Fransa, onun dənizaşırı ərazisi olan Yeni Kaledoniya ilə on günlük danışıqların nəticəsində mühüm razılaşmaya imza atıb. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Razılaşmaya əsasən, Yeni Kaledoniya Fransaya bağlı qalacaq, lakin “yeni bir dövlət statusu” qazanacaq. Fransa Respublikasının tərkibində “Yeni Kaledoniya Dövləti”nin yaradılmasını nəzərdə tutan razılaşmaya əsasən, Fransa adanı ayrıca bir “dövlət” kimi tanıyacaq. Prezident Emmanuel Makronun təşəbbüsü ilə keçirilən danışıqlarda tərəflər, yeni yaradılacaq dövlətin Fransa Konstitusiyasına daxil edilməsi və sakinlərinə Fransız vətəndaşlığı ilə yanaşı, xüsusi Kaledoniya vətəndaşlığı verilməsi barədə razılığa gəliblər. Razılaşma bu il Fransa parlamentinə təqdim ediləcək, 2026-cı ildə isə Yeni Kaledoniyada referendum yolu ilə xalqın təsdiqinə çıxarılacaq. Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) bu tarixi razılaşmanı “etimad seçimi” adlandırıb. Uzun illərdir Fransanın idarəçiliyində olan adada yerli əhali müstəqillik uğrunda mübarizə aparırdı. 2024-cü ildə Fransa hökumətinin yerli seçkilərdə seçici sayını artırmaq planına etiraz edən müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları nəticəsində baş verən qarşıdurmalarda 14 nəfər həlak olmuşdu.