RU

Alman əsilli rəssam Zinaida Mirzəzadə: Qoy bütün dünya bilsin ki, Azərbaycanda bütün sahələrdə inkişaf var

Azərbaycanın zəngin mədəniyyət məkanında özünəməxsus yaradıcılığı və sənət fəlsəfəsi ilə seçilən sənətkarlardan biri də Zinaida Mirzəzadədir. O, həm tətbiqi sənətin müxtəlif sahələrində uğurlar qazanmış, həm də elmi fəaliyyətini sənətlə birləşdirərək nümunəvi bir yaradıcılıq yolu formalaşdırır.

Zinaida Mirzəzadə Bakı Dövlət Rəssamlıq Akademiyasının məzunudur və oranı fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin ali məktəbdə saathesabı müəllim kimi çalışır.

Bu gün o, Azərbaycan tətbiqi sənətinin ən maraqlı simalarından biri olaraq həm tələbələrinə örnək olur, həm də sərgilərdə öz əsərləri ilə tamaşaçıları düşündürməyi bacarır. Z.Mirzəzadənin yaradıcılığı milli sənət irsinin müasir ruhda yaşadılmasının gözəl nümunəsidir. Beləliklə, müsahibəmizi oxucularımıza təqdim edirik.

  - Sizi rəssamlığa gətirən ilk təkan nə oldu?

 - Ailədə dörd övlad olmuşuq, 6 yaşım olanda atam xərçəng xəstəliyindən dünyasını dəyişdi,  anam  bizi tək  böyüdüb.  1993-cü ildə məktəb yaşlarda olanda anamın dəstəyi ilə  qərara gəldim ki, Peşə Qızlar Liseyində moda sahəsi üzrə  təhsil alım. 3 il təhsil alandan sonra İradə Qurbanova ilə Avrasiya moda evində işləməyə başladım. Rəhmətlik anam mənə məsləhət gördü ki, ADRA da təhsilimi davam etdirim.   Beləliklə, 2005-ci ildə Rəssamlıq Akademiyasına Sənətşünaslıq fakültəsinə qəbul olundum, eyni zamanda,  paralel olaraq ekspert menecer kimi işlədim. Sonra magistratura təhsili aldım. Qeyd edim ki, həm bakalavr, həm magistr təhsilimi qırmızı diplomla başa  vurmuşam.

 - Bildiyim qədər o vaxtlar Azərbaycan dilini yaxşı bilmirdinioz. Çətin olmadı sizin üçün?

  - Həmin ərəfələrdə Akademiydan mənə iş təklifi gəldi, qeyd etdiyiniz kimi  Azərbaycan dilini yüksək səviyyədə  bilmirdim. Lakin işə başlamaq üçün dil öyrənmək şərt idi. Anamın dəstəyi ilə qərara gəldim ki, Azərbaycanda dövlət dilini yüksək səviyyədə bilməliyəm.  Öz üzərimdə çalışdım, xeyli kitablar oxudum, insanlarla ünsiyyətdə oldum və nəticə gözlədiyimdən də yaxşı alındı. Sonradan doktoranturaya qəbul oldum.

 - Hazırkı zirvəyə çatmağınızda kimlərin dəstəyini aldınız?

 - Bilirsiniz, mən öz üzərimdə dayanmadan çalışmışam. Akademiyada oxuduğum və işlədiyim  vaxtlarda  fəaliyyətimə verən dəyərə görə qəzetiniz vasitəsi ilə Ömər Eldarova və Natiq Əliyevə dərin təşəkkürümü bildirirəm. Onlar mənim zəhmətimi yüksək səviyyədə dəyərləndiriblər, bu mənə daha da  çox motivasiya verir. Qeyd edim ki, hazırda akademiyada saat hesabı müəllim kimi çalışıram.

 - Ananız alman olub?

 - Bəli, anamın anası rus, atası isə  alman olub. Lakin ata tərəfdən nənə rus və babası isə azərbaycanlı olub.  Qeyd edim ki bu vaxta kimi qazandığım bütün uğurlarımı anama həsr eləmişəm. Çünki mənim bu zirvəyə çatmağım üçün anam əlindən gələn hər şeyi etdi. Onu da bildirim ki, bir neçə millətin qan qarışığı olsa da, özümü azərbaycanlı kimi hiss edirəm. Mənim Vətənim Azərbaycandır.

