Bakıda 89 yaşlı atasına qarşı zorakılıq göstərərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb və təqsirləndirilən şəxsə son söz demək imkanı verilib. Emin Rəhimov ittiham üzrə özünü təqsirli bilmədiyini bəyan edib: “İttihamlar əsassızdır. Mən atama qarşı zorakılıq törətməmişəm.
Ortada bunu sübut edən hər hansı dəlil yoxdur. Mən nə narkotik vasitə istifadə etmişəm, nə də spirtli içki qəbul etmişəm. Ancaq mən 4 divar arasında qalmışam”.
Qısa müşavirədən sonra hökm elan olunub. Qərara əsasən, Emin Rəhimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin martın 19-da baş verib. İstintaq materiallarına görə, 1969-cu il təvəllüdlü Emin Rəhimov həmin gün birgə yaşadıqları mənzildə atası, 89 yaşlı İsmayıl Rəhimova baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri endirib. Nəticədə ağır xəsarət alan İsmayıl Rəhimov sonradan xəstəxanada vəfat edib.
Atasının ölümündən sonra istintaqa cəlb olunan Emin Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.