RU

75 yaşlı atlet, qaçan Nəbi və marafonçu Fidippidin davamçıları – Şahdağdakı yarışdan reportaj

İyul ayının ortası olmasına baxmayaraq, hələ də yamyaşıl olan dağların hündür zirvəsinin ətəyindəki yaylada yüzlərlə çadırı gendən görəndə dərhal bilirsən ki, bu, 32 il öncə ölkəmizin cənub rayonlarında salınmış çadır şəhərciyindən deyil.

Hamısı bir rəngdə (boz), bir boyda, bir sıra və cərgədə olan o çadırlar dərd-möhnət, iztirab-həsrət yuvasıydı, yaşıl dağların qoynundakı alabəzək çadırlar isə 5 il öncədən əsas dərdini kənara atmış ölkənin şən əyyamının, yeni dövranının göstəricisidir.

cad-3.jpeg

Bu rəngli çadırlarda gecələyənlər “Shahdag Running Fest” qaçış yarışına qatılmaq üçün Şahdağın qoynuna gəlmişdilər. Onların sayı 600 civarında idi. Bir yarısı yaxınlıqdakı otellərdə qalırdılar, amma açıq havada, çadırda məskunlaşanlar da çox idi. Axşama doğru soyuyan Şahdağın havası onları qorxutmurdu. Çoxunun lazımi avadanlığı vardı, həm də onlar idmançıydılar. Məsələn, günəş batandan sonra pencək, gödəkçə havası əmələ gələndə jurnalst dostlardan biri qaçış klubunun rəhbəri Ağaşərif Əliyevin əynindəki qolsuz və nazirk tişörtə işarə edərək, “üşümürsənmi” deyə soruşanda onun cavabı lakonik oldu: “Əsla”.

Onun kimi hər yaşdan olan digər atletlər də şortda və nazik köynəkdəydilər, qızlı-oğlanlı, qadınlı-kişili dövrələmə durub voleybol, futbol oynayırdılar. Rok qruplarının ifa etdiyi mahnıların sədaları altında yorulmadan rəqs edənlər də vardı. Yarışma iştirakçıları əyləncəni, istirahəti və idmanı bir-birilə çulğaşdırmışdılar və kənardan kerçəkdən də çox şən görünürdülər. Bir az aralıda qalanmış böyük tonqal və gənclərin onun ətrafına yığışması axşama romantik çalar da əlavə edirdi.

Yarışmaya qatılan atletlərin yaşı arasında interval böyük idi: 15-dən 75-ə qədər.

ağsaqqal-2.jpeg


9 kilometrə qaçış yarışında iştirak edən 75 yaşlı Zahir Rzayevlə ayaqüstü söhbət etdik. Ağsaqqal gənc yaşlarından özünə baxıb, idmanından qalmayıb, həmişə sağlam həyat tərzi keçirib. İndi də ömrünün səkkizinci onluğunun yarısını xırdalasa da, özündən 50 yaş kiçik atlerlərlə yarışa qatılıb. Zahir kişidən başqa yarışmada 68 və 70 yaşlı başqa iştirakçılar da vardı. Bu yaşda dağ-dərə yollarında 9 kilometr qaçmaq və bu məsafəni yarım saatın içində qət etmək heç kimə asan gəlməsin. Hələ 27 və 53 kilometr məsafəyə qaçmağa hazırlaşanlar da vardı.

İştirakçıların ən azı yarısı gənc qızlar, yetkin və ortayaşlı qadınlar idi. Onlar həvəskar atletlər adlandırılsalar da, fizionomiyalarından anlaşılırdı ki, idmana, qaçışa həvəsləri çoxdan başlayıb və ötəri olmayıb, əzələləri uzun illərin məşqləri sayəsində bərkiyib və yay kimi tarımdır.

67a4f71f-1821-4df3-8d09-edfae5ab31b2.jpeg

Qadın iştirakçılara baxanda bir məqam da diqqətə çarpır. Bu, atletlərin ən azı yarısının slavyan mənşəli xanımlardan ibarət olmasıdır. Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyir ki, hələlik gənc qızları müvafiq idman sahələrinə yönəltməklə bağlı çətinlikləri var. “Xüsusilə də əyalətlərdə mühafizəkar atalar qızlarını idmana yaxın buraxmaq istəmirlər. Paytaxtda isə durum fərqlidir. Burada qızların qış idman növlərinə, bu kimi yarışmalara həvəsi var. Ancaq bir var, qızlar, eləcə də oğlanlar qış idman növləri ilə öz yaşadıqları dağlıq rayonda məşğul olalar, bir də var, paytaxtdan 3-4 saatlıq yolu qət edərək sırf qarlı günlərdə məşq etmək üçün Qusara, Qəbələyə gedələr”, - Günel Bədəlova deyir.

bedel-1.jpeg

Yeri gəlmişkən, onun rəhbərlik etdiyi federasiyada çalışan atletlər 9, 27 və 53 kilometrlik marafonlarda fərqləndilər, qaliblər cərgəsində oldular.