  - Ən çox hansı texnikada işləməyi xoşlayırsınız?

  - Daha çox müxtəlif qarışıq texnikalarla işləyirəm, məsələn dekorativ tətbiqi sənət üzərində işləməyi çox sevirəm. Hansısa  bir əsəri çəkəndə müxtəlif rəssamlara müraciət edirəm. Düşünürəm ki, hər bir rəssam özünü müxtəlif texnikalarda yoxlamalıdır. Uğursuz alınsa belə, bu onlar üçün böyük təcrübə olacaq.

 - Məsələn kimlərin adlarını çəkə bilərsiniz?

 - Salvador Dali, Vinsent Van Qoqh,  Manet və s, milli rəssamlardan Əzim Əzimzadə, Bəhruz Kəngərli, Səttar Bəhlulzadə və s.

   - Gənc rəssamlardan  ad çəkmək istəmirsiniz?

  - Kifayət qədər istedadlı gənc rəssamlarımız  var, etiraf edim ki, ad çəkməkdə çətinlik çəkirəm. Çünki birini desəm, o birisi qalacaq. Onların işləri biri birindən gözəldir. Qeyd edərdim ki, ümumiyyətlə, Azərbaycanda yaradıcı insanlar çoxdur.

 - Rəssam kimi fəaliyyət göstərmək qadın olaraq sizin üçün hansısa çətinliklər yaratdı?

  - Mənim üçün xeyr.

 - Əsərlərinizdən hansı sizin daxili dünyanızı ən yaxşı əks etdirir?

 - “Van Qoqh” əsərimi çox xoşlayıram. Eyni  zamanda, “Günəbaxan” əsərimin adını çəkə  bilərəm.  Rəsm çəkməzdən öncə  bir çox rəssamların əl işlərini araşdırıram, kimdənsə rəngkarlıq, kimdənsə qrafika götürürəm. Onlardan ilhamlanıram. Bir rəssam öz dəst-xəttini tapmaq istəyirsə, digər rəssamların həyat tərzi, tarixi, üslubunu öyrənməlidir. Bəzən  buna plagiatlıq kimi də baxırlar. Lakin öz dəst-xəttini tapmaq müəyyən vaxt tələb edir. Öz yerini tutana   kimi digər rəssamların işlərindən mütləq yararlanmaq lazımdır.

  - Beynəlxalq sərgi və müsabiqələrdə iştirakınız və qazandığınız uğurlar barədə nə deyə bilərsiniz?

 - İspaniyada Salvador Dali Beynəlxalq  müsabiqəsində, Almaniyada, İtaliyada müxtəlif müsabiqələrdə iştrak eləmişəm. Fransa, London və  Almaniyadan rektorumuz adına təşşəkürnamə gəlmişdi. Mükafat  hər bir yaradıcı adam üçün  bir motivasiyadır. Orada qalib olanda təkcə özümü yox, eyni zamanda, Azərbaycanı tanıtmış oluram. Vətənimi xarici ölkələrdə təmsil etmək, uğurla ölkəmə qayıtmaq mənim üçün böyük fəxrdir. Qardaşım Qarabağ müharibəsində qazi olub. O, könüllü gedib Vətən üçün canını necə veribsə, mən də öz sahəmlə ölkəmi ucaltmaq istəyirəm. Qoy bütün dünya bilsin ki, Azərbaycanda bütün sahələrdə inkişaf var.

  - Abstrakt və ya realist üslub arasında sizə daha yaxın olan hansı üslubdur və niyə?

 - Bilirsiniz, realistlik üslubu çox gözəl üslubdur, lakin realist şəkil çəkmək üçün kifayət qədər təcrübə lazımdır.  Bəzən realist üslubda çəkirəm, lakin buna zaman lazım olduğunu hiss edirəm. Nə qədər əsər gözəl alınsa da, sanki orada bir çatışmazlıq görürəm.  Buna görə də daha çox abstrakt çəkməyə üstünlük verirəm. Şəkilə psixoloji olaraq yanaşmağı sevirəm.

