13–21 sentyabr tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək idman güləşi üzrə dünya çempionatı ərəfəsində Birləşmiş Dünya Güləşi Təşkilatı (UWW) yunan-Roma güləşi üzrə rəmzi komandanı müəyyənləşdirib.
Operativ Media-nın məlumatına görə, təşkilat bu məqsədlə öz rəsmi sosial şəbəkə hesablarında səsvermə təşkil edib və onun nəticələrinə əsasən, Azərbaycanın iki güləşçisi qalib seçilib. Dünya çempionu və ikiqat Avropa çempionu Nihat Məmmədli (60 kq) ilə Avropa çempionu Qurban Qurbanov (82 kq) səsvermədə birinci yeri tutublar.
Qeyd edək ki, hər çəki dərəcəsində 4 namizəd qalib olmaq uğrunda mübarizə aparırdı. Namizədlər arasında 4 qat dünya və 2 qat Avropa çempionu Eldəniz Əzizli (55 kq), Avropa çempionu Murad Məmmədov (63 kq), 3 qat Avropa çempionu və Olimpiya mükafatçısı Həsrət Cəfərov (67 kq), həmçinin dünya və Avropa çempionu Ülvi Qənizadə (72 kq) də yer alıb.