – deyə Moody’s-in bəyanatında bildirilir.
Şirkətin ümumi borc yükü (gross leverage) 2022-ci ildəki 1,5x göstəricisindən 2023-cü ildə 2,4x-ə, 2024-cü ildə isə 2,9x-ə yüksəlib. Lakin bu göstərici 2021-ci ildəki 3,4x və 2018–2020-cü illərdəki orta 5,2x səviyyəsindən aşağıdır. 2024-cü ildə borc yükünün artması, "Southern Gas Corridor" CJSC (SGC, Baa3 reytinq, müsbət proqnoz) şirkətinin konsolidasiyası ilə bağlıdır. Belə ki, həmin ilin maliyyə hesabatına SGC-nin bütün borcu və demək olar ki, bütün gəliri daxil edilib.
"2025-ci ildə neftin bir barelinin 67 ABŞ dolları, 2026-cı ildə isə 65 dollar olacağı proqnozu ilə ümumi borc yükünün növbəti 18 ay ərzində 3,0x-dən aşağı səviyyədə qalacağı gözlənilir. Azad pul axınının xalis borca nisbəti (RCF/net debt) də 2025–2026-cı illərdə təxminən 30% səviyyəsində sağlam göstəricisini qoruyub saxlayaca, hərçənd, əvvəlki illərlə müqayisədə bir qədər aşağı olacaq. Nəhayət, balans hesabatında borcun kapitala nisbəti tədricən yaxşılaşaraq 2026-cı ildə təxminən 25%-ə çatacaq. Bu göstərici 2022–2024-cü illərdə 35%, 2019–2021-ci illərdə isə 40%-dən çox olub", – reytinq agentliyi qeyd edib.