RU

Komitə sədri: Sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər var

"Dövlətin mediaya davamlı dəstəyi nəticə etibarilə informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. İnformasiya təhlükəsizliyi isə kifayət qədər geniş, olduqca mürəkkəb struktura malik, özündə çoxsaylı çağırışları ehtiva edən xüsusi bir sahədir. Onun vacib komponentlərindən biri də cəmiyyətdə dini-ideoloji zəmində qütbləşmə yaratmaq cəhdlərinə qarşı bürokratik tədbirlərin görülməsi və ictimai müqavimətin formalaşdırılmasıdır".

Teleqraf xəbər verir ki, bunu Dini Komitənin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda Şamaxıda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz tarixi, dini və mədəni köklərinə bağlı, eyni zamanda dünyəvi dövlət modelinə sadiq ölkədir: "Bu gün respublikamızda dini durum sabit və sağlamdır. Bizim ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşdirilən dövlət-din münasibətləri modelinin əsasını təşkil edir.

Azərbaycanda bir-birinin qonşuluğunda yerləşən məscidlər, kilsələr və sinaqoqlar birgəyaşayışın, qarşılıqlı hörmətin və multikultural dəyərlərimizin nümunələridir. Tolerantlıq Azərbaycanın milli sərvəti, xalqımızın mədəni yaddaşının bir hissəsidir. Media bu dəyərli sərvətin qorunması, dinin siyasiləşdirilməsinin, müxtəlif dairələr tərəfindən fərqli məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasında mühüm rol oynayır. Çünki müasir medianın işi yalnız informasiyanı çatdırmaqla bitmir. İndi o, həm də vətəndaş məsuliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib rol oynayır. Təəssüflə qeyd etməliyik ki, bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur. Rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır. Məqsəd təkcə dövlətimizə, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır".

Komitə sədri vurğulayıb ki, dinin təşviq etdiyi ideyalar insanların mənəvi kamilliyinə, ictimai münasibətlərdə sosial-əxlaqi prinsiplərin düzgün qavranılmasına xidmət etsə də, bəzən ayrı-ayrı qrupların, dövlətlərin əlində ideoloji silaha çevrilərək, müəyyən cəmiyyətlərdə parçalanma yaratmaq üçün istifadə edilir: "Belə məqamlarda medianın ictimai və dövlət mənafelərini qorumağı hədəfləyən fəaliyyəti cəmiyyətdə dini harmoniyanı, həmrəyliyi, konsensusu təmin etməyə mühüm töhfə verir. Məlumatlandırmaq, maarifçilik, ictimai rəyə təsir kimi funksiyaları yerinə yetirən medianın ən böyük missiyası mənəvi-əxlaqi dəyərlər sisteminin formalaşmasında iştirak etməsidir. Din media vasitəsilə yalnız ibadət və mərasimlər kontekstində deyil, həm də sosial və mənəvi dəyərlər sistemi kimi təqdim edilir. Məhz buna görə də dinin ruhani gücü və medianın informasiya təsiri arasında gözlə görünməyən, lakin çox sıx və möhkəm bağ mövcuddur.

Media və din ayrı-ayrılıqda cəmiyyətin mənəvi inkişafında və ictimai əxlaq normalarının formalaşmasında vacib rol oynayır. Amma birlikdə olduqda bu təsir daha da güclənir və ictimai fikrə, mənəvi dəyərlərə, sosial münasibətlərə, cəmiyyətin ümumi inkişafına istiqamət verən amilə çevrilir. Bu mənada məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan mətbuatında dini mövzulara münasibətdə emosional yanaşma deyil, elmi, hüquqi və ictimai məsuliyyətə əsaslanan obyektivlik əsas meyar kimi çıxış edir".

Избранный
74
12
teleqraf.com

10Источники