Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri Ceyms Kominin qızı olan prokurorun işdən çıxarılma səbəbi açıqlanmayıb…
Poliqon xəbər verir ki, ABŞ federal prokuroru Moren Komi 17 iyul tarixində vəzifəsindən azad olunub. Bu barədə The Washington Post qəzeti məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Moren Komi məşhur maliyyəçi Cefri Epşteynin işi üzrə və həmçinin reper Şon Kombs (P.Diddy) ilə bağlı cinayət proseslərində ittiham tərəfini təmsil edib.
Qeyd olunur ki, onun vəzifədən azad olunmasına dair bildirişdə konkret səbəb göstərilməyib. Sənəddə yalnız ABŞ prezidentinin səlahiyyətlərinə istinad olunub. Rəsmi bildirişi ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Frənsi Heyks imzalayıb.
Hazırda Moren Kominin işdən çıxarılmasının Epşteyn işi ilə, yoxsa atası – FTB-nin keçmiş direktoru Ceyms Kominin prezident Donald Trampla olan münasibətləri ilə əlaqəli olub-olmadığı məlum deyil. The Washington Postun məlumatına əsasən, keçən həftə ABŞ Ədliyyə Nazirliyi Ceyms Komiyə qarşı da cinayət təqibinə başlayıb.
Xatırladaq ki, Ceyms Komi Trampın birinci prezidentliyi dövründə, 2017-ci ilin mayında vəzifədən azad olunmuşdu. O, həmin vaxt istefasının səbəblərini ictimaiyyətə açıqlamaqdan imtina etmişdi.
Poliqon.info