RU

"Kremlin hərbi büdcəsinə yeni sarsıdıcı zərbə vurulacaq" - Kaya Kallas

"Avropa İttifaqı Rusiyaya qarşı indiyə qədərki ən sərt 18-ci sanksiyalar paketini təsdiqləyib..."

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib. Bu dəfə Brüssel əvvəlkilərdən daha sərt addımlar atıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.

Kaya Kallas bunu "indiyə qədərki ən güclü paketlərdən biri" adlandırıb. "Qara siyahıya" Rusiyanın "kölgə donanması"na məxsus daha 105 gəmi əlavə edilib, Rusiya neftinə tətbiq olunan qiymət tavanı daha da aşağı salınıb və bank sektoru da hədəfə alınıb. 

Onun sözlərinə görə, məqsəd Kremlə daxil olan maliyyə axınlarını azaltmaq və Rusiyanın hərbi sənayesini boğmaqdır. Yeni sanksiyalar çərçivəsində Rusiyanın neft ixracatına tətbiq olunan qiymət tavanı təxminən 46 dollar/barel səviyyəsinə endirilib. Bu isə Moskvanın neftdən gələn gəlirlərini minimuma endirmək üçün planlaşdırılmış koordinasiyalı beynəlxalq tədbirlərin bir hissəsidir.

"Kölgə donanmasına" qarşı konkret tədbirlər

Rusiya neftini sanksiyalardan yayındırmaq üçün "kölgə donanması"ndan istifadə edir. Bu donanmaya məxsus gəmilər adətən bayraqları tez-tez dəyişdirir, siqnalları gizlədir və Rusiya neftini üçüncü ölkələr vasitəsilə Qərbə çatdırır. Yeni sanksiyalar həmin gəmiləri, onların kapitanlarını və bu əməliyyatlara dəstək verən şirkətləri hədəfə alır.

Ukrayna prezidenti Vladimir Zelenski də bu qərarı alqışlayaraq bildirib ki, 18-ci paket yalnız tankerlərə deyil, həm də bu qanlı iqtisadi mexanizmin arxasında duranlara yönəlib. "Rusiyanın neftlə maliyyələşən qətllərini dayandırmaq üçün bu təzyiqləri davam etdirməliyik", - o, vurğulayıb.

Rusiya bankları və "Şimal axını" hədəfdə

Yeni sanksiyalar həmçinin Rusiyanın bəzi banklarının maliyyə bazarlarına çıxışını məhdudlaşdıracaq. Hələlik konkret hansı banklardan söhbət getdiyi açıqlanmasa da, bu addım Moskvaya investisiya və kredit imkanlarını ciddi şəkildə daraldacaq.

Bundan başqa, Avropa İttifaqı artıq istifadədə olmayan, lakin rəmzi və siyasi baxımdan önəmli olan "Şimal Axını" qaz boru kəmərinə dair bütün tranzaksiya və əlaqələri də qadağan edib. Zelenski bu qərarı alqışlayaraq bildirib ki, bu boru kəmərləri bir vaxtlar Putinin genişmiqyaslı işğala hazırlığının bir parçası idi və indi onların tamamilə bloklanması vacibdir.

Çin banklarına xəbərdarlıq

Maraq doğuran məqamlardan biri də odur ki, Avropa İttifaqı bu dəfə ilk dəfə olaraq Çin banklarını da sanksiyalarla hədələyir. Kaya Kallas qeyd edib ki, əgər Çin bankları Rusiyanın sanksiyalardan yayınmasına yardım göstərməyə davam edərsə, onlar da Avropa İttifaqının məhdudlaşdırıcı tədbirləri ilə üzləşə bilər. Bu, Avropa İttifaqının Ukrayna müharibəsində yalnız Rusiya ilə deyil, dolayısı ilə onun partnyorları ilə də hesablaşdığını göstərir.

Arxa planda diplomatik çəkişmələr

Sanksiyaların qəbul prosesi hər zaman olduğu kimi asan olmayıb. Slovakiya, Yunanıstan, Kipr və Malta kimi ölkələr paketə etiraz edərək müxtəlif güzəştlər tələb edib. Slovakiya hökuməti Rusiya enerjisinə dair yeni məhdudiyyətlərə görə hüquqi risklərdən narahatlığını ifadə edib Ancaq sonda razılıq əldə olunub və blok daxilində yekdillik təmin edilib.

18-ci sanksiyalar paketi təkcə bir siyahı və ya qərarlar toplusu deyil. Bu, Qərbin Ukraynaya dəstəyində və Rusiyanın hərbi maşınının dayandırılmasında siyasi iradəsinin göstəricisidir. Neft, banklar, Çin və "kölgə donanması" - bunların hamısı Rusiyanın iqtisadi dayanıqlığını zədələməyə yönəlib. Qərb artıq daha sərt və daha hədəfli bir yol seçib. Və görünür bu yol hələ son deyil.

Избранный
10
50
moderator.az

10Источники