  - Qeyd etdiniz ki, Azərbaycan dilini universitet dönəmlərində öyrənməyə başladınız. Çətin olmadı?

 - İlk növbədə nağıllardan başladım.  Məsələn, “Tık-tık xanım”, “Tülkü həccə gedir”, “Düyməcik”, və s. Sonra yavaş - yavaş milli filmlərə baxmağa başladım. Milli filmlərdən “Məşədi İbad”, “Qaynana”, “O, olmasın, bu, olsun” və s.. Bu filmlərə baxmaq və bədii  kitablar oxumaq mənim üçün olduqca vacib idi.

  - Şəxsi sərginiz olub?

  - Xeyr, lakin  hazırlaşmaq istəyirəm. Pandemiya dövründə  onlayn şəxsi sərgim oldu. Eyni zamanda, bir çox sərgilərə öz əsərlərimlə qatılıram. Yeri gəlmişkən, sentyabr ayında İtaliyaya, oktyabrda Vyanaya dəvət almışam. Oralarda  baş tutacaq beynəlxalq sərgilərdə  ölkəmizi təmsil edəcəm.

 - Maraqlıdır, sizdən başqa yerli rəssamlardan kimlərsə iştirak edir o sərgilərdə?

 - Bəli, onlardan Sakit Məmmədov, Tahir Məmmədov və s rəssamların adlarını çəkə bilərəm.

- Bəs, dünya ölkələrinə çıxışı necə əldə etdiniz?

  - Xarici ölkələrdə keçirilən sərgilərlə bağlı araşdırmalar edirdim. Eyni zamanda, İtaliyada bir dostumuz var onun vasitəsilə orada keçirilən müsabiqələr barədə ətraflı məlumat aldım. Lakin  iştirak etmək üçün müsabiqələrdə yer tutmalıydım. Qeyd edim ki, üç il  müxtəlif cəhdlər etsəm də həmin müsabiqələrdə iştirak edə və sərgilərdə qalib ola  bilmədim.

 - Ruhdan düşməmisiniz...

 - Həyatda o qədər itkilər olur, lakin bunu itki kimi yox, təcrübə kimi qəbul edirəm. Səbr edib dəfələrlə cəhdlər etdim. Gördüyünüz kimi istədiyimə nail oldum. Səbrlə yanaşanda hər zaman qalib gəlirsən.

  - Sinənizdə maraqlı orden  görürəm..

 - Bunu  Almaniyada “City Star” müsabiqəsində qazanmışam. Həmin müsabiqədə müxtəlif nominasiyalar var idi, mən dekorativ sənət və qrafika tətbiqi nominasiyasına layiq görüldüm. Otto Fon Bismarkın strategiyası üzərində işlədim.  Onun strategiyası, siyasəti məni çox maraqlandırırdı. İlk olaraq sənətşünas kimi yanaşıb, geniş şəkildə araşdırdım.

  - Çətin olmadı?

- Müsabiqədə iştirak etmək elə də asan deyil. Əsas məsələ alman dilini yüksək səviyyədə bilməkdir. Goethe Universitetində təhsil almışam və Alman dilini yaxşı bilirəm deyə müsabiqədə iştirak etmək çətin olmadı. İlk öncə həmin şəxsiyyət haqqında məqalə yazmalı, sonra əsər üzərində işləməli idik. Mənim anamın atası almandır. Anam 2021 - ci ildə dünyasını dəyişdi. Almaniyaya gedib qohumlarını görmək onun ən böyük arzusu idi. Lakin xəstəlik  buna aman vermədi. Gec də olsa, anamın arzusunu yerinə yetirdim, onun vətənində birinci dərəcəli döş nişanını qazandım. Ən çox da anama görə Almaniyada  birinci yer tutmaq istəyirdim.

Söhbətləşdi: Havar Şəfiyeva

Избранный
103
20
yeniazerbaycan.com

10Источники