Bu yarışma Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi , “Şahdağ” turizm mərkəzinin və Race.az-ın təşkilatçılığı ilə keçirilirdi.

Yarışa Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna, Birləşmiş Krallıq və Avstriya kimi ölkələrdən də atletlər qatılmışdılar.

maraf-3.jpeg

Yarış başlayanda start xəttində qaçışa başlayan yüzlərlə atlet bir göz qırpımında yaşıl dərələrin arasında görünməz oldular. Amma vaxt başında onların hamısı heç də toplu şəkildə finişə gəlmədi. Daha güclülər, artıq həvəskarlıqdan peşəkarlığa doğru inkişaf yolu keçən atletlər finişə birinci gəldilər. 9 km məsafəni qadınlar arasında hamıdan birinci Arzu Məmmədbəyova, Yelena ⁠Şetinina, Alyona ⁠Mayorova qət etdilər.

maraf-1.jpeg

Eyni məsafədə yarışda kişilərdən Musa Mikayilzadə, Nəcməddin ⁠Zalıyev, Nəbiulla ⁠Qalabağıyev müvafiq olaraq 1-ci, 2-ci, 3-cü gəldilər.

Bu isti havada 27 km məsafəni dayanmadan, bir nəfəsə qaçan qadınların əzminə, dözümünə, fiziki hazırlıqlarına heyrətlənməmək mümkün deyil. Bu yarışda Nəzrin Qəribova (1-ci yer), Anna Yusupova (2-ci yer) və Nisti Simone (3-cü yer) qalib oldular.

27 km məsafəyə qaçan kişilərin arasında Faqət Quliyev, Nəsrulla Qalabağıyev və Rauf Xeyirov fərqləndilər. Maraqlıdır ki, 9 kim məsafəyə qaçışda üçüncü olan Nəbiulla ilə 27 km məsafəni geridə qoyub ikinci olan Nəsrulla qardaşdırlar. Ayrıca Nəbiulla bu məsafəyə qaçışda dünya altıncısıdır. Gələcəkdə o, yəqin ki, ölkəmizə olimpiya medalı gətirəcək. Nəbi hələ çox gəncdir, uğurları irəlidədir. Belə perspektivli idmançıların qədri bilinməlidir. Yoxsa başqa ölkələrin federasiyaları onları öz milli komandalarına cəlb edə bilər, o zaman qaçan Nəbi "qaçaq Nəbi" olandan sonra bizə təəssüf etmək qalar.

qalibler.jpeg

                                               9 kim qaçışdan 1 dəqiqə sonra

53 km məsafəyə yüyürən idmançılar, təbii ki, finiş xəttinə daha gec gəldilər. Qədim Yunanıstanda Marafon döyüşündən sonra Fidippid bu qədər məsafəni qət edərək, Marafon düzündən Afinaya tək qaçmışdısa, onun davamçılar tək deyildilər, çox idilər. Bu məsafəni uğurla və hamıdan tez başa vuran Natalya Vallek, Leyla ⁠Abdinova və Emiliya ⁠Həsənova (hər üçü Azərbaycan vətəndaşıdır) oldu. Daha üç vətəndaşımız isə kişilərin yarışmasında qalib gəldilər. Bunlar Ağa Əliyev, Elmir Əsgərov və Rasim Rzayevdir.

Sonda qaliblər təşkilatçılar tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olundular.

cadır-2.jpeg

Bu cür yarışmaların əhəmiyyəti təkcə gənc nəsillərə sağlam həyat tərzini, asudə vaxtı daha səmərəli və əyləncəli təşkil etməyi aşılamaqda deyil. Bu, eyni zamanda müəyyən mənada siyasi anlam daşıyır. Məqsəd türkdilli dövlətlərin idman ictimaiyyətini, atletlərini yaxınlaşdırmaq, qardaş ölkələrin ünsiyyətini artırmaq, anlaşmasını təmin etmək yolunda çalışmaqdır. Bu cür yarışlarda çoxşaxəli dostluqların, bəlkə də qohumluqların əsası qoyulur.

P.S. 75 yaşlı Zahir əmi finiş xəttini orta keçənlər arasında oldu. Zatən, onun məqsədi 1-ci gəlib qalib olmaq deyildi, bu yaşda sağlam və atletik vücuda sahib olmağın mümkünlüyünü özündən 25-30 yaş kiçik olan, ancaq “ta yaş o yaş deyil, qocalmışam” deyənlərə göstərmək idi. Bu baxımdan yarışmanın əsl qalibi məhz o ağsaqqaldır.

Araz Altaylı, Musavat.com

Избранный
89
musavat.com

1Источники